Sonrakı peşmançılıq fayda verməz » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Sonrakı peşmançılıq fayda verməz

Bir uşağa şar və qızıl versən, şarı seçər, qızıla tərəf baxmaz da. Səbəb şarın əyləncəli olduğu deyil, uşağın qızılın dəyərini bilməməsidir. Dəyərinin fərqinə varmadan bəzən əlində olanların itkisi ilə üzləşirsən. Bu, təbii haldır. O da məlum məsələdir ki, dəyər verə bilmədin nəyisə nə qoruya, nə də ondan istifadə edə biləcəksən. Ötəri dəyər ötəri sevgidir. Ən kiçik itkinin isə acısı tam, yəni böyük olur.
Həmişə hər şeyin ən yaxşısını arzulayar, ən yaxşısına can atarsan. Daha yüksəkdə olmaq istəyərsən. Vitrinin qarşısından keçərkən orda nümayiş etdirilən gözəl bir libasın sahibi olmağı arzulayarsan. Bu anda əynindəki gözündən düşər. Amma onu sev. Unutma ki, sənin əynində olan da kimlərinsə xəyalıdır. Sənin geyindiyin geyim, tutduğun mövqe, ailən, evin və daha nələr... Bunların ən pisi belə kiminsə arzusudur. Sığınmağa bir daxmam olsun yetər, sadəcə sarılacaq bir ailəm olsun yetər, bədənimi örtən bir geyim olsun yetər deyə, - arzulayanlar var. Sən isə narazısan. Amma sənin olanları: Özümündür! – deyib, sevməlisən. Çünki, sənindir. Əsas olan da budur. Sənindir.
İnsan ən gözəli arzulamasa, ən yaxşıya doğru getməsə, irəliləyə bilməz, dayandığı yerdə sayar. Sən daha yaxşısını əldə etmək uğrunda mübarizə aparmalısan. Amma sənin olanı dəyərdən salmadan, itirmədən sevməlisən. Çünki, yalnız itirərkən nəyi itirdiyini, onun nə qədər lazımlı olduğunu anlayacaqsan.
Arzulanan hər şey hər yerdə hazır olmaz. Arzuladığın hər şeyi eyni bir zamanda qazana bilməzsən. Amma əldə edə bilmədiyin və arzusunda olduğun şeylər əlində olanların hamısından daha əlçatmaz və qiymətli görünər sənin üçün. Onları əldə etsəm, göz bəbəyim kimi qoruyaram deyirsən. Halbuki, əldə etdikdə indiyədək arzulayıb qazandığın digər şeylər kimi, onları da dəyərdən düşürəcəksən.
“İt sahibin tutmaz” deyirlər. Bunun kökündə yatan əsl səbəb bu şüursuz heyvanın dəyər anlayışını anlamasıdır. Ona yem, yer verən sahibinin onun üçün lazımlı olduğunu anlayır. Əgər sahibi ona yem əvəzinə işgəncə versə, it ona ya hücum çəkəcək, ya da qaçıb gedəcək.
İnsan üçün dəyər verə bilmənin əhəmiyyəti olduqca böyükdür. Əgər ətrafdakı pislik və yaxşılıqları, ziyan və xeyirləri bir-birindən ayırıb, dəyərləndirməyi bacarmırsansa, onda hər kəsə zərərin dəyə bilər. Dəyərləndirmə anında ölçü dəqiq olmalı və düzgün şərh olunmalıdır. Bu ədalətdir! Hər yerdə, hamı və hər şey üçün vacibdir.
Həyatında baş verən bədbəxtlik və xoşbəxtlikləri ayırd edib, dəyərləndirməyi bacarmasan, o zaman Allaha qarşı belə naşükür olacaqsan.
Hətta, az, kiçik olsa da, yediyin bir tikənin də dəyərini bilməlisən. Əlində olan nemət üçün, “azdır”, “dadsızdır”, “yavandır” kimi sözlər demək əsl insana yaraşmaz. Əlində olanın az da olsa olması önəmlidir.
Gözlərinin olduğu üçün, görə bildiyin üçün şükür etmirsən. Ayaqların salamatdır, kimsəyə möhtac olmadan gəzə bildiyin üçün şükür etmirsən. Bir düşün, sənin əlində olan nə qədər sərvətin var. Onlardan məhrum olanları düşünmürsən heç? Duz-çörək haqqını bilməyən kor olur məsəli var. Bu korluq, nankorluqdan əlindəkiləri itirib göz yaşı axıdanlara aiddir.
Əlimizdə olanlar təkcə canımız, mal-mülkümüz, əşyalarımız deyil, həm də əzizlərimiz, doğmalarımızdır. İnsanlar o qədər mənimsəmə və idarəetməyə meyilli olurlar ki, bəzən ətrafındakı insanları da heyvanları, əşyaları kimi idarə etməyə çalışırlar. Bu zaman nəticənin nə olmasından asılı olmayaraq qazanılan yalnız nifrət olur. Çünki, həyatda qul olmaqdan xoşlanan bir kimsə yoxdur. Sadəcə, buna susanlar var. Sən heç kəsi mənimdir deyib, idarə etmək haqqına malik deyilsən. Onun yalnız səninlə olduğu üçün şükür edib, dəyərini bil. Unutma ki, itirildikdən sonra bilinən dəyərin peşmançılıq atəşini göz yaşların belə soyutmayacaq.
Firuzə Çiçək
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter