• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dilimizi sevək, yaşadaq

Dilimizi sevək, yaşadaq

Yazar Ismayilli
//
18 fevral 2015
//
//
Oxunub 915
//
Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ana dilimizi sevdirmək, onun zərif və incə bir dil olduğunu şagirdlərə anlatmaq böyük məsuliyyət tələb edir. Hər yeni mövzu keçəndə dilin daxili aləmini, toxunulmazlığını, möcüzəsini şagirdlərimə faktlarla başa salmağa çalışıram. Biz bu dildə yazır, oxuyur, danışır və ünsiyyət yaradırıq. Bu dil Dövlət dilimizdir. Nəhayət, bu dil 50 milyondan çox azərbaycanlıya xidmət edir.
Şagirdlərimə başa salıram ki, bu dilin kamilliyi, dərinliyi “Dədə Qorqud” kitabının dilində, bu dilin çirinliyini, musiqili və rəvan olmasını Nəsimi, Füzuli, Vaqif, M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun, R.Rza, B.Vahabzadə, X.Rza və onlarca söz ustadlarının timsalında görürük.
Dərsliklərimizdə ana dili ilə bağlı kifayət qədər mövzular toplanıb. Həm ana dilinə məhəbbət ruhunda yazılan əsərlər, həm söz sənətkarlarımızın bu dilin təmizliyi uğrunda apardığı mübarizələr, həm də dilimizin qrammatik qayda-qanunları haqqında materiallar bir daha sübut edir ki, dövlətimiz, xalqımız bu dilə biganə qalmamışdır. Mən bu mövzuları keçərkən daha diqqətli olmağa, bu zərif dilin, bu varlı dilin əvəzsiz olduğunu şagirdlərimə aşılatmağa çalışıram. B.Vahabzadənin “Mənim ana dilim – mənim kimliyim” şeirinin sinifdənxaric oxu kimi keçirəm. Bu şeiri keçərkən şagirdlərimə başa salıram ki, dilimiz çətin sınaqlardan çıxıb və həmişə də qayğıları olub. Bəzən yabançı sözlərin axınına məruz qalıb, bəzən siyasi təzyiqlərlə qarşılaşıb, bəzən millətin öz övladlarından ögeylik görüb. Ancaq yaşayıb. Elə B.Vahabzadə də şeirində doğma dilinə xor baxanları, onu başqa dillərə qurban verənləri qınayır:
Nə yarpaq, nə külək, nə metal, nə quş
Səslənmir, oxumur özgə dilində.
Bəs sənə nə düşüb, ay dili yanmış,
Yad dildə ötürsən öz mənzilində.
Başqa dilləri ana dilindən üstün tutmaq cahillikdir, öz millətinə, öz tarixinə xəyanət etməkdir. XI sinfin ədəbiyyat dərsliyində “XX əsrin əvvəllərində dilimizin mövqeyi, təmizliyi uğrunda mübarizə” mövzusu öz əksini tapıb. Bu mübarizəni F.Köçərli və C.Məmmədquluzadə öz əsərlərində ayna kimi işıqlandırırdı. Şagirdlərimə izah edirəm ki, XX əsrin əvvəllərində ana dilimizə üç tərəfdən müdaxilələr vardı: bəzi ziyalılarımız rus və Avropa sözləri işlədir, ikinci qismi türk-osmanlıca, üçüncü qismi isə ərəb sözlərinə üstünlük verirdi. Bu da dilin saflığına, təmizliyinə xələl gətirirdi. Burada C.Məmmədquluzadənin “Anamın kitabı” əsəri yadıma düşdü. Əslinə qalanda, əsər bu günümüzlə də səsləşir. İndi dilimizə ingilis kəlmələri də ayaq açıb. Bunu televiziyanın idman verilişlərində daha aydın görürük. Hələ Bakıdakı (ingiliscə olan), hətta, kəndlərimizə qədər gəlib çıxan reklam lövhələrini demirik.
XI sinifdə S.Vurğunun məşhur “Vaqif” pyesini keçərkən şagirdlərin diqqətini Azərbaycan şairi Vaqif ilə hökmdar Qacarın qarşılaşdığı səhnəyə cəlb edirəm. Burada şagirdlər Qarabağı işğal edən düşmənə sonsuz nifrətini bildirən Vaqifin öz dilinə olan hörmət və ehtiramını, məhəbbətini daha aydın görürlər.
Şah İsmayıl Xətai XVI əsr Azərbaycan ədəbi-bədii dilinin yüksək mərtəbəyə çatmasında, Füzuli kimi dahi sənətkarın sənəti üçün siyasi və mədəni şəraitin yaradılmasında çox böyük işlər görmüşdür. Xətainin həyat və yaradıcılığını keçərkən şagirdlərin diqqətini onun vəsiyyətlərindən birinə cəlb edirəm. O deyirdi: “Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var dövlətinə, dilinin bir sözünü ləl-cəvahirətə dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın”.
Məktəbdə artıq dərslər kurikulumun tətbiqi ilə keçirilir. Bu da şagirdlərdə öz fikirlərini sərbəst ifadə etməyə imkan verir. V sinifdə “Söz yaradıcılığı” mövzusunu keçərkən dilimizin nə qədər zəngin olduğunu şagirdlərə başa salır və onları yeni söz yaratmaq üçün müxtəlif üsullardan istifadə etməyə alışdırıram. Yaradıcı işlər (esse, inşa və sair) verməklə onlarda ana dilinə maraq oyadıram.

