• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qələbə - 70 Heç kim unudulmur...

Qələbə - 70 Heç kim unudulmur...

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 759
//
Müharibə böyük fəlakətdir, həm də tarixi hadisədir. Müharibədə udanlar az, uduzanlar isə çox olur. Müharibə xalq, millət və dövlətlər üçün süqut nöqtəsidir. Eyni zamanda, ailələri bədbəxtliyə, şəhər və kəndləri xarabalığa aparan yoldur.
Söhbət 1941-1945-ci il tarixli İkinci Dünya müharibəsindən gedir. Bu müharibə böyük dağıntılara səbəb olmaqla yanaşı, millətlərin qüdrətli oğullarını əlindən almış, ailələr dağılmış, uşaqlar yetim qalmış, kimsəsiz böyümüşlər. Bir sözlə, müharibənin acılarını sözlə ifadə etmək çətindir.
Müharibənin ağır zərbəsi hər bir ailəyə dəymişdir. O zərbə mənim də yaxınlarımdan, qohum-əqrabamdan, xüsusilə əmilərimdən yan keçməyib. Ona görə də onların ad və soyadını bir daha yad etməyi özümə borc bildim. Bu müharibə iştirakçılardan əmim Mirzədadaş Rzayev – onun oğlu Şahsuvar Rzayev, əmim Məmmədrza Rzayev, Nurbala, Əli, Murad və Ağaşaban Baxışovları xüsusilə qeyd edərdim. Onlar Berlinə qədər oddan-alovdan keçiblər. Mirzədadaş, Nurbala və Murad əmim cəbhədən geri qayıtmayıblar. Cəbhədən qayıtmış döyüş yoldaşlarından birinin dediyinə görə Murad Baxışov sarışın, arıq və göygöz adam olub. Zahirən onu rusa oxşadırlarmış. Orduya getməzdən əvvəl yaxşı ovçu kimi tanınırdı. Bunu bildikdən sonra ona snayper tüfəngi verirlər. Murad əmim düşmənin topçularını, zabitlərini bir-bir dənləməyə başlayır. Almanlar həmin hissəni mühasirəyə alıb əsir götürürlər. Snayperin kimliyini müəyyən etdikdən sonra Murad Baxışovu sıradan irəli çıxarıb, hamının gözü qarşısında güllələyirlər. Onun üç qız övladı qalmışdı. Hazırda Murad Məhərrəmov (RİH-də işləyir) onun nəvələrindən biridir, babasının adını daşıyır.
Nurbala Hacıbala oğlu Baxışov 1913-cü ildə Müdri kəndində anadan olub. Dövrünün savadlı adamlarından idi. O həm də idmançı-pəhləvan kimi tanınırdı. Bakıda təhsil alarkən orada oxuyan həmkəndlilərinə himayədarlıq edərdi. Onları elmə, təhsilə cəlb etməyə çalışardı. Atamın dediyinə görə, ADU-nun tarix fakültəsini bitirib. İlk əvvəl Pirəqanım kəndində müəllim işləmişdir. 1938-ci ildə hərbi xidmətə çağırılanda isə Təzəkənd ibtidai məktəbinin müdiri işləyib. Talıstan kəndində pasport qeydiyyatında olsa da, Aşağı Cülyan kəndində yaşayıb. Yenicə ailə qurubmuş.
Hərbi xidmətinə Litvada sərhəd qoşunlarında başlamışdı. Hərbi xidmətini başa vurmağa az qalıbmış. Atam danışırdı ki, 1941-ci il iyunun 15-də Nurbalanın sonuncu məktubunda qardaşlarının ona daha cavab məktubu yazmamağı bildirmiş, uzağı bir həftəyə hərbi xidmətdən tərxis olunacağını yazmışdı. Lakin “Sən saydığını say, gör fələk nə sayır”- demiş atalar. Hərbi xidmətdən qayıtmaq, yenicə evlənib qoyub getdiyi xanımını, qardaşlarını görmək bir daha ona qismət olmadı. Litva sərhədində xidmət göstərən Nurbalanın hissəsi ilk zərbəni qəbul etdi. 1941-ci il 22 iyunda Almaniya ordularının SSRİ-yə qəfil hücumu onun da taleyini dəyişdi. Həmin tarixdən etibarən ondan nə məktub, nə də bir xəbər gəlmədi. Ondan yalnız 15 iyun 1941-ci il tarixli bir məktub qalıb.
Nədənsə, atam onun ölümünə inanmırdı. Nə vaxtsa gələcəyinə, üzə çıxacağına ümid edirdi. Bəli, budur faşizmin fəlakəti...
Bu gün faşizm üzərində qələbəni bütün tərəqqipərvər insanlar qeyd edirlər. Ancaq ayrı-ayrı bölgələrdə gedən lokal müharibələr hələ də davam edir. Şərq ölkələrində gedən müharibələr hər gün nə qədər insanın ömrünə son qoyur. Erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi ən ümdə vəzifəmizdir.
Həmid Hacıyev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!