Təbiətə məhəbbət insana məhəbbətdir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Təbiətə məhəbbət insana məhəbbətdir

  • 30.06.2015, 16:14,
  • ---
  • 0
Tanrının ən böyük şah əsəri olan Yer üzünü ağacsız təsəvvür etmək mümkün deyil. Canlı həyatın mövcudluğu üçün əvəzsiz rol oynayan oksigenin istehsalçısı ağacdır. Ağacın faydası haqqında yeni bir fikir söyləmək iddiasında deyilik, sadəcə əcdadlarımızın, ulularımızın təbiətə, ağaca olan qədim münasibətinin bu gün üçün aktuallığını nəzərə alaraq bir qədər yaddaşımızı yeniləmək arzusundayıq.Təbiətə məhəbbət insana məhəbbətdir
Yaşadığımız coğrafi məkanda biz azərbaycanlılar qədər ağaca tapınan, onun qüdrətinə inanan ikinci bir xalq təsəvvür etmək çətindir. Elə yaşadığımız İsmayıllı rayonunun bu baxımdan daha zəngin nümunələri olan bir məkan adlandıra bilərik. Ərazilərdə nə zamansa məskunlaşan insanlar iri gövdəli ağaclar gördükdə ora pir kimi yanaşmış, hətta həmin pirlərin quru çöplərini belə yandırmamışlar, yaş budağına belə balta vurmamışlar. Bu pirlərdən müxtəlif ibadət yerləri kimi istifadə olunmuşdur. Məsələn, Həzrə qəbiristanlığında yaşı yüz illərlə ölçülən ağaclar var. İndinin özündə də XX əsrdə yaşamış, övliya sayılan Xələf babanın dəfn olunduğu nəhəng palıd ağacının qol-budağında həmişə müxtəlif rəngli saplar, parça qırıqlarını görmək mümkündür.
Keçmiş İsmayıllı kəndindəki “Qanı piri”ndəki bulaqdan indi də istifadə olunur və paralel olaraq ona “Qanı bulağı” da deyilir. Həmin pirin ərazisində bəlkə də minilliklərdən xəbər verən çürümüş nəhəng palıd ağaclarının qalıqları son dövrədək qalırdı. Həmən ərazidə yerləşən “Hacı piri”ndə də çox qədim nəhəng çürümüş ağac gövdələri 70-ci illərədək dururdu. 1960-cı illərin sonu olardı, pir ətrafında oynayardıq, axşamüstü hamının “Sitarə bibi” deyə müraciət etdiyimiz Sitarə Əhməd qızı Abdulova qucağında bir topa kitab pirə gəldi və həmin kitabları pirin ortasındakı nəhəng çürük ağacın gövdəsinə qoydu. Bu o illər idi ki, sovet imperiyasının vətəndaşların vicdan azadlığına basqıları davam edir, hətta insanlar evlərində nəinki “Quran” nüsxələrini, hətta ərəb əlifbası ilə çap edilmiş digər kitabları da saxlamağa ehtiyat edirdi. Bəs nə üçün Sitarə bibi babası Baldayı kişidən qalmış kitabları ağac koğuşuna qoyurdu? Bunun izahı, fikirimizcə, əcdadlarımızın ağaca tapınma, onun xilaskar gücünə inamın təzahür forması idi.
Pirlər haqqında elmi ədəbiyyatda kifayət qədər məlumatlar vardır. Həmin ədəbiyyatlarda bir tərəfdən “pir” sözü ərəb mənşəli olub “qoca”, “nurani” anlamında izah edilirsə, digər tərəfdən iri gövdəli ağaclıq mənasında da başa düşülür.
Bəs necə olur ki, İslam etiqadlı insan ağaca tapınır, dərdlərinin həllinə çarəni ağacın varlığında axtarır. İnsan hər zaman yaradılışın sirlərini öyrənmək, həyatını qurmaq, daha uzun ömür yaşamaq barədə düşünmüşdür. Professor M.Seyidov “Azərbaycan mifik təfəkkürünün qaydaları” əsərində yazır: “Əski türklərdə doğum ilahəsi, bəzən isə ümumiyyətlə, tanrı məfhumu ağacla əlaqədar düşünülmüş, hətta əkiz kimi qəbul olunmuşdur”. Alimin fikrincə, “əski insan barlı ağacları artıb törəməyin, dünyanı yaradan Dünya ağacının-həyat, əbədiyyət ağacının simvolu kimi qəbul etmiş və buna görə də doğum, məhsuldarlıq ilahəsini ağacla qoşa düşünmüşdür. Hətta, əski azərbaycanlılarda doğum, məhsuldarlıq ilahələri həm ağacla təsəvvür olunarmış, həm də sonralar bu və başqa ağacın, bitkinin çiçəyinin adı ilə adlanarmış. Ağacın doğum, yaradılış gücünə, qüdrətinə aid fikirlərə qədim “Avesta” kitabələrində rast gəlinir. Təsadüfü deyil ki, bu gün də sonsuzluğun bir çarəsi də ağac pirlərin ziyarətində görülür. Azərbaycanın bir çox yerlərində belə pirlər mövcuddur və insanlar ağacın doğum piri olmasını qəbul edərək ona tapınar, səcdə edərdilər. Çox maraqlıdır ki, çinar ağacı “xan çinar”, ağcaqayın “ana ağac” deyə vəsf olunur. Tədqiqatçı alim, türkoloq M.Seyidov yazır ki, hələ XIX yüzillikdə Altayda yaşayan türkdilli xalqlar tənha çinar ağacına qurban gətirər, onlara sitayiş edərlərmiş. Qazaxlar isə səhralardakı tək ağacın adına qurban kəsərmişlər. Müşahidələrim əsnasında deyə bilərəm ki, çox da uzaq olmayan tarixdə yaşlı qadınlar ağac pirlərinə niyyət edib qazan qaynadar, sıyıq bişirib paylayardılar. Lap uşaqlıq xatirələrimdən biri də “sabaha sizi filankəsgilə qazan qaynamaya çağırırıq” cağrışlarıdır. Azərbaycanlıların, eləcə də türkdilli xalqların ağaca tapınmaları digər alimlər tərəfindən də araşdırılmışdır. Sovet türkoloqu B.A.Qordlevski bu məsələyə xüsusi önəm vermişdir.
