• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Milli müstəqilliyimiz dönməzdir, əbədidir

Milli müstəqilliyimiz dönməzdir, əbədidir

Yazar Ismayilli
//
31 oktyabr 2015
//
//
Oxunub 1148
//
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” nın qəbul olunduğu 18 oktyabr 1991-ci il adi bir təqvim deyil. Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biri, özündə milli məfkurəni, xalqımızın istiqlal arzusunu təcəssüm etdirən, 71 il ərzində itirilmiş müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan insanların ümidlərinin doğrulduğu bir gündür. XX yüzilliyin sonlarında Sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldıraraq, xalqımızın siyasi tarixində ikinci parlaq qələbəsini qazandığı gündür.
Milli müstəqilliyimiz dönməzdir, əbədidir
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Bunları bacarmadınsa tarix səhifəsindən silinməlisən. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi buna bir nümunə idi. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazanandan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət müstəqil respublikanı daha da çıxılmaz vəziyyətə saldı. Belə bir şəraitdə xalqı arxasınca aparmağa qadir olan liderə, dövlət idarəsində zəngin təcrübəsi, biliyi olan nüfuzlu ictimai-siyasi xadimə böyük ehtiyac yaranmışdı. Bax belə bir zamanda insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu obrazı canlanırdı. Xalqda belə bir şəxsiyyətin Heydər Əliyevdən başqa kiminsə olacağına nə inam, nə də təsəvvür belə yox idi. Respublikanı düşdüyü ağır vəziyyətdən xilas etmək, müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət idarəçiliyi fəlsəfəsi və mədəniyyətinin əsasını qoymaq zamanı yetişmişdi. Müdrik siyasi xadim, millətinə, xalqına, vətəninə nə qədər böyük məhəbbətlə bağlı şəxsiyyət olduğunu bilən xalq böyük ümid və inamla Heydər Əliyevə müraciət etdi.
Bütün həyatı boyu daim vətənini düşünmüş, qəlbi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, insanların firavanlığı və xoşbəxtliyi üçün çırpınmış, “Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olduğunu” bilən dahi rəhbər xalqın bu ümid və inamına müsbət cavab verdi və hakimiyyətdə olduğu müddət ərzində bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Olduqca mürəkkəb bir dövrdə 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyətə gələn ümummilli lider H.Əliyev respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Qısa müddətdə Azərbaycanda milli həmrəyliyi və respublikamızın gələcək sosial-iqtisadi inkişafını təmin etmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab verərək XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında özünə layiq yer tutmuşdur.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Dahi rəhbərimizin siyasi plüralizm, mətbuat azadlığı, insan hüquqları kimi ali meyarlara əsaslanan dövlətçilik siyasəti müstəqil Azərbaycanın çox qısa vaxt ərzində demokratik ölkələr sırasında möhkəmlənməsinə mühüm stimul yaratmışdır. Daxili və xarici düşmənlərimiz dərk etmişdilər ki, onlar Heydər Əliyev siyasətinin, onun dövlət quruculuğu təcrübəsinin qarşısında acizdir. ”Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da – hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır, mənim müstəqilliyimdir. Bundan sonra başına nə gəlir-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” deyən Ümummilli liderin qətiyyəti və ciddi islahatları nəticəsində müstəqilliyimiz getdikcə möhkəmləndi. Azərbaycanın sabahını, onun müstəqilliyini və xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyevin zəngin fəaliyyətini göz önünə gətirərkən bir müdrikin dediyi bu fikri xatırlamaq olar:” Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”.
Bu gün Azərbaycan müstəqilliyinin 24-cü ildönümünü qeyd edir. Ölkəmiz əsası ümummilli liderimiz H.Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin işığında dünya birliyində özünə layiqli yer tutub. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət həm siyasi, həm də iqtisadi cəhətdən bu gün ölkəmizi dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirib. Artıq Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən dövlətlərdəndir. Dünyanı baş alıb gedən problemlərin mövcud olduğu bir zamanda böyük dövlətlər bəzi problemlərin həllində Azərbaycanla məsləhətləşmələr aparır, rəyi soruşulur. Heydər Əliyev siyasəti və bu siyasətin layiqli davamçısı olan cənab İ.Əliyevin fəaliyyəti sübut etmişdir ki,dünyanı təkcə böyük dövlətlər idarə etmir, kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. Ölkəmiz bütün sahələr üzrə inkişafdadır, sabitlik hökm sürür. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına eyni dərəcədə diqqət yetirilir.
Bir millətdə şərəfin, heysiyyətin, namusun, insanlığın olması və yaşaması mütləq o millətin azadlıq və istiqlaliyyətə malik olmasından asılıdır. Milli istiqlal, müstəqillik həyati bir məsələdir. Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Müstəqillik gününüz mübarək!
Novruz Əsədov,
İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!