• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Salam, Rəşid Mahmudov küçəsi...

Salam, Rəşid Mahmudov küçəsi...

Yazar Ismayilli
//
10 mart 2015
//
//
Oxunub 1060
//
Səhər günəşinin nurunda, axşamın qürubunda, gecələrini gündüzə döndərən elektrik lampalarının altında xumarlanan, selləmə yaz yağışında nazla yuyunan, təmizlənən, narın-narın yağan qarın səssizliyində yorğunluğunu unudurmuş kimi mürgüləyən Rəşid Mahmudov küçəsi. Üstündən fəxrlə addımlayır, qəlbimdən süzülən minnətdarlıq duyğuları ilə hər gün səni ürəkdən salamlayıram. Bununla da çoxdandır ürəyimdə gəzdirdiyim insani hisslərimi səninlə bölüşürmüş kimi bəyan etmək istəyirəm.
İlk əvvəl güzgü kimi parıldayan qoynunda irəliləyərkən yaddaşımda ilişib qalan uşaqlıq duyğularımı xatırlayıram. Ucqar bir kənddə, maşın və texnikanın az ayaq açdığı bir dövrdə həmdəmim qəzet və jurnallardan başqa, radio və tək-tək evlərdə görünən televizor idi. Mavi ekranda iclas və yığıncaqlarda, mötəbər məclislərdə rəsmi şəxslərin sıralarında, fəxri kürsülərdə üzü nurlu bir insan görünür, adı hörmətlə səslənirdi. Yaşlı adamlar onu görəndə üzləri gülər; “bu bizim yerlimizdir, Rəşid Mahmudovdur” – deyirdilər. Bu fəxarət hissi mənə də sirayət edər, qürurlanardım.
Vəzifəsi arabir dəyişilirdi. Lakin dəyişməyən isə iş səriştəsi, doğma Vətənə məhəbbəti, xalqa sevgisi idi. Elə hey işləyir, üzərinə düşən vəzifəni şərəflə, vicdanla yerinə yetirməyə çalışırdı. Bu da ta ona uca Tanrının bəxş etdiyi ömür payını bitirənəcən, çox hörmətlə son mənzilə yola salanacan davam etdi. Bir çox hörmətli adamlar kimi adı bura qədər hallandı.
Və günlərin birində eşitdim ki, bu tozlu-torpaqlı, asfaltı çoxdan sökülmüş küçəyə uşaqlıq xəyallarımda əsl insan adına etalon olan həmin vətən övladının adı verildi. İnanmadım. Dedilər ki, asfalt döşəyəcək, işıq çəkəcəklər. O qədər belə sözlər eşitmiş və ustad sənətkarımız Səməndər Rzayev demiş, o qulağımdan alıb bu qulağımdan vermişdim ki...
Yenə günlərin birində hər ikimizin üzünə gün doğdu, mənim küçəm. Traktorlar, buldozerlər tökülmüşdü üstünə. Qazan kim, hamarlayan kim... Cəmi bir neçə gün çəkdi bu “əməliyyat”. Güzgü kimi asfalt döşədilər, şəkillər qoydular, göz oxşayan elektrik dirəkləri basdırıldı. Və sən də bugünkü gözəlliyini qazandın, bərqərar etdin. Sən demə, “hər şey insanın iradəsindən asılıdır” kəlamı çox düz imiş. İllərlə çəkdiyimiz acılardan birini unutmaq üçün bir qeyrətli, vətənpərvər insan bəs edərmiş!
Lakin hələ bu da bəs deyilmiş! Qoynunda quruca torpağı Vətən edən, şöhrətini başqa cür göylərə qaldıran, ürəyi “Vətən” deyib hayqıran bir qəhrəman soydaşına yer ayırdın.

Salam, Rəşid Mahmudov küçəsi...