O yazır ki, azərbaycanlılar qoşa ağaca, qırx ağaca, bəzən ağaclığa, ormana tapınır və həmin ağacın bir budağını kəsməyə belə heç kəs cürət etmir. Onlar sitayiş etdikləri ağaclara and içir, ildə bir dəfə isə qurban kəsirlər”.
Tarixə ekskurs edən türkoloq Qaraqoyunlular dövründən də nümunələr gətirir və qeyd edir ki, qurbanlıq heyvanın sümüklərini meşədə basdırırmışlar.
Azərbaycanlı təfəkküründə ağacın, bitkinin xilaskar gücünü sənubər ağacına, üzərliyə olan münasibətdə görmək olur.
Professor Şamil Cəmşidov “Yolka bayramı” haqqında məqaləsində yazır ki, Qarabağ bölgəsində “Ələm ağacına” inam çox güclü olmuşdur. Hətta, arandan dağa, dağdan arana gedib gələnlər ələm ağacının dibinə əmanət qoyub gedər, aylarla sahibsiz qalan bu əşyalara ağacın qorxusundan kimsə toxunmazdı. Ağacın sehrli gücünə bir nümunəni də müşahidələrim əsasında deyə bilərəm. Evimizdə təxminən bir metrlik, 1,5, 2 santimetr diametrində bir çubuq var idi, ona “Baba çubuğu” deyirdilər. Həmin çubuq ziyarət zamanı Baba dağından gətirilmişdi. Mal köpəndə qovar, həmin çubuqla malın qarnına vurardıq və həmin çubuğu yenə evdə əlçatmayan bir yerə qoyardıq. Dağdağan ağacının bir hissəsi olan bu çubuq xalq təfəkküründə dağdağan ağacının mifik gücünə inamın təzahürü idi.
Təbiətə məhəbbət insana məhəbbətdir
Bir çox xalqlarda olduğu kimi, qədim türk xalqlarının, o cümlədən azərbaycanlıların etiqadına görə müqəddəs sayılan ağacların meyvələri, yarpaqları insanları cavanlaşdırır, ömrünü uzadır, insana əbədi həyat bəxş edir. Məsələn, hamımızın uşaq ikən oxuduğumuz “Məlikməmməd” nağılındakı alma ağacı, onun meyvəsi, “Tapdıq” nağılındakı “ ”dirilik ağacı”, “dirilik gücü” ağaca, onun meyvəsinə etiqadın, inamın təzahür formasıdır. İnsan alma ağacının meyvəsinə o qədər inanır ki, hətta düşünür ki, həmin ağacın meyvəsindən yesə, qoca 15 yaşlı cavana çevriləcəkdir. Xalq təfəkküründə, adət-ənənələrində ağaca sevgi, inam, hörmət barəsində nümunələrin sayını artırmaq da olar. Maraqlısı odur ki, xalq öz inamını min illərdən bəri qoruyub saxlamış, öz mifik təfəkkürünü islamı dünyagörüşlə sintez edərək unutmamışdır. Professor M.Seyidov yazırdı: “Ağaca inam o qədər güclü olmuşdur ki, islam dininin qılınc oynatdığı bir dövrdə ağaca və Qurana and içmək eyni qüvvəyə malik imiş”.
Bəs ağaca inam, tapıntı haradandır? Ağacın insan üçün ibtidai-icma dövründən həm silah, həm istehkam vasitələri, sığınacaq, soyuqdan qorunma vasitəsi, qida hazırlama mənbəyi, məişət alətləri bəzək əşyaları və sair üçün xammal olmasından irəli gəlmirmi? Bəlkə də bu inamın kökünü burada axtarmaq lazımdır. Digər tərəfdən, meşələri ağ ciyərlərimiz adlandırırlar. İnsanlar meşələri qırmaqla öz ağciyərlərinin havasını qapamırlarmı? - sualı ortaya çıxır. Bu barədə düşünməyə dəyər.
Bütün bunlarla bərabər, canlı varlığın mövcudluğu üçün zəruri olan oksigenin istehsalçısı ağacdır. Oksigensiz həyat yoxdursa, demək ağacsız da həyat yoxdur. Bir insanın illik oksigen tələbatı təxminən 400 kiloqramdır. Bir ağac il ərzində 120 kiloqram oksigen istehsal edə bilir. Bir insanın yaşaması üçün daimi olaraq 2-3 ağacın mövcudluğu vacibdir.
Respublikamızın ərazisinin cəmi 11 faizini meşəlik təşkil edir, yaşıllıqları qorumaqla, artırmaqla çox iş görmüş olarıq. Tərbiyə sisteminin mahiyyətində bəşərə və təbiətə sevgi konsepsiyası dayanmalıdır. Fanatizm, cəhalət nöqteyi-nəzərindən yox, təbiəti qorumaq baxımından xalq təfəkkürünün qaynaqları təbiətə, ağaca olan sevginin qayəsinə çevrilməlidir.
Rövşən Şirəliyev
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter