• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qəyyumluq və himayəçilik

Qəyyumluq və himayəçilik

Yazar Ismayilli
//
16 aprel 2015
//
//
Oxunub 6113
//
Bu hüquqi tərif Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33-cü maddəsində öz əksini tapmışdır ki, məhz bu müddəa qəyyumluq və himayəçilik anlayışının tam təyinatını müəyyən edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qəyyumluq və himayəçilik əsas etibarilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin üzərində təyin edilir və bunda da bilavasitə məqsəd həmin kateqoriya fiziki şəxslərin hüquq və mənafelərinin cəmiyyətdə, ictimai həyatda və hüquqi prosedurlarda müdafiəsinin təmin olunmasıdır. Qəyyumluq və himayəçilik yetkinlik yaşına çatmayanların üzərində də təyin oluna bilər ki, burada da əsas məqsəd yetkinlik yaşına çatmayanların təlim-tərbiyə işinin təşkil və təmin olunmasındadır.
Yetkinlik yaşına çatmayanların valideynləri və ya övladlığa götürənləri olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu və ya digər səbəblərdən valideyn himayəsindən məhrum olduqda, valideynləri onları tərbiyələndirməkdən və hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
Qanunvericilik qəyyumluq və himayəçilik anlayışını daha da konkretləşdirərək, kimlərin üzərində qəyyum, kimlərin üzərində himayəçi təyin edilməsini xüsusi fərqləndirir və bunun hüquqi əsaslarını müəyyənləşdirir. Belə ki, mülki və ailə qanunvericiliyinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Qəyyum və himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirə bilmək qabiliyyəti, eyni zamanda nəzərə alınması mümkün olduğu hallarda qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.
Qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir. Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar.
Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər.
Qəyyumluq və himayəçilik qəyyumluqda və himayəçilikdə olan fiziki şəxslərin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.
Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.
Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir. Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi və s.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri yetərincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.
Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir.
Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir.
Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə xüsusi qərarsız xitam verilir.
Yuxarıda qəyyumluq və himayəçilik barədə qanunvericiliyin kiçik də olsa izahını verməyə çalışdıq. Lakin bu barədə suallarınız yaranarsa, aidiyyəti üzrə yerli icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanına müraciət etməyiniz tövsiyə olunur.
Xətai Abbasov,
İsmayıllı RİH-nin hüquq şöbəsinin müdiri Qəyyumluq və himayəçilik

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!