Dilimizi sevək, yaşadaq


X sinifdə “Nitq mədəniyyəti” adlı bölmə var. Şagirdlərimə ana dilində düzgün və səlis danışmağı öyrətmək üçün bu mövzudan daha çox istifadə edirəm. Onları başa salıram ki, dilin fonetik, leksik və qrammatik qayda- qanunlarını bilmədən nitq mədəniyyətinə yiyələnə bilmərik.
Şagirdlərimə natiqlik sənəti haqqında məlumat verərkən məşhur natiqlərimizin adını çəkir, ümummilli liderimiz Heydər Əliyevin adını xüsusi vurğulayıram. Onlara bu dahi şəxsiyyətin nitqini, çıxışlarını dinləməyi tapşırıram. Bunun üçün dərs prosesində bəzən kompyuterdən və internetdən də istifadə edirəm. Doğrudan da ana dilini, xalqını, Vətənini varlığı qədər sevən bir şəxs məhz Heydər Əliyev kimi natiq ola bilərdi. Belə şəxsləri isə tarix tək-tək yaradır.
Dahi şəxsiyyət Heydər Əliyev ana dili haqqında gözəl fikirlər söyləmiş, bu dilin əzəmət və vüqarını bir daha sübut etmişdir: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc ğz ana dilini – Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.
Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001- ci il tarixli fərmanına görə ölkədə Azərbaycan dilində nəşr edilən qəzet, jurnal, bülleten, kitab və digər çap məhsulları istehsalının 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın qrafikasına keçməsi təmin olundu. Hazırda avqustun 1-ini ana dili günü kimi qeyd edirik. Heydər Əliyevin dil siyasəti, dillə bağlılığı – Azərbaycanda ana dilinin tərəqqisi üçün elə bir möhkəm tarixi şərait yaradıb ki, biz həmin siyasətin hələ uzun illər uğurla davam edəcəyinə əminik.
Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onun ana dilimizin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.
Azərbaycan dili hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir. Bu dili korlamaq, zədələmək, ondan kor-koranə istifadə etmək günahdır. Gəlin, dilimizi sevək, onun təsvirinə, xəlqiliyinə çalışaq və unutmayaq ki, dil – ana dilimiz bizdən sonrakı nəsillərə ərmağandır.
Hacıməmməd Məmmədov,
şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, metodbirləşmə rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!