• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Dağ çiçəkləri”

“Dağ çiçəkləri”

Yazar Ismayilli
//
03 iyul 2015
//
//
Oxunub 1296
//
“Dağ çiçəkləri”

Dünya
Alırsan hey canımızı,
Dəlisənmi, dəli, dünya?
Sovurursan qanımızı,
Zəlisənmi, zəli, dünya?

Gah gülürsən üzümüzə,
Gah döyürsən dizimizə.
Gah aldadıb gözümüzə
Üfürürsən külü, dünya.

Dözürük hər fərağına,
Hər dərdinə, hər dağına.
Atırsan it qabağına
Sən öldürüb kəli, dünya.

Pisi, məkiri saxlayıb,
Murdarı, kiri saxlayıb,
Tikanı diri saxlayıb,
Soldurursan gülü, dünya.


Eh, nə deyim, bu çağına,
Xəncərinə, bıçağına...
Diri alıb qucağına,
Ötürürsən ölü, dünya.
Nazir Ziya Talıstanlı

Kişidə qılıq olar

Nə buza dönüb qal, nə alov püskür,
İnsanda qəlb isti, üz ilıq olar.
Ağzından zəhər yox, qoy tökülsün dürr,
Kişidə qılınc yox, bil, qılıq olar.

Tərk et iddianı, havalı qafil,
Gör neçə hökmdar olubdur səfil.
Elə bir bəlaya düşərsən qəfil,
Ölüm sənin üçün muştuluq olar.

İlahi məhkəmə gözlər hər kəsi,
Savabdan başqa şey varmı deyəsi?!
Bu gün bəxti gülən tilov yiyəsi,
Sabah o tilovda bir balıq olar.
Oqtay İsmayıllı

Altmış

Yaxın dostumun 60 yaşına

Hələ çiçəklərə demə əlvida!
Hələ göyçəklərə demə əlvida!
Hələ üzünü tut işığa, oda,
Bir ömür sevdadır, bir anlıq baxış,
Altmış!

Hələ yanmaq olar alovlu gözdə,
Hələ qalmaq olar işıqlı sözdə,
Çox azdır səksəni, doxsanı, yüz də...
Bu da bir taledir, bu da bir naxış,
Altmış!

Ay Allah, görürsən nələr baş verir?!
Birgə həyatına, bir sirdaş verir.
Çiçəkli ömrünə dost, yoldaş verir,
Dumanlı payızdır, boranlı bir qış,
Altmış!

Darıxma, tələsmə, hələ ki, varıq,
Vallah ümidliyik, birik, oxşarıq,
Ötən günümüzə nəğmə qoşarıq,
Payıza çırpılan yağışdır, yağış,
Altmış!

Duyuram, görürəm ötən günləri,
Ümidlə, sevdayla bitən günləri,
Gəlib bu vədəyə yetən günləri,
Desəm, deməsəm də zirvədir, yoxuş,
Altmış!
Murad Məhərrəmov

Eyləyirsən

Şükür qədərinə ey uca fələk,
Dağı ovxalayıb daş eyləyirsən.
Gövhər yetişdirib lilli sularda,
Qiymətli üzüyə qaş eyləyirsən.

İnsana verirsən minbir neməti,
Bir anda göz yaşı olur qisməti.
Hərdənbir əlinə verib fürsəti,
Hərdən min bəlaya tuş eyləyirsən.

Yamanın xeyrinə işləyir zaman,
Yaxşının başından çəkilmir duman,
Mərdə göz açmağa vermirsən aman,
Namərdi qaldırıb baş eyləyirsən.

Şeyda tanımayır səndən ucanı,
Sən verib alırsan bu şirin canı.
Bezdirib yataqda xəstə qocanı,
Cavanı köçəri quş eyləyirsən.
Südabə Şeyda

Ay adam

Həsrət çəkib dağ başına izimi,
Mən həsrət göyərdib, nisgil biçirəm,
Neynirsən sən məni sevib, ay adam?
Göz yaşı dəmləyib, qəhər içirəm,
Sənə də düşəcək qəmdən pay, adam.

Keç, ötüş yanımdan, uzaqda dolan,
Məni ovundurmaq hünərin deyil.
Sənin sevgilərin dayazda olan,
Sənin duyğuların heç dərin deyil.

Köksümün içində yetim könlümü,
Bir qəbir daşına sərib qurutdum.
Fələk soldurandan bahar gülümü
Bəxtiyar olmağı çoxdan unutdum.

