• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sadəni sevərlər, belədir adət

Sadəni sevərlər, belədir adət

Yazar Ismayilli
//
16 oktyabr 2015
//
//
Oxunub 718
//
Son illər aparılan quruculuq işləri İsmayıllının simasını büsbütün dəyişdirib.

İnsan qeyri-adi gözəlliyi, mənəvi dünyasının zənginliyi ilə doğulur. O gözəlliyin, zənginliyin üzə çıxması, başqalarının görüb faydalanması üçün isə vaxt, zaman, şərait lazım olur. Bəzən heç hiss etmirsən ki, nə vaxt qarşına çıxan hər hansı qeyri-adi bir qüvvə səni səndən alır və başqalaşdırır. Bu böyük aləmdə tənha olmaq və ya ətrafdakı insanların səni başa düşə bilməməsi, duymaması qorxuludur. İnsan adi vəziyyətdə, adi günlərdə buna əhəmiyyət vermir, qeyri-adi sevgi üçün adiliyin çərçivəsinə sığmır və bənzər hal ona sıxıntı verir. Çünki insan yer üzünün sakini kimi dünyaya gəlir, bu genişlikdə uçmaq, qol-qanad açmaq, qurub yaratmaq istəyir. Tanrı yaratdığı bəndəni dünyanın genişliyindən istifadə etməklə, sadəcə, qurub-yaratmaq üçün xəlq edib.
Sadəni sevərlər, belədir adət
Sadəni sevərlər, belədir adət
Xalq şairimiz Səməd Vurğun bu duyğunu da elə sadə dildə yazmışdır:
Sadə yaratmışdır onu təbiət,
Sadəni sevərlər, belədir adət.
Haqqında yazacağım insan da sadədən də sadədir. Tanıyanlar tərəfindən çoxdan-çox sevilir. Belələri xərclədiyi ömür-gün hesabına sanki bir ölməzlik qazanır, özündən sonra da sevilir, unudulmur, xatırlanır, ürəklərdə yaşayır. Onu sevənlər çoxdur. Çünki xeyirxahdır...
Xeyirxah, sadə insanlar gördükləri işdən ruhən zövq alır, onların əməlləri sifətinin cizgilərində, baxışlarında əks olunur, ətrafında olan insanların yolunu nurlandırır. Tanıdığımız, tanıdıqca sevdiyimiz insanlar haqqında nə vaxtsa söz deyəcəyimizi bilməsək də, sonralar bu ehtiyacı hiss edirik. Düşünürük ki, belə insanları gələcək nəsillərə tanıtmaq, adi bir vətəndaş kimi, üzərimizə düşən vəzifənin heç olmazsa, onda birini oxucularımıza miras qoymaq üçün bir şeir, oçerk, məqalə yazmalıyıq.
Dinamik inkişafda olan ölkəmizin tikinti meydançalarında çoxillik iş təcrübəsinə malik elə inşaatçı-mühəndislərimiz vardır ki, onlar illərlə tikintinin müxtəlif sahələrində çalışmış və sözün əsl mənasında, tikdikləri ilə böyük tarix yaratmışlar. Tikdikləri binalarla özlərindən sonrakı inşaatçılar nəslinə nümunə göstərib, müəllimlik ediblər. Sənətini sevən, işdən yorulmayan insanlar içərisində bir zəhmət adamı kimi sevilən Azad Gülməmməd oğlu Əliyev də məhz bu cür tanınır. Haqqında xoş söz deyəndə məşhur bayatının bir parçasını dilə gətirir:
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bu xalq deyimi qurub-yaradan, işinə, sənətinə, peşəsinə bağlı Azad müəllimin həyat devizinə çevrilib.
Hiss olunur ki, Azad müəllim yaşadığı ömürdən çox razıdır, işindən zövq alır, tikdiyi binalardan söz düşəndə haqlı olaraq qürur duyur...
Əslində, bunu o özü demir, amma onun baxışından hər an üz-gözündən yağan səmimi təbəssümdən oxunur ki, o, işini çox sevir, tikinti ilə nəfəs alır. Rayonda aparılan inşaat, memarlıq nümunələrinə nəzər saldıqda düşünürsən ki, bir vaxt gələcək dünən, bu gün görülən işlərdə əməyi olan insanlara qəhrəman kimi baxacaq, əhsən deyəcəklər. Bu fikirləri dilə gətirməyə onların inşa etdiyi tikililər, həyata keçirdikləri genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərini göz önünə gətirməyə əsas verir.
Görülən bütün quruculuq işləri bugünkü və gələcək nəsillər üçündür. İnşa edilən məktəblər, uşaq bağçaları, digər obyektlər, çəkilən yollar, salınan körpülər insanların həyat şəraitini yaxşılaşdırmaqdan ötrüdür.
Dünya gör-götür dünyasıdır , - deyirlər. Yaxşı nə varsa öyrənmək, lazım gələndə onu tətbiq etmək müsbət haldır. Kim belə edirsə qazanır, irəli gedir. A.Əliyev də həmişə öyrənməyə səy göstərir.