Ruhu vətən göylərində dolaşan, qəbri ürəklərdə qazılan, düşmənə qan udduran və başına külli miqdarda məbləğ ayrıldığı bir igidin şərəfinə ucaldılan bulaq-abidəyə qəhrəmanlıq nəğməsi oxudun. (İnşallah zəfər himni çalacaq günümüz qabaqdadır).
Bununla da, 20 ildən çox oğlu üçün ağlayıb-sızlamağa bir məkan tapmayan ağ saçlı, qara örpəkli bir ananın yanan ürəyinə su çiləndi, qəlbi sərinlik tapdı. “Oğul” - deyə sığallamağa, oğul telini oxşamağa bir daş abidə qoyuldu.
Misal çəkdiklərim iki ildən bəri Vətən torpağının bir parçasında həyata keçirilən, insanların ürəyincə olub və insan adını şərəfləndirən cəmi 2 faktdır. Belə faktlar isə saysızdır. Və onları həyata keçirməyə stimul verən bütün həyatını xalq üçün şərəfli işlər görməyə sərf edən bir Azərbaycan ziyalısıdır, elə bu yurdun övladıdır.
Rəşid Mahmudov küçəsi. Sən öz növrağına baxıb necə sevinirsənsə, bir addım o yanda başqa bir təntənənin şahidi olursan. Doğma yurdumun hər addımı, hər daşı, hər kərpici insan əlinin qüdrəti ilə nəvazişlə sığallanıb, qurub yaratmaq eşqi ilə çırpınan insanın odlu qəlbindən nəfəs alıb, güc alıb, ilham alıb. Gündüzlər günəşdən, gecələr insan əllinin qüdrətindən güc alıb çıraqbana dönən İsmayıllını tanımaq olmur.
Qoynunda başqa büsat qurulan bağlar, parklar, meydanlar sirli-sehrli nağıllar aləmini xatırladır. Ayna kimi parıldayan asfalt küçələr təkcə şəhər mərkəzində deyil, bütün əsas məntəqələri əhatə edib. “Mədəniyyət yoldan başlanır”-deyən babalarımızın arzuları çox qısa müddətdə reallaşıb.
Yadıma düşmüşkən ürəyimcə olan bir arzumun reallaşmasını qeyd etmək istəyirəm. Çoxdan idi ki, yuxarı kəndlərimizə getmək istəyirdim. Lakin iş elə gətirdi ki, vacib an yetişəndə sel gəlir, Girdimançay kükrəyir, arzularım ürəyimdə qalırdı. Bakıdan gələndə təsadüfən həmin yoldan söhbət düşdü. Və fürsət düşmüşkən yolum qədim tarixi olan, yurdumuzun bütün təbii gözəlliklərini özündə birləşdirən həmin kəndə düşdü. Qəlbim qürurla döyündü. Axı min illərlə insanların ürəyində qalmış arzuları reallaşmışdı. İnsan mənəviyyatını sevindirən bundan da böyük xoşbəxtlik olarmı? Rəfiqəmin üzündəki sevinc və məmnunluq hissləri mənə də sirayət etdi. Bu xoşbəxtlik hissini də insanlara bəxş edən bir Vətən övladı və ömrünün hər anını xalqı üçün yaşayan bu insan isə ömrünün altıncı onilliyini yaşayan, sağlam mənəviyyat sahibi, yaradıcı insan, müdrik ağsaqqal alim, rast gəldiyi çətinlikdən Tanrının ona bəxş etdiyi dərin zəka, möhkəm iradə və səbirlə münasib çıxış yolu tapan, Vətənin hansı bölgəsində, hansı vəzifədə çalışmasından asılı olmayaraq zəhmətsevərlik, vətənpərvərlik hissi ilə çalışan cənab Mirdaməd Sadıqovun insanlara bir töhfəsi idi.
Bəli, insan övladı bəşər cəmiyyəti meydana gələn gündən misilsiz işlər görüb. Əks halda bu günün yüksəlişi olmazdı. Həyatının mənasını başqaları üçün yaşamaqda görənlər də var, təkcə öz çevrəsi üçün yaşayıb ətrafını işıqlandıranlar da.
Özləri üçün yaşayanlar cismani ölümləri ilə qısa müddətdə unuduldular, yaddaşdan çıxdılar. Başqaları üçün özlərini yaddan çıxaranlar isə əbədi həyat qazandılar.
Əlbəttə, kamil insan anlayışı zaman-zaman bəşəriyyətin və hətta ulu Tanrının nəzərində çox aktual məsələ kimi, necə deyərlər, hər vaxt gündəmdə olub. Habelə, həm vəzifəli şəxslərin, həm də sadə adamların timsalında insana xas olan dəyərli mənəvi duyğuların inkişafı çox vacib məsələdir.
Lakin gələcəyimizin, xoşbəxt günlərimizin istiqamətverici mayakı, müstəqil dövlətimizin qüdrətli dövlətlər arasında yaşayıb özünü təsdiq etməsi, “imzalar içində imzasının var” olması, taleyinə çoxlu əzablı günlər yazılmış, bizlərə zəmanənin qarışıq məqamlarından doğru dürüst baş çıxarmağa qadir olan, mürəkkəb iqtisadi, siyasi gedişlərində səhvə yol verməmək üçün müdrik idarəedicilərə - ən çətin məqamlarda çıxış yolu tapmağı bacaran, millətini, vətən torpağının hər qarışının təəssübünü çəkən təcrübəli rəhbərə (Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. (M.Araz), gəncliyə faydalı nəsihətlərini verən ağsaqqala, xalqımıza məxsus ən müqəddəs mənəvi dəyərlərə sahib olan qayğıkeş insanlara – güvənc mənbəyinə ehtiyacımız çoxdur.
Bu ehtiyacı dərindən duyan, İsmayıllı hadisələrini obyektiv qiymətləndirən cənab Prezidentimizin təkcə bir imzası rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə dövlətçiliyimizə sədaqətli, rəhbər işçi üçün sadaladığımız yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı, ziyalı bir insanı təyin etməsi bəs edərmiş ki, torpağımızın hər qarışında əvvəllər ata-babalarımızın qoyduqları sağlam işlərin təməli üzərində bir oyanma, düşüncələrdə, mənəviyyatlarda bir inam, saflaşma baş versin, yatıb qalmış xəyallara yol açılmış olsun.

