• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Vətəndaş yetişdirmək məsuliyyəti

Vətəndaş yetişdirmək məsuliyyəti

Yazar Ismayilli
//
03 iyul 2015
//
//
Oxunub 1174
//
Yeni rubrika: Məktəb direktorunun tribunası

Vətəndaş yetişdirmək məsuliyyəti

Azərbaycan doğma vətənimiz, biz isə onun vətəndaşlarıyıq. Hər kəs vətəndaşlıq borcunu yerinə yetirdiyi qədər hörmət-izzət sahibi olur.
Əslində, hazırlayacağım yazının qısa məzmununu bildirdim. Əsl vətəndaş olmağın nədən ibarət olmağının yüzlərlə elemntinin bir neçəsini öz fikir prizmamdan izahını vermək istəyirəm.
Müəlliməm. Şagirdlərin təlim və tərbiyəsi ilə məşğulam. Dövlətin ən böyük kapitalı olan gənclərimizin aldığı təlim və tərbiyə Azərbaycanımızın gələcək qüdrətinin ölçüsüdür.
Təcrübəmdən, oxuduqlarımdan, gördüklərimdən hasil etdiyim nəticə bundan ibarətdir ki, ailə uşağın əsas yol göstəricisidir. İşlədiyim pedaqoli kollektivin valideynlərlə sıx əlaqəsinin müsbət nəticələri bu fikrdə olmağıma əsas verir.
Çin xalq məsəlində deyilir: bir il sonranı fikirləşirsənsə çəltik ək, on il sonranı fikirləşirsənsə bağ sal, on illərlə sonranı fikirləşirsənsə sağlam nəsil yetişdir.

