• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ömrün altmışıncı anı

Ömrün altmışıncı anı

Yazar Ismayilli
//
09 sentyabr 2015
//
//
Oxunub 1108
//
Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973-74-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi işləyib. 1974-76-cı illərdə rayonda çıxan "Zəhmətkeş" qəzetində məktublar şöbəsinin müdiri, sonra redaktor müavini, 1978-80-ci illərdə İsmayıllı Rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olub. 1981-1990-cı illərdə Tarix İnstitutunun arxeologiya və etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Ömrün altmışıncı anı
1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Şəki-Balakən bölgəsi üzrə xüsusi müxbiri işləyib. Həmin dövrdə, eyni zamanda, BDU-nun Şəki filialının dosenti kimi pedaqoji fəaliyyətlə məşğul olub. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il, 2007-ci ildə isə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub. Beş monoqrafiya və 100-dən çox elmi məqalənin müəllifidir. 1969-cu ildən fasiləsiz olaraq jurnalist fəaliyyəti ilə məşğuldur. Müxtəlif mətbuat orqanlarında jurnalistikanın ayrı-ayrı janrlarında 1000-dən çox məqaləsi dərc olunub. "Qızıl qələm" mükafatı laureatıdır.
Ailəlidir. İki övladı var.
Azərbaycan mediasında sayılıb-seçilən qələm sahiblərindən biri, elmi ictimaiyyətin isə nüfuzlu etnoqraf-alim kimi yaxşı tanıdığı tarix elmləri doktoru Qafar Cəbiyevin (Cəfəroğlu) 60 yaşı tamam olur.
İxtisarla təqdim etdiyimiz bu anket məlumatından da göründüyü kimi, Qafar müəllimin fəaliyyət dairəsi çoxşaxəlidir. İxtisasca tarix müəllimi olsa da, pedaqoji işlə yanaşı, 40 ildən çoxdur ki, fasiləsiz jurnalist fəaliyyəti ilə məşğuldur. Bunun da təqribən 20 ili respublikanın aparıcı mətbu orqanları olan "Azərbaycan" və "Xalq qəzeti" redaksiyaları ilə bağlıdır. Yeddi ildir ki, Milli Televiziya və Radio Şurasının üzvü kimi məsul bir vəzifəni yerinə yetirir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisidir. Sual yarana bilər: Bir insan eyni vaxtda bu qədər işin öhdəsindən necə gəlir? Haqlı sualdır. Amma fakt budur ki, yorulmaq nə olduğunu bilməyən Qafar müəllim bu işlərin öhdəsindən gəlir, həm də bacarıqla gəlir və bütün sahələrdə nümunə göstərilir. Qafar Cəbiyev o qəbil insanlardandır ki, gördüyü işdən zövq alır, məşğul olduğu sahəni qısa müddətdə incəliklərinə qədər mənimsəyərək söz sahibinə çevrilir.
Qafar müəllim dəqiqliyi, konkretliyi, məqsədyönlülüyü dəyərləndirən insandır və bu keyfiyyətlər onun xarakterində cəmləşmişdir. O, həyatda kor-koranə, taleyin ümidinə yaşayanlardan deyil. Bu dünyada nə üçün yaşadığını, haradan gəlib, haraya gedəcəyini, nədən başlayıb nədə qurtaracağını... öncədən bilən insandır. Hər bir şeyin onda dəqiq hesabı, ölçü-biçisi var. Məhz bu prinsiplə də yaşayır, yaradır və öz ağlının, fəhminin gücü ilə uğurlar qazanır.
Peşəkar jurnalist
1990-cı ilin əvvəlləri idi. Qəzetimizdə vaxtaşırı sanballı yazıları dərc olunan Qafar müəllim redaksiyaya gəlmişdi. O, hələ İsmayıllıda çıxan "Zəhmətkeş" qəzetində, daha sonra isə raykomda işlədiyi vaxtlardan respublikanın mərkəzi qəzetləri ilə, o cümlədən, "Kommunist"lə fəal əməkdaşlıq edirdi. Respublika Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına qəbul olunandan sonra on ilə yaxın idi ki, həmin institutun arxeologiya və etnoqrafiya bölməsində elmi işlə məşğul idi. Hal-əhvaldan sonra: Məsləhətə gəlmişəm - dedi. - Jurnalistikaya qayıtmaq istəyirəm...
