• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qarşılıqlı dostluq mübadiləsi

Qarşılıqlı dostluq mübadiləsi

Yazar Ismayilli
//
10 mart 2015
//
//
Oxunub 1257
//
Qarşılıqlı dostluq mübadiləsi

Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi çərçivəsində İto şəhəri Beynəlxalq Qonaqlama Təşkilatının 3 üzvü, İşida Kazuko, Suzuki Mitsue və Mori Ryokodur İsmayıllı rayonunda olublar.
Səfərin məqsədi “Qardaşlaşmış şəhərlər” sazişinə uyğun olaraq xalqlarımızın, adət ənənələrimizin daha yaxından tanıdılması və gələcəkdə təhsil mübadiləsi layihəsinə qoşulmaq məqsədilə bu il ərzində yaponiyalı şagirdlərin İsmayıllıya bir həftəlik səfəri ilə bağlı hazırlıq işlərini müəyyənləşdirmək olub.

Qarşılıqlı dostluq mübadiləsi

Nümayəndə heyətini qəbul edən İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, regionun turizm, kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib. Dost ölkədən gələnlər Yaponiya hökumətinin insanların yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif layihələri dəstəklədiyini bildiriblər. Həmçinin gələcəkdə regionlarda müxtəlif layihələrin icra olunacağını diqqətə çatdırıblar.
Nümayəndələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən, onun xalqa, vətənə bağlı şərəfli və zəngin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən eksponatlara baxıblar. Daha sonra Ito şəhər nümayəndə heyəti Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasını dinləyiblər. Yaponiyalı qonaqlar Mərkəzdə həvəskar rəssamların əl işlərindən ibarət sərgiyə və Yaponiya məktəbliləri və İsmayıllı şagirdliləri arasında olan qarşılıqlı məktublaşmanı əks etdirən guşəyə baxıblar. Ito şəhər nümayəndə heyəti yaponların milli incəsənət nümunəsi və dostluq simvolu hesab olunan “Hina Ninqyou” gəlinciyini İsmayıllı rayon İcra Hakimiyyətinə hədiyyə edib.

Qarşılıqlı dostluq mübadiləsi


Qonaqlar Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ərazisində yapon mütəxəssisləri tərəfindən salınan 1500 kvadratmetr sahəni əhatə edən “Yapon bağı” ilə tanış olublar. Daha sonra qonaqlara Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin əsas fondunda tarixi və elmi əhəmiyyətə malik eksponatlar mühafizə olunur. Ekspozisiya zalı, zəngin kitabxanası, şəkil qalereyası və 2 filialı olan muzeydə vaxtaşırı olaraq kütləvi tədbirlər keçirilir, şagirdlərə tarix və ədəbiyyat dərslərinin tədrisi üçün şərait yaradılır. Uşaq Yaradıcılıq Mərkəzi ilə tanışlıqdan sonra nümayəndə heyəti rayonda yaradılan müasir turizm infrastrukturu, İsmayıllının füsunkar təbiəti ilə də tanış olublar, qonaqlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!