61 il müəllim işləməyim bu sənətə məhəbbətdən irəli gəlib » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

61 il müəllim işləməyim bu sənətə məhəbbətdən irəli gəlib

- Qələminiz mənfi fikirlərə işləyibmi?
- Qələmim mənim ən sadiq ürək dostumdur hətta mənimlə münasibəti zəif olanlar da and içiblər ki, Miryavər müəllimin qələmi bir dəfə də olsun kiminsə barəsində mənfi fikir ifadə edən ərizə, donos yazmayıb. Qəlbimdə illərlə yığılıb qalmış, insanlara çatdırmaq istədiyim ən xoş hisslərimi, duyğularımı o, dilə gətirib, yeni-yeni yaradıcı işlərə sövq edib. Eyni zamanda vətənə, xalqa ləyaqətlə xidmət edib insanlıq adını şərəfləndirənləri o, aşkara çıxarıb, yaşadıb, tanıdıb, əbədilik yaşamaq haqqına sahib edib.
Bəzən şifahi şəkildə deyə bilmədiyim fikirlərimi, düşüncələrimi qələmim vasitəsi ilə ifadə etmişəm.
Ürək ağrılarımı sakitləşdirən bir həkim və məlhəm kimi də ona minnətdaram.
Lakin etiraf edirəm ki, bircə dəfə qələmim mənim xasiyyətimin əksinə işləyib. Dərsi idarə edə bilməyən və ona kömək etməyimi qəbul etməyib kobudluq edən gənc bir müəllim haqqında respublika mətbuatına yazmışdım. Buna görə peşmançılıq hissi keçirmişəm. Ancaq sonralar qələmimə yaxşı mənada o qədər yaxşı işlər sifariş etmişəm ki... Sağ olsun o da sözümü yerə salmayıb, el-obaya yaxşı xidmət etməyə çalışmağıma dayaq olub.
- Şan-şöhrət artdıqca, özünüzü yüksəkliklərdə hiss etməmisiniz ki?
Etiraf edim ki, bəzən gördüyüm işin müqabilində tərif eşitmək istəmişəm. Mənimlə səmimi görüşəndə sevinmişəm. İşimin mahiyyətinə varıb onu qiymətləndirəndə mənən rahatlıq tapmışam. Axı hər hansı sənətkar ürəyincə olan bir şey düzəldəndə bundan çox fərəhlənir. Mən də el-obanın, xalqın, deyərdim ki, bütün Azərbaycanın dəyərli övladlarının sözlə bədii portretini yaradanda, həmişəlik xalqın qəlbində yaşatdığımı düşünəndə qəlbən çox sevinir, fərəhlənir, təvazökarlıqdan uzaq olsa da, qanad açıb uçmaq istəyirəm. Axı bir neçə ildən sonra onların çoxunu heç kim tanımayacaqdı sevinirəm ki, mən onların xalqın qəlbində, tarixində yaşatdım.
Lakin bu sevinc eqoizm səviyyəsinə qalxmayıb. Çünki bu, mənim qəlbimdə yaşayan ən böyük vətəndaşlıq borcumdur. Ağac bar verdikcə başını aşağa əydiyi kimi, insan da gördüyü xeyirxah işin müqabilində sadəlik dağına tapınmalıdır. Rəsul Rzanın “Çinar” şeirindəki fikir ürəyimdə məskən salıb: insan şan-şöhrət zirvəsinə qalxmaq, ucalmaq üçün xalqın içinə enməli, ellə birgə nəfəs almalı, onunla birgə qalxmalıdır. Şeirdə deyildiyi kimi:
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.
Həm də bir həqiqəti xatırlatmaq istəyirəm: qocalıqda insanın xoş, ürəyə sevinc gətirən sözə, hərəkətə ehtiyacı olur. Enmə bucağı daim gözlədiyin bir reallıq olduğu üçün yüksək də durmaq heç ağlımda gəlmir.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Son vaxtlar məni çox kədərləndirən məsələlərdən biri də kitab oxumağın, demək olar ki, dəbdən düşməsidir. Ancaq elə gün olmaz ki, mən qəzet, jurnal, kitab oxumayım. Televizorda şit, bayağı verilişlərə baxmağı xoşlamıram. Kompüterlə, internetlə aşnalığım yoxdur.
- Başqa yerlərə gedəndə özünüzü necə hiss etmisiniz? Heç Basqal üçün darıxmısınız?