- Elm nə tez bezdirdi səni? - deyə soruşdum.
- Yox, bezməmişəm, elə elmi işin xatirinə bu fikrə düşmüşəm. Bilirsən, mən arxeoloqam, institutun dörd divarı arasında nə qədər oturub gözləmək olar ki, haradasa arxeoloji iş başlayacaqlar, sən də yada düşəcəksən, göndərəcəklər ora. Özün də yaxşı bilirsən, demək olar ki, bu sahə unudulub, heç yanda iş getmir. Əgər respublika qəzetlərindən birinin bölgə üzrə xüsusi müxbiri işləsəm, mənim üçün göydəndüşmə olar. Həm bölgədəki tarixi yerləri, abidələri öyrənər, məlumatlar toplayar, təbliğ edər, həm də jurnalistika ilə fəal məşğul olaram. Qələm işləmədikcə korşalır...
Qafar müəllimin könlündən ilk növbədə işlədiyi mövzu ilə əlaqədar arxeoloji abidələrlə zəngin olan Şirvan, Şəki-Balakən zonası keçirdi. O vaxt "Kommunist"in həmin bölgələr üzrə xüsusi müxbirlərinin yeri möhkəm idi. Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində isə hələ komplektləşmə gedirdi. O, 1990-cı ildən həmin qəzetin Şəki-Balakən bölgəsi üzrə xüsusi müxbiri oldu.
Qafar Cəbiyevin peşəkar bir jurnalist kimi potensialı orada açıldı. Doğrudur, yeni iş yerində fəaliyyətinin başlanğıcı nəinki bölgədə, bütövlükdə respublikada olduqca gərgin bir dövrə - keçən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf etmişdi. Ölkədə nəzarətsizlik, özbaşınalıq, xaos, talançılıq, separatizm baş alıb gedirdi. Belə bir vaxtda o, bu məsələlərə biganə qalmır, qələmə aldığı məqalələrdə vətənpərvər jurnalist kimi öz mövqeyini açıq şəkildə, cəsarətlə ortaya qoyurdu. Bəzən tənqidi yazılarında separatizmə dəstək verən, talançılıqla məşğul olan elə məmurların, vəzifə sahiblərinin "bostanına daş atırdı" ki, həmin şəxslər üçün onu səssiz-səmirsiz aradan götürmək bir "su içimlik" iş idi. Bir neçə dəfə buna cəhdlər də edilmişdi. Sadəcə, dostlarının xəbərdarlığı və özünün tədbirliliyi belə cəhdlərin qarşısını almışdı.
Yazılarında daim obyektivliyi gözləməsi, haqqı nahaqqa verməməsi, düzü-düz, əyrini-əyri yazması, gücsüzün, imkansızın hüququ tapdalananda, bir qayda olaraq, onun tərəfini saxlaması və bu zaman böyük ixtiyar sahibləri ilə "üz-göz" olmaqdan belə çəkinməməsi ona bölgədə obyektiv jurnalist, imici və çoxlu sayda dost qazandırmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikanın paytaxtında olduğu kimi, bölgələrdə də tədricən pozucu qüvvələr zərərsizləşdirildi, anarxiyanın qarşısı alındı, cəmiyyətdə siyasi sabitlik yarandı, geniş quruculuq işləri başlandı, inkişaf və tərəqqinin əsası qoyuldu. Bu ab-hava Qafar müəllimin təhkim olunduğu bölgədə də hiss edilirdi. O dövrdə ulu öndərin təşəbbüsü ilə respublikada aparılacaq aqrar islahatlar üçün Zaqatala pilot rayon kimi seçilmiş və ilk eksperimentlərin keçirilməsinə orada başlanmışdı. Qafar Cəbiyev rahatlıq nə olduğunu bilmədən gecə-gündüz çalışır, islahatların gedişatı, qarşılaşdığı maneələr və qazanılmış nailiyyətlər barədə silsilə materialları hazırlayıb operativ şəkildə qəzetə təqdim edirdi.