Eyləmə xəzanı sevməyi peşə,
Sev bahar çiçəyi göyərtsin səni.
Mən qarın altında donan bənövşə,
Neynirsən, ay adam, sevirsən məni?
Xatın

Əmək

Əmək, əmək, ay əmək,
Sən arxasan, sən kömək.
Kim tutursa əlindən,
Olursan ona kömək.
Azuqəsən, yeməksən,
Var, dövlətsən, demək, sən!
De kim doyar hüsnündən,
O nur saçan üzündən!
Günəş kimi istisən,
Qar kimi saf, təmiz, ağ.
Sən güləndə el gülür,
Olur vətən nur, çıraq.
Mövlud Teymur

* * *

Alnımın yazısıdır, sərf elədim ömrü hədər,
Nə zaman doldu yaşa can, nə zaman bitdi səfər.

Küsdürüb incidirəm, könlümü öz qəhrim ilə,
Yoxsa da bir nöqsanı, bir günahı zərrə qədər.

Xərcləndikcə ömrümüz bəhsə girir yaş gün ilə,
Bənzəyir qədd suala, korlaşır baxdıqca nəzər.

O zaman ki, görürdüm röyada mən ağ günümü,
İstəmirdim açıla gözlərimi örtən çəpər.

Bəzən də yumammadım kirpiyimi , qaçdı yuxum,
Dedim ki, oyaq qalım, gözümdəki sevgi itər.

Hələ çoxdur diləyim dərdim-qəmimdən, ey dost,
Lütf etsə Tanrı mənim bəxtimə, dərd-qəm nə edər?

Gülxar, çox döydü səni qəm yağışı, dözdün axır,
Ustad ol, döz, yenə döz, haqq çalacaq sonda zəfər.
Gülxar Cəbiqızı

Qaytara bilərsən

Deyirsən istə sən tapım səninçün,
Nə istəyirsənsə gedim gətirim.
Qaytar gəncliyimi, qaytar mənimçün,
Qaytara bilərsən? Geri götürüm.

Neynirəm zirvədə ağaran qarı,
Üşüdür qəlbimi, alır baharı.
Payızı göndərib ömrümə sarı,
İstəyir könlümdə çiçək bitirim.

Dünyanın içində olan dünyamı,
Özünə götürüb alan dünyanı,
Arzular içində solan dünyamı,
Qaytara bilərsən? Geri götürüm.
Nailə Yırğınçaylı


Öləndə bir dağda dəfn edin məni

Məni istəyənlər, vəsiyyətimdir:
Öləndə bir dağda dəfn edin məni.
Bu da bir arzumdur, bir niyyətimdir,
Öləndə bir dağda dəfn edin məni.

Ürəyim dağlarda tapar sərinlik,
Var orda doğmalıq, saflıq, şirinlik.
Ucalıqdan gələr ruha dərinlik,
Öləndə bir dağda dəfn edin məni.

Bezmərəm yüz il də qalsam orada,
Güvənnəm dağlara, inanmam yada.
Qəbrimin üstünü tufan alsa da,
Öləndə bir dağda dəfn edin məni.

Deməyin başını duman almasın,
Yanında qurd, quzğun yuva salmasın,
Deməyin yazıqdır, tənha qalmasın,
Öləndə bir dağda dəfn edin məni.

Dağlara baxmaqdan doymayır gözüm,
Nə qədər yazsam da qurtarmaz sözüm.
Mən özüm seçmişəm dağları , özüm,
Öləndə bir dağda dəfn edin məni.
Aidə Gədəbəyli


Bayatılar

Mən aşiq o da bilsə,
Düşmüşəm oda bilsə.
El bilir aşiqiyəm,
Nə dərdim, o da bilsə.

Mən aşiqəm, yada yar
Nə tez uydun yada yar?
Bu dünyaya kor baxım,
Səni salsam yada yar.

Əzizim qarı dağlar,
Bəsləyər qarı dağlar.
Baharda əlvan geyər,
Payızda sarı dağlar.

Əzizinəm, qapana,
Dərdim sığmaz qapana.
Kaş, ay dağlar, gözlərim
Qoynunuzda qapana.

Əzizinəm, öz dərdi –
Var hərənin öz dərdi.
Ananın belin bükər
Oğul dərdi, qız dərdi.

Əzizinəm yumağa,
Qəddim dönüb yumağa.
Mən ölsəm anam yusun,
Yada vermə yumağa.