Vətəndaş yetişdirmək məsuliyyəti


Bu fikrin həqiqət olmasını bir neçə fakt və rəqəmlə nəzərə çatdırmaq istərdim. Təxminən 30 il əvvəl kəndimizdə bir-iki ali təhsilli müəllimə var idi. Ali təhsilli mütəxəssisləri, necə deyərlər, barmaqla saymaq mümkün idi. 15 il bundan qabaq ərazimizdə həkim yox idi. Bu gün məktəbimizin yetirməsi olan 14 müəllim bizimlə birgə çalışır. Onlarla gənc həkim ixtisasına sahibdir. 30 yaxın hərbiçi zabitimiz vətən keşiyindədir. Son 10 ildə 237 məzunumuz ali, 50-yə yaxın məzun isə orta ixtisas məktəblərinə qəbul olunub.
Bunları sadalamaqla əslində, sual vermək istəyirəm: Bəs ali təhsil alıb ziyalılığı artıran, vətəninə daha yaxından xidmət edəsi gənclərlə birgə oxuyan, bir partada əyləşən, eyni müəllimdən dərs alan, eyni dəftər, kitab və qələmdən istifadə edən, həyatda istədiyi mövqeyi tuta bilməyən digər şagirdlərin taleyində günahkar kimdir?
Bəli, bütün gənclər üçün eyni şərait, eyni mühit olduğu halda fərq yalnız uşaqların gəldikləri ailələrdədir.
Ailədə tərbiyənin düzgün qurulmaması, təhsilə nəzarətin yetərli səviyyədə olmaması, yetişən uşaqların gələcək həyatı üçün əngəl olan əsas amildir.
Bu məqamda müdrik bir kəlam yada düşür: “Cəmiyyət ailələrdən təşəkkül tapar, ailələr narahat olanda, cəmiyyət də xəstə olar”. Böyük pedaqoq Makerenkonun fikrincə, valideyn belə düşünməməlidir ki, o, uşağı yalnız onunla danışanda, onu öyrədəndə, ona tapşırıqlar verəndə tərbiyə edir. Valideyn uşağın yanında etdiyi söhbətlə, geyimi ilə, başqa adamlarla davranışında, hətta sevinc, yaxud kədər hisslərini necə keçirməsi ilə də uşağın tərbiyəsi ilə məşğul olur.
Müdrik Çin xalq məsəlində deyilir: “Uşaqların tərbiyəsi ilə məşğul olmayın, öz tərbiyənizlə məşğul olun, onsuz da böyüyəndə sizə oxşayacaqlar”. Məncə, bu, izahata ehtiyacı olmayan fikirdir. Axı dünən kiminsə ünvanına, xüsusilə də, uşaq yanında nalayiq sözlər danışan, öz böyüyünə hörmət qoymayan valideyn uşağına nəyi qadağan edə bilər? Evin kişisini saymayan qadının, evin qadınına hörmət qoymayan kişinin yanında hansı uşaq tərbiyəsindən söhbət açmaq olar?
Acınacaqlı olsa da, bəzi faktları oxucuların nəzərinə çatdırmaq istəyirəm.
Dərsədən icazəsiz qalan, məktəbli forması geyməyən övladına və ya başqa səbəbə görə məktəbə çağırılan valideyn övladı ilə bacarmadığını etiraf edir. Təəssüf olunası hal odur ki, 5-6 il əvvəl barmaqla sayılırdısa, belə valideynlərin sayı durmadan artmaqdadır. Bəzi hallarda valideynin cavabları təxminən belə olur:
- Müəllim, məktəbli forması almışam, geyindirə bilmirəm. Səhər-səhər çantasını götürüb məktəbə çıxıb, ancaq hara getdiyini bilmirəm. Müəllim, vur öldür, mən bacarmıram. Qorxuram ki, atasına desəm, öldürər. Bu uşağı anası tərg edib, mən belə deyirəm, anası ayrı cür...
Məktəbə mobil telefon gətirilməsi qadağan olunmasına baxmayaraq, bu qaydaları pozanlar da olur. Valideyn belə bəraət qazandırır: yay tətilində işləyib özü alıb. Hakbuki, telefonun qiyməti ailənin gəlirinə və yaşayış tərzinə qətiyyən uyğun deyil. Tutaq ki, uşaq ehtiyac üzündən işləyib. Normal halda qazandığı pulu valideyninə verməlidir. Yeri gəlmişkən, bir çox ailələr övladlarının restoranlarda xidmət etmələrinə yol verirlər. Bu isə uşaqların tərbiyəsinə olduqca pis təsir edir. Məsələn, avtomobil çilingəri, yaxud digər usta yanında işləyən gənclərdə əsasən əməksevərlik tərbiyə olunursa, iaşə xidmətində işləyənlərdə daha çox meşşanlıq vərdişləri yaranır.
Ekspertlərin fikirlərinə əsaslansaq hər bir gəncin tərbiyəsində aşağıdakı əsas amillər daha çox təsiredicidir: Ailə tərbiyəsi, ətraf mühit və məktəb tərbiyəsi.
Fikrimizcə, ailə tərbiyəsindən sonra ətraf mühit daha ciddi rol oynayır.