Azad Əliyev 1963-cü il oktyabr ayının 5-də rayonun Tircan kəndində anadan olub. İlk təhsilini də elə Tircan kənd orta məktəbində alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1986-cı ildən inşaat mühəndisi ixtisasına yiyələnib. 1986-1988-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Zabit rütbəsi qazanıb.
Azad müəllim hərbi xidmətdən tərxis olunduqdan sonra “Azərikəndtikinti” Dövlət Şirkətinin İsmayıllı rayon 27 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. O, 1988-1999-cu illərdə həmin müəssisədə mühəndis, böyük mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 1999-cu ildən hal-hazıra kimi “İsmayıllı Tikinti – 27” ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışır.
Fəaliyyət göstərdiyi illər ərzində rayonumuzda, ətraf rayon və kəndlərdə müxtəlif təyinatlı obyektlərin - təhsil, səhiyyə ocaqlarının, sosial obyektlərin, ictimai binaların tikilib istifadəyə verilməsinə, yolların çəkilməsinə rəhbərlik edib.
Azad Əliyevin dinamik fəaliyyəti 2013-cü ildən sonra daha da sürətləndi. Bu illərdə İsmayıllıda istər sənaye, istər kənd təsərrüfatı, istərsə də sosial əhəmiyyətli tikintilərin inşasında sıçrayış oldu. Gündən-günə abadlaşan İsmayıllının şan-şöhrəti davamlı şəkildə hər yana yayılmaqdadır. İsmayıllı Azərbaycanın mirvarisi adını alıb. Bu adın alınmasında onun rəhbərlik etdiyi tikinti təşkilatının da öz rolu vardır. Son bir neçə ildə rayonda iqtisadiyyatla yanaşı, sosial məsələlər də mərhələ-mərhələ həllini tapmağa başlayıb. İsmayıllı şəhərinin mərkəzinə yaraşıq verən Mədəniyyət sarayı, Uşaq kitabxanasının əsaslı təmirini, YAP inzibati binası, bir çox məktəb və uşaq bağçası, Qalınçaq kənd tam orta, Şəbyan kənd ümumi orta kənd məktəbləri A.Əliyevin rəhbərliyi altında vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Sanki qurub-yaratmağa adət etmiş bu insan gördüyü işlərdən yeni qüvvə alır.
Azad müəllim həmişə vəzifədə çalışsa da, heç vaxt ədalı, təkəbbürlü olmayıb. Tabeliyində olan işçilərə qarşı tələbkar olduğu kimi, həm də qayğıkeşlik nümayiş etdirib.
Ömrünü tikintiyə, quruculuğa həsr etmiş bu insan heç vaxt işdən, işdəki çətinliklərdən qorxmayıb. İşə başlayanda Tanrıdan iş avandlığı istəyib, Ona, halallığa sığınıb. Tanrı da hər işdə yardımçısı olub.
Gözəl ailəsi - üç övladı olan Azad müəllim həm də cəmiyyət üçün, Vətən üçün xeyirxah övladlar tərbiyə edən qayğıkeş ata, nümunəvi ailə başçısıdır. Bu insan haqqında söz açan hər kəs ilk növbədə onun xeyirxahlığından danışır. Xeyirxahlığının müqabilindən ən böyük qazancı hörmətidir. Halallıq, düzlük onun qanında-canındadır. O, üzərinə düşən vəzifə məsuliyyətini dərindən dərk edir. Sevimlisi olduğu kollektivin ümumi uğuru və nüfuzunun qalxması üçün var qüvvə ilə çalışır.
Azad müəllim çox işgüzardır. Məzuniyyət, dincəlmək bilməyən adamdır. Ona tapşırılan işin öhdəsindən gəlməyincə rahatlıq tapmır. Ziyalılığını işi, rəftarı ilə təsdiqləyən insandır. Hər gün iş başında olması peşəsinə olan sədaqətin təzahürüdür. Yaşdan, işdən söhbət düşəndə inşaatçı mühəndis olmaqda yanılmadığını bildirir. Gördüyü işlər barəsində danışmağı o qədər xoşlamasa da, hiss edirsən ki, gördüyü işlərə görə qürur duyur. Sevinir ki, ömrünü hədər keçirməyib. Azərbaycan üçün, doğma rayonumuz üçün çoxsaylı işlər görüb.
Bu yazı üçün bəzi qeydləri ondan almaq çox da asan olmadı.
Davamlı quruculuq arzusu ilə Azad müəllimə yeni uğurlar deyirik:
Qalsın bax beləcə halallığında,
Olsun sadəliyin bir nümunəsi.
Eldə zəhmətilə tanınanların
Gəlsin sıramızdan hər zaman səsi!
Sadəni sevərlər, belədir adət
Hacıməmməd Məmmədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!