- Səmimi deyirəm: səksəninci illərin əvvəlinə kimi qət etmişdim ki, ömrümün qürub
çağında da olsa, ailəliklə Bakıya köçəcəyəm. Hətta şirinlik adı ilə xeyli pul da verib
pasport qeydiyatına düşdüm. Təhsil aldığım institutda 1974-cü ildə mənə saat hesabı
dərs də verdilər. Amma evim olmadığına görə ailəmi şəhərə köçürə bilmədim və yenidən suyum süzülə-süzülə Basqal məktəbinə qayıtdım. “Qalan yurdun qədrini köçən yurdda
bilərlər”, - etiqadına yenidən tapındım. Ancaq peşman olmadım. Elə bil yenidən həyata gəldim. Yazmaq, yaratmaq həvəsim birə-beş artdı. Artıq Basqalsız nəinki bir günümü, hətta bir saatımı təsəvvür etmirəm. Onun dağı, daşı, çayı, ağacı, vətənpərvər insanları qəlbimə köçüb. Ürəyimsiz necə yaşaya bilərəm?!
İndi Bakıda yaşayan üç oğlumun və bir qızımın evi var, amma qala bilmirəm, elə getdiyim gün Basqala qayıdıram.
- Özünüz başqa ölkədə yaşamaq istərdinizmi?
- (Gülür) Belə fikir 83 yaşlı bir adam üçün gülünc olmazdımı?!
Ancaq bir həqiqəti də bir daha xatırlatmaq istərdim. Yenə babalarımızın “inci”lərinə söykənərdim:
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Burada yaxşı bir düzəliş edərdim: elə gəzməyə də, yaşamağa da, ölməyə də Vətən yaxşı. Yuxarıda dediyim kimi, mən nəinki qərib ölkədə, hətta yaxın şəhərdə də qala bilmirəm. Vətən torpağının bir parçası olan Basqal mənim sirdaşım, cənnətim - bir sözlə, hər şeyimdir. Qışı da, baharı da, xəzanı da mənə doğmadır, əzizdir. Mən böyük və bütöv Vətənimə olan məhəbbətim haqqında “nəğmə”ni elə Basqaldan “oxuyuram”.
- Hobbiniz varmı?
- Ancaq bədii əsərləri mütaliə etməyi hobbi hesab edirəm. Rus şairlərindən N.A.Nekrasovun əsərlərini dönə-dönə oxumuşam. L.N.Tolstoyun, İ.S.Turgenyevin yaradıcılıq yolu mənim üçün çox cəlbedicidir. Zəngin kitabxanam var.
- Ailə həyatınız necə? Razısınızmı?
- Mən ailə həyatımda da xoşbəxt taleli bir insanam. Həyat yoldaşım Pərvizə xanımla 56 ilə yaxın birgə həyat yolu keçmişik. Böyük bacım Turə onun biliyini, ədəb və mərifətini bəyəndiyindən onunla evlənməyi mənə təklif edəndə fikrimiz üst-üstə düşmüşdü.
30 iyun 1959-cu ildə toyumuz oldu. 22 mart 1960-cı ildə ilk övladımız Gündüz, daha sonra Rəsul, Rayihə, Zemfira, Arzu, Mirzəfər anadan oldular.
Pərvizə düz 27 il ərzində Basqaldakı uşaq bağçasında əvvəlcə müdir, sonra tərbiyəçi işlədi. İki oğlum – Rəsul və Mirzəfər ali təhsillərini Moskva şəhərində alıblar.
İki qızım – Rayihə və Zemfira mənim ixtisasımı seçiblər. Rayihə doğma Basqalda, Zemfira isə Bakı məktəblərində rus dilindən dərs deyirlər.
Vaxtsız dünyasını dəyişmiş qızım Arzu kitabxanaçılıq texnikumunu bitirmişdir. O, vəfat edərkən Bakı Dövlət Universitetinin tarix fakültəsinin ikinci kursunda qiyabi təhsil alırdı.
Uşaqlarımın beşi də ailə qurmuş və öz qayğıları ilə yaşayırlar. Dörd qız, doqquz oğul nəvəm var. Yaşları çatdıqca ali təhsil ocaqlarına daxil olurlar. Bəziləri şöhrətli ali məktəbləri bitirib məsul yerlərdə işləyirlər. Övladlarımın, nəvələrimin əxlaqı, mənəviyyatları məni qane edir. Onların da xoş soraqlarını eşidəndə uçmağa qanadım olmur.