Çox təəssüf ki, bu gün təbliğatın güclü vasitəsi olan televiziya verilişləri və internet gənclərin milli ənənələr ruhunda tərbiyəsinə kifayət qədər əngəl törədir.
Təsəvvür edək ki, yüksək keyfiyyətlərə malik bir ailədə ata, ana, oğul, gəlin, qız, ailənin qonaqları televiziyada normal saydığımız bir verilişə baxırlar. Arada reklam verilir – hansısa geyimlərin istifadəsi, xəstəliklərin müalicəsi və bu kimi digər reklamlar göstərilir (oxucu yəqin ki, hansı geyim, yaxud xəstəlikdən söz açdığımızı başa düşür). Nə qədər özünü görməməzliyə, yaxud eşitməməzliyə vursan da, xeyri yoxdur. Böyük-kiçik arasındakı pərdə zəifləyir. Hələ bəzən saatlarla verilən üzdəniraq aparıcı və “sənət adamlarının” şousunda istər geyimi, istər danışığı, istər saç düzümü ilə izləyicinin gözünü ovan kişi müğənnilərimizin, ailəsindən ayrılmış qadınların ekspert qismində dinləyicilərə tərbiyə verməsindən danışmırıq. Sosial şəbəkərin də gənclərimizin milli dəyərlər əsasında tərbiyə olunmasında ziyanlarını da başa düşmək çətin deyildir.
Məktəbli uşaqlar telefondan danışıq vasitəsi kimi heç 5 faiz də istifadə etmirlər.
Açıq deyim ki, bu problemin qarşısında aciz qalan valideynlər çoxdur. Hansı ki, bu gün övladlarının bu problemləri yaşamamaları üçün düzgün yol seçə bilimirlər, yaxud bacarmırlar.
Hər bir valideyn özünün harda olmasından asılı olmayaraq övladının harada və kimlərlə, nə işlə məşğul olduğunu, fikrindən çıxarmamalıdır. Övladının gördüyü, yaxud görəcəyi işlərlə maraqlanmalı, nəzarətdə saxlamalıdır.
Müəyyən yaş həddinə kimi uşaqlar sərbəst şəkildə istədiyi yerə gedirsə, istədiyini alırsa və digər sərbəstliklərə yol verirsə, bu, artıq onun nəzarətdən çıxması deməkdir və belə hallar gələcək xoşagəlməməzliklərin başlanğıcıdır.
Təəssüflər olsun ki, ailələrin çoxunda “idarəolunmazlıq” bu səbəblərdən başlayır.
Acınacaqlı haldır ki, valideyn problem olduğunu başa düşəndə, övlad onunla hesablaşmır. Bu halda valideyn sanki təslim olur, acizləşir. Daha pis hal odur ki, bu qəbildən olan valideynləri məktəbə gətirmək ya çox çətin olur, yaxud heç mümkün olmur.
Nəticə etibarı ilə belə şagirdlər məktəbdə təlim-tərbiyə işinə ziyan vurur, digər şagirdlərin də təlim və təhsilinə mənfi təsir göstərirlər. Hesablamalar göstərir ki, narahat ailələrdən gələn şagirdlərin tərbiyəsinə sərf edilən vaxt ümumilikdə tədrisə sərf edilərsə, məktəblərin uğur göstəricisi 20-30 faiz yüksək olardı.
Əlbəttə, övladının xoşbəxt olmasını istəməyən valideyn yoxdur. Sadəcə, valideynin övladına qarşı təhsil və tərbiyə məsuliyyəti yetərincə yüksək olmalıdır. Tərbiyə ilə kor-koranə yox, başa düşərəkdən məşğul olunmalıdır. Məktəblə, müəllimlə əlqə səmərəli olmalıdır.
Məsəl var: Müəllimin öyrədə bilmədiyini həyat özü öyrədir.
Övladları ilə nəinki ata-ananın, hətta, el-obanın fəxr edə biləcəyi ailələrimiz də az deyil. Əksər hallarda nümunəvi ailələrdən olan uşaqlar yaxşı oxuyur, məktəbin ictimai işlərində fəal iştirak edir, gələcək həyat uğurlarına məktəbdə qazandığı nailiyyətlərlə istiqamət verir. Belə şagirdlərin öz həyatında, Azərbaycanımızın gələcək inkişafında layiqli paylarının olacağına inanırıq.
Məktəbimizlə əlaqəsi olan nümunəvi ailələrdən birinin – Şıxalıyevlər ailəsinin fotoşəklini bu yazıya əlavə edirəm.
Hörmətli valideynlər, yaxşılardan nümunə götürə billmək də bir bacarıqdır. Hər bir valideyn canı qədər sevdiyi Vətəni və cəmiyyət üçün vətəndaş yetişdirmək məsuliyyətini dərk etməli, övladının təlim və tərbiyəsi ilə vaxtında məşğul olmalıdır.
Qalib Bəşirov,
şəhər 6 nömrəli tam orta məktəbinin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!