Oğuz, Şəki, Qax və Balakəndən hazırladığı materiallarda o, ciddi problemlər qaldırır, ictimaiyyətin diqqətini ekoloji böhran, təsərrüfatsızlıq, məmur özbaşınalığı kimi konkret neqativ faktlara yönəldirdi. Şəkidən hazırlanmış belə tənqidi materiallar rayon icra hakimiyyətinin o vaxtkı başçısının qəzəbinə və ciddi etirazına tuş gəlmişdi. Respublikada böyük əks-sədaya səbəb olan həmin obyektiv tənqidi materiallardan sonra RİH başçısı öz vəzifəsi ilə vidalaşmalı oldu.
Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında gedən quruculuq işlərindən, yeniliklərdən, tərəqqidən, habelə regionun problemlərindən bəhs edən peşəkar yazıları ona bölgədə böyük hörmət izzət qazandırmışdır. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin bir dəfə söhbət əsnasında Qafar müəllim haqqında dedikləri, zənnimcə, bir jurnalist və insan kimi onu dəqiq xarakterizə edir: "Bakıda, Naxçıvanda və digər yerlərdə müxtəlif işlərdə çalışmışam, rəhbər vəzifələrdə işləmişəm. Çoxlu sayda jurnalistlə görüşmüş, söhbət etmiş, müsahibələr vermişəm. Aralarında bu gün də ünsiyyət saxladığım dostlarım da az deyil. Bəzən jurnalist kimi özüm də qələmimi sınamışam, elə sizin qəzetdə xeyli yazılarım çıxıb. Amma sizə də gizli deyil ki, çox şərəfli bir peşə olan jurnalistikanın sıralarına son dövrdə xeyli təsadüfi adam soxulmuş və onlar əslində, xoşagəlməz fəaliyyətlə məşğuldurlar. Buna baxmayaraq, Azərbaycan mediası bu gün simasını qoruyub saxlaya bilmişdirsə, insanların qəlbində mətbuata inam hələ güclüdürsə, bu, ilk növbədə Qafar Cəbiyev kimi peşəsinin şərəfini uca tutan, vicdanlı, obyektiv, prinsipial, qürurlu jurnalistlərin xidmətidir. Təsəvvür edin ki, mən onunla bizim bölgədə xüsusi müxbir kimi fəaliyyətə başlayandan bir il sonra görüşmüşəm. Rayonumuzun həyatından peşəkarlıqla qələmə aldığı sanballı yazıları, təhlili materialları, xüsusən, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən silsilə məqalələrini oxuduqdan sonra hiss etmişəm ki, bu, adi qələm sahibi deyil. Bu yazılardan hiss olunurdu ki, o, rayonda görülən işlərə, inkişafa xaçmazlılardan da çox sevinir, problemləri səriştəli şəkildə, obyektiv qaldırır. Odur ki, onu şəxsən özüm görüşə dəvət etdim. İndiyədək nə əcəb görüşmədiyimizi soruşdum. Cavab verdi ki, sizin iş rejiminiz həmişə gərgin olur, vaxtınızı almaq istəmədim. Həm də buna ehtiyac da olmur, lazımı faktları digər yoldaşlardan götürürəm. Hələ rayondan bir informasiya belə yazmamış, "mütləq başçı ilə görüşməliyəm" - deyə, iclas apardığım yerdə belə içəriyə dürtülüb qara-qışqırıq salan, günlərlə RİH aparatının qarşısında vurnuxan "jurnalistləri" göz önünə gətirdim. Bu, təvazökar, ağayana insan nəzərimdə göylərə qalxdı".