Salam, Rəşid Mahmudov küçəsi...


Bəli, bu bir həqiqətdir ki, qısa müddətdə ölçüyəgəlməz işlər görülüb və görülməkdə davam edir.
Lakin narahatçılığa səbəb olan məqamlar da çoxdur. Onsuz da kifayət qədər düşmənimiz var. Bəzən bir azca sabitlik bərqərar olan kimi, inkişaf görən kimi düşmən dəyirmanına su töküb onları sevindirir, min bir əziyyətlə meydana gələnləri də vurub dağıdırıq. İnkişaf arzusu ilə çalışanlara kömək etmək, dayaq durmaq əvəzinə, “Allahdan buyruq, ağzıma quyruq” məsəlinə söykənərək yolunda kol-kosa çevrilib, səlahiyyətində olmayanları da boynuna yıxıb şəxsi maraqlarımız naminə altında timsahın ağzını açıb yem gözlədiyi məqamda oturduğumuz budağı kəsirik. Görülən işlərə dəstək olmaq əvəzinə, gedişinə mane olmaq, hamını özünə borclu bilmək, boş-boşuna kömək gözləmək özü də sağlam mənəviyyata sığışmayan düşüncədir.
Hər kəsi özünə borclu bilib mənəviyyat səddini aşıb keçənləri, özü elə, obaya cüzi fayda verməyib qəlbi qurub-yaratmaq şövqü ilə alışıb-yananları şəxsi ambisiyaları naminə şər və böhtan quyusuna yuvarlananları, xalqa xidmət etmək istəyənlərin şərəf və ləyaqətinə toxunanları, heç bir dəxli olmasa da onların səsinə səs verənləri ulu Xaqani çox yaxşı xarakterizə etmişdir:
Qorun pis adamdan, inan ki, onlar,
Əqrəb tək kor olar, ilan tək lal, kar.
Yaxud “Kəlilə və Dimnə”dəki “sancmaq mənim adətimdir” - deyən əqrəb yada düşür.
Axı başqasının şərəf və ləyaqətini alçaldan ifadələr işlədən, hər şeydən əvvəl, özü o haqqa sahib olmalıdır. Onda dedikləri həqiqət olar.
Musa müəllimdən üzr istəyərək, onun gözəl şeirlərindən birini dəyişdirib başqa bir ünvana ünvanlayardım:
Adam var bulanıb elə daşıb ki,
Görməz bu saflığı onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb, ucuzlaşıb ki,
Tökülüb yollara “şərafət” sözü,
Tökülüb izlərə “şərafət” sözü.
Dahi Nizami “Sirlər xəzinəsi” poemasında “Adəmin yaradılışı haqqında” açıqlamalarında qeyd edir ki, Tanrı insanı xoş məqsədlər üçün, yaxşı əməllər üçün yaratmışdır. Həyata nə üçün gəldiyimizi unudub müqəddəs Peyğəmbərimizin tövsiyəsinə qulaq asmağı ar bilib insanlığa xidmət göstərməyi, dərdlərə şərik çıxmağı – bir sözlə, sosial və mədəni olmaq, bəşəriyyətə örnək əməllərə sahib olmağı yaddan çıxarmaq hansı mənəviyyata, hansı düşüncəyə sahib olmaq deməkdir?
Hər bir insan öz-özünə sual etməlidir: qonaq olduğum maddi dünya həyatında məndən sonra nə qalacaq? Zaman uca Yaradanın bəşər övladına bəxş etdiyi və bu sualı cavablandırmağa imkan verən gözəl bir nemətdir. Gəlin, bu nemətin qədrini vaxtında dəyərləndirək.
Şair Musa Yaqub demiş;
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
Rəna Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!