• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nümunə olan işgüzarlıq

Nümunə olan işgüzarlıq

Yazar Ismayilli
//
01 dekabr 2015
//
//
Oxunub 1839
//
Ümummilli lider Heydər Əliyev demişdir: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti və öz elmi ilə tanınır”. Yaxşı ziyalısı, müəllimi olan xalq xoşbəxtdir. Çünki əsl ziyalı xalqın gələcəyi olan gənc nəslin tərbiyəsində fədakarlıq göstərir. Elinə, xalqına layiqli vətəndaşlar yetişdirir. Belə ziyalılarımızdan biri seçdiyi peşəyə yaradıcılıqla yanaşan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azadə Aslanovadır.
Nümunə olan işgüzarlıq
A.Aslanova 1984-cü ildə Tircan kənd orta məktəbini bitirib, elə həmin il ADPU-nun filologiya fakültəsinə daxil olub. 1988-ci ildə ali məktəbi bitirib təyinatla Keyvəndi kənd ümumi orta məktəbində müəllim işləməyə başlayıb. 1991-2004-cü illərdə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində müəllim kimi gənc nəslin təlim-tərbiyəsində şərəfli əməyi ilə həmkarlarına nümunə olub.
2004-cü ilin noyabr ayından İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində müəllim işləyir. O, harada işləməyindən asılı olmayaraq şagirdlərinə qayğı ilə yanaşıb, onların təlim-tərbiyəsinə diqqəti bir an belə azaltmayıb. Şagirdlərin elminə, təhsilinə ciddi fikir verib. Onların elinə, obasına, vətəninə layiq vətəndaş kimi yetişməsində köməyini əsirgəməyib. Sevindirici hal odur ki, mərd, mübariz, mətanətli, məqsədyönlü xarakterdə tərbiyə olunan şagirdləri müəllimlərindən insani keyfiyyətləri əxz eləməyə çalışırlar. Azadə müəllim cəmiyyət üçün dəyərli, zəkalı, tərbiyəli vətəndaşlar hazırlayan peşəkar pedaqoqlarımızdandır.
5 nömrəli tam orta məktəbində işlədiyi ilk gündən şagirdlərinin sevimlisinə çevrilib. Dərs dediyi siniflərdə təhsilin keyfiyyəti həmişə yüksək olub. Təsadüfi deyil ki, çalışdığı məktəbin ilk buraxılışlarından olan 2005-2006-cı tədris ilində sinif rəhbəri olduğu və dərs dediyi 21 şagirddən 11 nəfəri ali məktəbə qəbul olub. Bu 50 faizdən artıq nəticədir. Məktəbin ilk 500-dən çox bal toplamış şagirdi Nərmin İspərzadə də bu sinfin şagirdi olub. Həmin sinfin 4 nəfər şagirdi sonrakı illərdə ali məktəblərə qəbul olunub.
2012-2013-cü tədris ilində dərs dediyi və sinif rəhbəri olduğu sinfin 23 nəfər şagirdindən 16-sı tələbə adını qazandı. 3 nəfər 600-dən çox, 7 nəfər 500-dən çox, 11 nəfəri isə 400-dən yuxarı bal toplayıb. Aygül Kərimli 657 balla BDU-nun hüquq fakültəsinə, Xəyalə Ağazadə 642 balla Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə, Amilə Məmmədli 631 balla BDU-nun tarix fakültəsinə, Ağacan Qarayev 538 balla Polis Akademiyasına qəbul olunub.
2012-2013-cü tədris ilində Azadə müəllimin şagirdi Xəyalə Ağazadə “İlin ən yaxşı şagirdi” müsabiqəsinin qalibi olub.
2014-2015-ci tədris ilində sinif rəhbəri olduğu XI A sinfinin göstəriciləri daha könülaçandır. Sinifdə oxuyan 22 nəfər şagirddən 15 nəfəri tələbə adını qazanıb. Hülya Beybutlu 645 balla Azərbaycan Dövlət İdarəetmə Akademiyasının kompyuter elmləri fakültəsinə, Nicat Bayramlı 639 balla Azərbaycan Dövlət Fövqəladə Hallar Akademiyasına, Hicran Aydınova BDU-nun tarix fakültəsinə, Aysel Bağırlı 515 balla BDU-nun coğrafiya fakültəsinə qəbul olunub. Gülxar Abdulxalıqova 489 balla Azərbaycan Dövlət İqtisad Universitetinin statistika fakültəsinə, Səbuhi Gülməmmədli 457, Aygün Ziyadlı 455, Azad Məmmədli 426, Əsgər Qəhrəmanlı 411, Fidan Əhmədli 408, Aydan İbrahimova 402, Azər Bağırlı 378, Cəlal Cavadlı 342 , Jalə Ədilova 333 balla müxtəlif ali məktəblərə qəbul olunaraq tələbə adına layiq görüldülər. 3 nəfər 600-dən, 4 nəfər 500-dən, 8 nəfər 400-dən çox bal toplayıb.
A.Aslanovanın şagirdləri sinifdənxaric və məktəbdənkənar tədbirlərdə də öz fəallıqları ilə fərqlənir. Belə ki, şagirdi Lalə Həmzəyeva Azərpoçtun inşa yazı müsabiqəsində 4-cü yerə layiq görülüb. O, diplom və pul mükafatı ilə təltif olunub. Aysel Bağırlı Zərifə Əliyevanın 70 illiyi münasibəti ilə keçirilən “Ana müqəddəsdir” ümumrespublika inşa yazı müsabiqəsində 4-cü yerə çıxaraq fəxri diplomla təltif olunub.
A.Aslanovanın iş təcrübəsi rayon müəllimləri arasında da yayılıb. Onun iş təcrübəsindən təkcə 5 nömrəli tam orta məktəbin deyil, rayonun digər məktəblərinin müəllimləri də faydalanır. İsmayıllı RTŞ-nin 2008-ci ildə 5 nömrəli tam orta məktəbində keçirdiyi “Müasir təlim metodlarının tətbiqində təlimin texniki vasitələrindən istifadə“ konfransı zamanı keçdiyi açıq dərs hamının marağına səbəb oldu. Azadə müəllimə özünün səmimiliyi, mehribanlığı, iş yoldaşlarına qayğıkeşliyi ilə də çoxlarına nümunədir. Öz elmi potensialı ilə təkcə dərs dediyi şagirdlərdən deyil, ali məktəblərə qəbul olunmaq istəyən digər məktəb şagirdlərinə də öz köməyini əsirgəmir. Şagirdlərdə doğma dilə məhəbbət oyatmaqla yanaşı, dövlət dilinin saflığını qorumaqda da əvəzsiz bir xidmətçidir.
Ömrünü xalqının gələcəyi olan gənclərə, Azərbaycanın əsl vətəndaşı olacaq insanların təlim-tərbiyəsinə həsr etmiş Azadə müəllimə şərəfli müəllimlik fəaliyyətində yeni uğurlar, can sağlığı arzulayırıq. Arzu edirik ki, şagirdlərinin xoş sorağı onun müəllim qəlbini həmişə sevindirsin.
Turac Ağayeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!