Keçən əsrin 80-ci illərinin söhbətidir. Qafar müəllim redaksiyaya bir məqalə gətirmişdi. Səhv etmirəmsə adı beləydi: "Girdiman - tariximizin təhrif olunmuş səhifəsi". Məqalədə o, Girdiman dövləti (vilayəti) ilə bağlı faktların, xüsusən yerləşdiyi ərazinin qəsdən təhrif olunduğunu danılmaz faktlarla açıb göstərmişdi. Ona görə dəqiq yadımdadır ki, sonradan həmin məqaləni onun "Bura Vətəndir" kitabında (Bakı - 2003) bir daha oxudum. Orada göstərilirdi ki, 1958-ci ildə çapdan çıxmış üç cildlik "Azərbaycan tarixi"nin birinci cildində deyilir: "Girdiman hökmranlığının torpaqları... Şamxorçayın şərq qolu olan Girdiman çayı sahilini əhatə edirdi." Gənc tədqiqatçı sual edirdi: Axı necə ola bilər: Girdiman tarixini özündə yaşadan qədim toponimlər (Girdiman çayı, Cavanşir qalası, Cavanşir gölü...), habelə təbii-coğrafi və etnik-mədəni faktorların hamısı Şirvan (İsmayıllı və Ağsu rayonları) ərazisində olsun, Girdiman hökmranlığı isə Şamxor ərazisində? Bəs bu tarixi yazanlar bilmirlərmi ki, Şamxor çayının Girdiman adlı qolu heç yerli-dibli olmayıb? Mən hələ institutun I kursunda oxuyarkən bu gülünc fakt haqqında öz fikirlərimi akademiyanın Tarix İnstitutuna yazmışdım. Heç bir səs-soraq çıxmadı.
Sonra isə o, diqqəti Azərbaycan Sovet Ensiklopediyasının VI cildindəki məlumata yönəltmişdi. Orada yazılmışdı: "Girdiman - Azərbaycanda tarixi vilayət. Qafqaz Albaniyasının tərkibində idi. Mənbələrdə Qardman (ermənicə), Qardabani (gürcücə) kimi adı çəkilir... Girdimanın hansı ərazini əhatə etməsi haqqında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi Girdimanın Qazax rayonu, başqaları Şamxor və Gədəbəy rayonları ərazisində olduğunu göstərirlər".
- Bu ki, məsuliyyətsizlikdir! - deyə həyəcanla ona baxdım.
- Bu, məsuliyyətsizlik yox, düşmənçilikdir, - deyə düzəliş verdi. - Tutalım, yazan adamlar düşməndirlər, yaxud Azərbaycanı yaxşı tanımırlar. Bəs belə bir məsul işi yerinə yetirənlər - üç cildlik "Azərbaycan tarixi"ni və on cildlik ensiklopediyanı hazırlayan alimlərimiz hara baxırlar? Hər nə gəldi, kor-koranə çapa verməkmi olar? Axı, bu saxta tarixdən uzun illər, əsrlər boyu istifadə olunacaq.
Mən onun dediyi "tutalım, yazan adamlar düşməndirlər" fikrinə aydınlıq gətirməsini xahiş etdim. Dedi ki, 50-ci illərədək Albaniya dövlətinin tarixi ilə bağlı tədqiqatlar Moskvanın göstərişi ilə, əsasən, ermənilərin və ermənipərəst alimlərin nəzarətində olub. Qafqaz Albaniyasının tarixinə dair fəsil və bölmələrin yazılmasına ümumi rəhbərlik isə S.T.Yeremyana tapşırılmışdı. O da erməniliyini göstərərək, Albaniyanın və onun tərkib hissəsi kimi Girdiman hökmranlığının tarixi və ərazilərinin lokalizəsi ilə bağlı əsas prinsipial məsələlərə dair faktları qəsdən, həm də məqsədli şəkildə təhrif etmişdir. Azərbaycan tarixinin çox mühüm bir mərhələsinə vurulmuş bu "erməni damğası" Moskvanın təkidi ilə bizim öz tarixşünaslığımıza da ötürülüb, fundamental nəşrlərdə, hətta ensiklopediyada belə bir həqiqət kimi öz əksini tapmışdır. Təəssüf ki, bizim bəzi alimlərimiz də öz tədqiqatlarında bu saxta məlumatlara əsaslanmışlar.
- Tarixən vətəni olmayan, qaraçılar kimi, dünyanı gəzib-dolaşan ermənilər, nəhayət gəlib Qafqaza toplaşaraq, burada Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət və saxta tarix yaratmaq eşqinə düşmüşlər. Hətta onlar "dənizdən-dənizə Böyük Ermənistan" mifini də ortaya atıblar. Özlərini Qafqaz Albaniyasının varisi kimi qələmə vermək üçün qədim alban məbədlərini, kilsələrini "erməniləşdirmiş", o cümlədən Girdiman tarixi, torpaqları ilə bağlı əsl həqiqəti ört-basdır edərək, saxta yolla onu hazırda məskunlaşdıqları əraziyə yaxınlaşdırmağa çalışmışlar. Bu işlərin görülməsində onlara Rusiya və xristian təəssübkeşliyini üstün tutan güclü Qərb dövlətləri də kömək göstərmişlər...