- Tanrıdan nə qədər ömür payı və bundan sonrakı hissəsini necə keçirtmək istərdiniz?
- Mən həm də dindaram, seyid nəslindənəm. Ərəb hürufatını bilirəm. “Qurani-Kərim” bizi öyrədir ki, Allahın təqdir etdiyi ömür payından bir an artıq belə yaşamaq olmaz.
Tanrının məsləhət gördüyü vaxta qədər yazıb-yaratmaq istəyirəm.
Üç cilddə planlaşdırılan əsərlərimin birinci cildi artıq nəfis şəkildə nəşr olunub. Ürəyimdən xəbər verən bu işə görə hər zaman insan əməyini, zəhmətini layiqincə qiymətləndirib dəyər verən, xalqın gözündə yüksəltməyə çalışan, təkcə öz ixtisasından deyil, incəsənətin bütün növlərindən baş çıxaran, xüsusilə də ədəbiyyat və fəlsəfənin bələdçisi, dərin zəka, möhkəm iradə sahibi, çox hörmətli rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova dərin təşəkkürümü bildirirəm.
İkinci və üçüncü cildlərsə, demək olar ki, bir qədər əlavələr artırmaqla hazır olmalıdır. Ömür vəfa edərsə, bu kitabları nəşriyyata təhvil verəcəyəm.
- Həyatda nəyə təəssüflənmisiniz?
- 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunun elmi şurasında
ürəyimcə olan “Rus dilinin tədrisində rus və Azərbaycan dillərinin müqayisəsi mövzusunda dissertasiya
mövzusu təsdiq olundu. Bir neçə ay ərzində xeyli gərgin iş gördümsə də, onu başa çatdırmaqda özümdə
möhkəm iradə tapmadım.
- Xasiyyətinizdə bəyənmədiyiniz cəhətlər hansılardır?
- Zəif iradəlilik olmasa da, ürəyimin yumşaq olması daha böyük işlər görməyə, elmdə ucalmağa mane olub.
- İndiki yaradıcı gənclərdən razısınızmı? Onlara nə arzulayardınız?
- Hər bir gənc ata-anadan çox öz cəmiyyətinin məhsuludur. Son vaxtlar müstəqil dövlətimizin qurulması ilə bağlı yetişən nəslin qarşısında xeyli geniş üfüqlər açılmışdır və istedadlı yaradıcı gənclərin nailiyyətləri bizi sevindirməyə bilməz. Belə insanların müsbət aurası insanlara nikbin duyğular aşılayır. İnsan rahatlıq tapır ki, gələcəyimiz etibarlı əllərdədir.
Lakin, bəzən tənbəl, asan yolla şöhrət zirvəsini fəth etmək istəyənlərimiz də var. Belə xüsusiyyətlər yaradıcı insanın ən böyük düşmənidir. Çünki yaradıcılıq işi asanlıqla başa gəlmir. Yaxşı, saf mirvari ümmanın dərinliklərində olduğu kimi, yazanın ilham pərisi də çox ucalıqlarda olub. O ilham pərisini yerə endirmək heç də asan məsələ deyil. Bunun üçün hiylə paxıllıqdan uzaq olub, saf, təmiz ruhla çalışmaq, sanki qranitdən qəlpə qoparırmış kimi insanların ürəyincə olan, onları düşündürən məsələlərdən yazmaq, nikbin əhval-ruhiyyə və yaşayıb yaratmaq ideyaları ilə yüklənmək lazımdır. Onlara uğurlu gələcək arzulayıram.
Hələ də yazıb-yaratmaq şövqü ilə yaşayan, yorulmaz və el-obasının qeyrətli təəssübkeşi olan bu müdrik
ağsaqqalla söhbət səmimi və maraqlı olsa da, daha onu yormaq istəmirəm.
Cansağlığı və yeni yaradıcılıq uğurları arzulayaraq sağollaşıram. İnsanlıq adına nikbin notlar üzərində köklənən ürəyimdən bir arzu keçir: kaş xalqımızın zəngin mənəviyyatını özündə ehtiva edən belə müdrik ağsaqqallarımız, canlı heykəllərimiz çox olsun.
Rəna Mirzəliyeva,
“İsmayıllı yazarları” ədəbi ictimai birliyinin üzvü
61 il  müəllim işləməyim bu sənətə  məhəbbətdən irəli gəlib
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter