• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 23 illiyin zirvəsindən baxanda

23 illiyin zirvəsindən baxanda

Yazar Ismayilli
//
02 dekabr 2015
//
//
Oxunub 1651
//
Ümummilli liderimiz, xilaskarımız, milli taleyimizin məsuliyyətini şərəflə daşımış Heydər Əliyevin dühasından yaranan partiyanın 23 illiyini qeyd etdik. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə möhtərəm Prezidentimiz İlham Əliyevin milli dayaqlara, xalq maraqlarına əsaslanan siyasətinin uğurlarından, ölkəmizin, bölgəmizin bu günündən sevinərək iştirak etdik.
23 illiyin zirvəsindən baxanda
23 ilin zirvəsindən çevrilib 1990-cı illərin əvvəllərinə baxanda Azərbaycanımızı tənha, kimsəsiz, böyüksüz, ağsaqqalsız, ölkəmizi xaosda, dağılmaqda, dərəbəylikdə,idarəolunmazlıqda, torpaq itkilərinə məruz qalmaqda, müdafiəsiz durumda görürük. Bihudə qanlar tökülür, soydaşlarımız qaçqın-köçkün həyatı yaşamağa düçar olur, beynəlxalq təşkilatlar da ikili standartlarla yanaşmaqla üstünlüyü düşmənlərimizə verirlər.Nə etməli? Milli dərdə kim şərik ola bilər? Kim Azərbaycanı bu bəlalardan xilas edib, xalqa nicat gətirə bilər? Suallar çoxdur, cavablar isə yalnız bir istiqamətdən gözlənilir.
Xarici təcavüzdən və daxili idarəolunmazlıqdan bezən, aqressora cavab verə biləcək rəhbər və ordu həsrətində olan xalqımız nəzərlərini qədim Naxçıvana yönəltmişdi, qəlblər ulu öndər Heydər Əliyevə tərəf köklənmişdi. Çarə onda idi, xilas ondan gözlənilirdi. Candan artıq sevdiyi Azərbaycana yalnız o nicat gətirə bilərdi.
Heydər Əliyevin siyasi qüdrətinə, xalqına dərin məhəbbətinə, ideya mətinliyinə, dönməz iradəsinə bələd olan cəsarətli, dəyanətli 91 nəfər Azərbaycan ziyalısı 1992-ci ilin payızında xalqın istək və arzularının təcəssümü olaraq ona müraciət etdi. Müraciət və Ulu öndərin cavabı “Səs” qəzetində dərc olundu. Hakimiyyətə gəlmək üçün siyasi platforma, ideoloji əsas lazım idi. Bu da Yeni Azərbaycan Partiyası oldu.
1992-ci il noyabr ayının 22-də tarixlər şahidi, üçrəngli bayrağımızı ilkin olaraq Dövlət bayrağı kimi qəbul edən Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bir ildən az bir müddətdə müxalifət partiyası kimi fəaliyyət göstərən YAP hakim partiyaya çevrildi. Xalqımız ümummilli liderimiz Heydər Əliyevi yenidən Azərbaycan rəhbərliyində görmək arzusuna yetdi. Sonrakı proseslərdən bəhs etsəm, təkrara yol vermiş olaram. Yalnız onu qeyd etmək istərdim ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasına çox uğurla, fenomenal siyasi və ideya mətinliyi ilə rəhbərlik edir. Möhtərəm Prezidentimiz və sədrimizə bütün İsmayıllı YAP-çılarının dərin minnətdarlıq, hörmət və ehtiramını ifadə edərək, bildirmək istərdim ki, YAP İsmayıllı rayon təşkilatı 8 mindən çox üzvü ilə birgə partiyamızın mətin dəstələrindən biridir. Belə də olmalıydı, o səbəbdən ki, rayon təşkilatının yaradılmasında dəyərli kadrlar, əqidəli insanlar iştirak ediblər.
1993-cü ilin mart ayında YAP rayon təşkilatı təsis olunub. Quşencə, Talıstan, İvanovka, Qalacıq, Ruşan, Qalagah, Mollaisaqlı kəndləri, dünyasını dəyişmiş Əkrəm Şirinov, Rəfail Məmmədov, İsmayıl Qəniyev, Nəsrəddin Muştaqov, Xasay Xıdırov, Nikolay Nikitin, Mirmövsüm Abbasov, Xalid Qəniyev, İlyas Abdullayev, Hidayət Babayev, Bağı Məhərrəmov, bu gün də yaşayıb ölkəmizin və rayonumuzun inkişafına sevinən, bu inkişafda öz yerini dəqiq görən Məhərrəm Əhmədov, Vaqif Rəhimov, Ramiz Ağayev, Sevil Əhmədova, Şəfayət Məhərrəmov, Azər Həmzəyev, Rüstəm Səmədov, Baba Babayev, Akif Xıdırov, Sərdar Yəhyayev, Rizvan Vəliyev, Müşfiqə Əliyeva, Niftalı Rzayev və başqaları YAP rayon təşkilatının yaradılmasında, onun formalaşmasında fəal iştirak ediblər. Onların hər biri Heydər Əliyev partiyasının üzvü olmağı özlərinə şərəf biliblər.
Professor Mirdaməd Sadıqov Respublikada ilk olaraq “Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbi”ni yaratmışdı. Bu ənənəni davam etdirərək rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gəldikdən sonra birinci siyasi-ideoloji tədbiri də rayonda “Heydər Əliyev İdarəetmə Məktəbi”ni təsis etmək oldu. Ümummilli liderin İsmayıllıya səfərlərinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər” kitabının buraxılması da dünya dəyərli liderin ruhuna dərin hörmət və ehtiramın nəticəsi idi.
Heydər Əliyevin azərbaycançılıq ideologiyasını siyasi fəaliyyətin əsası kimi götürən, onun ideyalarına sədaqətlə yanaşan İsmayıllı YAP-çıları Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə həyata keçirir, dövlətçilik mövqeyində inamla dayanır. Respublikamızın sürətli inkişafında fəal iştirak edirlər.
Son olaraq onu qeyd etmək istərdim ki, tarixi hadisələrə, günlərə, milli, dini və dövlət bayramlarına, Azərbaycan tarixinin Heydər Əliyev epoxasına təqvimi yanaşma kifayət deyil. Tariximizin hər bir səhifəsi həmişə diqqətlə öyrənilməli, dəyərləndirilməli, təbliğ olunmalıdır. Xidməti olan hər kəs həmişə xatırlanmalıdır. Elə bu məqsədlə də bu fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmağı özümə borc bildim..
Valeh Salehov,
YAP veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!