Saxta tarixi ifşa edib, Girdimanın həqiqi tarixini yazmağa çalışacağam. Sübut eləyəcəm ki, Girdiman dövlətinin torpaqları indiki Ermənistanın yaxınlığında yox, məhz Şirvan ərazisində, Kür çayının sol qolu olan Girdiman çayının ətrafında yerləşirdi...
Qeyd etdiyim kimi, Qafar müəllimlə bu söhbətimiz olanda hələ sovet dövrü idi. Nəhəng Sovet İttifaqı dünyaya meydan oxuyurdu. Milli zəmində münaqişələr də hələ başlanmamışdı. Onun vətənpərvərliyinə heyran qalsam da, özlüyümdə fikirləşdim ki, zəhməti hədər gedəcək. O dövrdə bunları ortalığa çıxarmaqmı olardı? Amma, necə deyərlər: sən saydığını say, görək fələk nə sayacaq. Bir-neçə ildən sonra dünya dəyişdi, aləm bir-birinə qarışdı, SSRİ dağıldı və Azərbaycan dövlət müstəqilliyi qazandı.
Bundan sonra onunla görüşlərimdə o söhbətin üstünə bir daha gəlmədik. Öyrəndim ki, Azərbaycanda keramika istehsalının tarixi ilə bağlı dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb. Sonra fəal jurnalistika ilə məşğul oldu.
Və bir gün görüşərkən dedi ki, Girdimanın tarixinə dair doktorluq üzərində işləyir. Söhbət elə gətirdi ki, öz kəndimizdəki "Torpaq qala" barədə məlumat verdim. Və əlavə etdim ki, indiyədək bu abidə ilə heç kəs maraqlanmayıb. Bir neçə əlavə sual verdi və aldığı cavablardan gözlərinə işıq gəldi: "Vaxtın varsa, sabah gedək ora" - dedi.
- Bir həftə sonra - dedim.
Ünvanı yazdı: Ağsu rayonu, Bəyimli kəndi. "Sabah özüm yola düşürəm", - dedi.
Ertəsi günü elə oradan mənə zəng edərək sevincini gizlətmədi: - Deyəsən, Mehrəvan şəhərinin yerini tapdıq!
2004-cü ilin may ayında Qafar Cəbiyevin rəhbərliyi altında Bəyimlidəki "Torpaq qala"da kəşfiyyat xarakterli ilkin arxeoloji tədqiqat işləri aparıldı. Qalada 4 yerdə yoxlama qazıntısı qoyuldu. Nəticələr bu qalanın Mehranilərin Albaniyaya gəlişi zamanı tikilən Mehrəvan (Girdiman) şəhərinin bir hissəsi olduğunu təsdiqlədi.
Bundan sonra Qafar Cəbiyev doktorluq dissertasiyası üzərində daha gərgin işləməyə başladı və tarixi-arxeoloji tədqiqatını yeni faktlar və arqumentlərlə xeyli zənginləşdirdi.
Qafar müəllimin 2008-ci ilin mart ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsində mən də iştirak edirdim. Tam səmimiyyətlə deyə bilərəm ki, Müdafiə Şurasının sədri, akademik Teymur Bünyadovun rəhbərliyi ilə aparılan həmin iclas mənə həmişə arzusunda olduğum, görmək istədiyim işgüzar bir elmi diskussiyanı xatırlatdı və bir neçə gün onun təsirindən çıxa bilmədim. Rəsmi opponentlər - AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor V.Əliyevin, tarix elmləri doktoru Q. Hacıyevin, memarlıq doktoru V. Kərimovun rəylərində, görkəmli alimlərin çıxışlarında, diskussiyalarda Qafar müəllimin ünvanına səslənən ən yüksək qiymətləri, habelə sualları cavablandırarkən onun gətirdiyi təkzibolunmaz dəlil və arqumentləri dinlədikcə, dostum və həmkarımın uğurlarına görə qəlbim dağa döndü.