Adamı

Aman Allah, zərrə-zərrə
Əridərmiş dərd adamı.
Dərd əlindən sınan gördüm,
Polad kimi sərt adamı.

Hər kim ayrı düşsə eldən,
Uzun keçər günü ildən.
Xoş ömrünü alar əldən,
Fələk eylər pərt adamı.

Xəyal, kaş ki bu dünyadan
Köçməyəydi vaxtsız insan.
Zalım əcəl verməz aman,
Tez aparar mərd adamı
Xəyal Orucov
Topçu kəndi

Yar olmaz

Bədəsildən nanəcibdən yar olmaz,
At daşını, yar başını, yar, olmaz.
Fərhad kimi dağları çap, yar, olmaz,
Hər zamanın Şirini, Fərhadı var.

Sənin qəlbin yar tərəfdən yarasa,
Məhəbbətin çalış qəlbdən yar asa,
Kimə neylər yazıq bayquş, yarasa,
Yazıqların bədnam olmuş adı var.

Allah verən qismətini qoru sən,
Gəl axtarma yad ocaqda qoru sən.
Öz doğmaca ocağını qorusan -
Hər ocağın öz alovu odu var.

Qızılgülün yerin verməz ha lalə,
Nəğmə öyrət ha dilsizə, ha lala.
Qatmaginən haram malı halala,
Halal malın başqa tamı dadı var.
Nizami Girdimançaylı

Dərdimi

Dünya yol üstündə bir dayanacaq,
Kim gəlib ötəcək, kim dayanacaq.
Görürəm danışsam su da yanacaq,
Qoy gedim danışım dağa dərdimi.

Gündüzüm dolanıb gecəyə gəldi,
İnsan bu dünyaya heç nəyə gəldi.
Alalar satasan neçəyə gəldi,
Xərcləyəsən sola-sağa dərdimi.

Bu qarı əritməz nə bahar nə yaz,
Bu yükün altında dəvə də durmaz.
İlan da, əqrəb də dilinə vurmaz,
Qatsam da yüz bala, yağa dərdimi.

Ayaz dərd önündə bir səd, bir qala,
Kim dözər mən dözən bu qeylü-qala.
Əgər bir gün ölsəm qoymayın qala,
Tez bükün mənimlə ağa dərdimi.
Ayaz Şəfaqətov

Lal baxışlar

Susub çəkiləcəm gözündən kənar,
Qaçacam ən adi sözündən kənar,
Çalışıb elədin özündən kənar,
Töksəm də gözümdən yaz yağışları,
Örtəcəm kirpiklə lal baxışları!

Qaçacam duymayım sənin səsini,
Əzib keçsəm belə dağ laləsini,
“Bircəciyim” adlı eşq nəğməsini,
Bir də ki, qəlbimdə yar naxışları,
Örtəcəm kirpiklə lal baxışları!

Bacardığım qədər gözdən itəcəm,
“Xoşbəxt olmağındır kamım-yetəcəm,”
Yanından səssizcə, elə ötəcəm,
Vurub ürəyimə hicran daşları.
Örtəcəm kirpiklə lal baxışları!

Yaşadan deyiləm sənə əngəli,
Lal edə biləcəm nəğməkar dili,
Əlinə dəyəndə özgənin əli,
Etməyəcəm sənə bəd qarğışları,
Örtəcəm kirpiklə lal baxışları!

Sən məni indidən unutdun belə,
Ehtiyac qalmadı aya, ya ilə,
Bəlkə üzülmədin, sən bilə-bilə,
İnanmağım üçün çatdın qaşları,
Örtəcəm kirpiklə lal baxışları!
Şəhla Ramazanqızı

Səni sevirəm

Yaxşı ki ömrümə sən gəldin gülüm,
Mən hardan bilərdim, gün doğduğunu?
Qaranlıq gecəmə günəştək doğdun,
Yoxsa heç bilməzdim yaz olduğunu.

Yaxşı ki, ömrümə sən gəldin gülüm,
Üşüyən qəlbimin hərarətisən.
Dar gündə köməyim, işıqlı yolum,
Qorxulu anlarda cəsarətimsən.

Yaxşı ki, ömrümə sən gəldin, gülüm,
Yoxsa heç bilməzdim hansı fəsildi.
Qəlbimin qayğılı bu anlarında,
Məhəbbət ömrümə hakim kəsildi.
Ziyəddin Türksoy

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!