Qafar Cəbiyevin 38,5 çap vərəqi həcmində "Girdiman tarixi (IV-IX əsrlər)" kitabı bu yaxınlarda çapdan çıxmışdır. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Yaqub Mahmudovun əsərə yazdığı ön sözdə deyilir: "Qafar Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə, tarix elmimizin də böyük uğurudur. Müəllifin Girdimanın IV-IX əsrlər tarixinə həsr olunmuş əsəri elmimizdə yenilikdir, tarixi saxtalaşdıranlara, xüsusilə erməni saxtakarlarına tutarlı cavabdır, tarixi həqiqəti müdafiə edən araşdırmadır".
Bir dəfə Qafar müəllimi tarixçi kimi təqdim etdilər. Dərhal düzəliş verdi: "Mən arxeoloqam". "Nə fərqi var, eyni şey deyilmi? " Xeyr, - dedi. - Tarixçinin iş yeri arxivlər, kabinetlərdir. Arxeoloq isə arxeoloji abidələri arayıb-tapmaq, tədqiq etmək üçün ömrünü-gününü ailədən, ev-eşikdən, kabinetdən uzaq, çöl şəraitində keçirir. Yolu uca dağlardan, sərt yamaclardan, ilan mələyən susuz çöllərdən, vahiməli mağaralardan, xarabalıqlardan keçir. İstiyə-soyuğa, yağışa-qara dözməli olur. Tarixçinin aləti qələm-kağızdır, arxeoloq isə külüng, bel, bıçaq, şotka, biz, iynə ilə işləyir. Qazılan hər qarış yeri, atılan bir ovuc torpağı dönə-dönə nəzərdən keçirir, bəzən ələyir, tapıntıları qeydə alır, şəklini çəkir, analizə göndərir və sair...
O, arxeoloq olması ilə fəxr edir və deyir ki, gərək bu işin fanatı olasan. Torpağın altından tapıb üzə çıxarılan hər hansı bir eksponat hələ özlüyündə heç nə deyil. Gərək onu dilləndirə biləsən, sual verib, cavab almağı bacarasan... Son vaxtlar onun rəhbərliyi altında Qəbələ, Ağsu, İsmayıllı, Kürdəmir və digər yerlərdə arxeoloji tədqiqatlar aparılmış və uğurlu elmi nəticələr qazanılmışdır. Hazırda Q.Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun ərazisində yerləşən orta əsr Ağsu şəhərinin xarabalıqlarının arxeoloji baxımdan öyrənilməsi sahəsində qızğın iş gedir. Burada aşkara çıxarılan orta əsr Azərbaycan şəhərinə aid zəngin eksponatlar, tarixi, maddi mədəni nümunələr, nəinki yerli, hətta əcnəbi mütəxəssislərin də böyük marağına səbəb olmuşdur. Həmin ərazidə olan Milan Politexnik Universitetinin professoru Luici Skrinzi orada görülən işlərdən məmnun qalaraq demişdir: "Mən doktor Qafar Cəbiyevlə bir neçə aydır ki, tanış olub dostlaşmışam, istedadlı və işgüzar alimdir. Onun rəhbərliyi altında Ağsu şəhərinin tarixinin arxeoloji cəhətdən öyrənilməsi sahəsində çox böyük uğurlar qazanılmışdır. Mən onun zəkasına, səmimiyyətinə, işgüzarlığına, özünü və ətrafındakıları səfərbər etmək məharətinə heyranam. Mən alim dostumun uğurlarına çox sevinir və onunla fəxr edirəm".
Bu qeydlərdə Qafar müəllimi iki cəhətdən - jurnalist və alim kimi təqdim etməyə çalışdım. Digər cəhətlərdə də onun barəsində deyiləsi söz kifayət qədərdir: sədaqətli dost, təmiz mənəviyyat və əqidə sahibi, xeyirxah insan, nümunəvi ailə başçısı. Sağlıq olsun, bunlar barədə, inşallah, qarşıdakı yubileylərində söz açarıq.
Qüdrət Piriyev,
"Xalq qəzeti"

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!