• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uğurlu təhsil ili

Uğurlu təhsil ili

Yazar Ismayilli
//
20 yanvar 2015
//
//
Oxunub 1473
//
Xalqımızın ümummilli lideri Heydər Əliyev böyük uzaqgörənliklə demişdir: “Təhsil millətin gələcəyidir”. Bu baxımdan rayonda “Təhsil ili” elan olunmuş 2014- cü il İsmayıllı təhsilində uğurlu il kimi tarixə çevrildi.
İl ərzində rayonun Qalınçaq kənd tam orta məktəbi üçün 360, Şəbyan kənd ümumi orta məktəbi üçün 80, Külüllü kənd ibtidai məktəbi üçün 40 şagird yerlik yeni məktəb binaları və Sumağallı kənd uşaq bağçası üçün 40 yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Rayon Təhsil Şöbəsinin binasının fasad hissəsi və binanın 4- cü mərtəbəsi təmir edilmiş, şəhər 5 nömrəli tam orta məktəbinin istilik sistemi yenidən qurulmuş, məktəbdə cari təmir işləri aparılmışdır. Şəhər 3 nömrəli tam orta məktəbinin 2- ci korpusu əsaslı təmir edilmiş və məktəbin bazasında riyaziyyat və təbiət fənləri liseyi yaradılmışdır. Rayonun digər məktəblərində də cari təmir işləri aparılmışdır.
2014-cü ilin rayonda “İnnovativ təlim texnologiya ili “ elan olunması rayon ümumi təhsil məktəblərinin İKT avadanlıqları ilə təmin olunması və innovasiyaların tətbiqi sahəsində əsaslı irəliləyişə səbəb olmuşdur.
Rayonun ümumtəhsil məktəblərində 710 ədəd kompyuter, 65 ədəd proyektor, 35 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. 36 məktəbdə internetə çıxış vardır. Rayon üzrə 16 şagirdə bir kompyuter düşür.
İl ərzində keçirilən beynəlxalq, respublika və rayon səviyyəli çoxsaylı tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə iştirak edən rayonun istedadlı şagirdləri xeyli uğurlar qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş respublika inşa yazı müsabiqəsində şəhər 3 nömrəli tam orta məktəbinin X sinif şagirdi Fidan Canalıyeva uğur qazanmış və Təhsil Nazirliyinin Diplomuna layiq görülmüşdür. Onun inşa yazısı müsabiqəyə aid kitaba daxil edilmişdir.
Fənn olimpiadalarının respublika mərhələsində Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Aygün Hüseynova Azərbaycan tarixindən, şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Şəhla Abdullayeva biologiyadan qaliblər sırasında yer tutmuşlar.
2013-2014-cü dərs ilində təhsildə qazandıqları müvvəfiqiyyətlərə görə rayonun 4 nəfər məzunu - Lalə Müslümzadə (Gəraybəyli), Mariya Uryupina (İvanovka), Şamil İsgəndərov (Qalınçaq) və Şəhla Abdullayeva (şəhər 5 nömrəli) qızıl medalla təltif olunmuşlar.
Ali məktəblərə qəbul imtahanlarında məzunlarımız uğurlu nəticələr qazanmışlar. 2014- cü ildə rayon ümumtəhsil məktəblərinin 279 nəfər məzunu ali məktəblərə qəbul olmuşdur. Onlardan 51 nəfəri 500- dən, o cümlədən 20 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Qəbul imtahanlarında şəhər 2, 3, 4, 5, 6, 7, Lahıc qəsəbə, İvanovka, Sumağallı, Diyallı, Talıstan, Cülyan, Buynuz, Uştal və Mollaisaqlı kənd tam orta məktəbləri daha yüksək nəticə qazanmışdır. Qəbul imtahanlarında qazandıqları yüksək nəticələrə görə şəhər 4 nömrəli tam orta məktəbinin məzunu Qəmər Qüdrətli və şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Ləman Abbasova Prezident təqaüdünə layiq görülmüşdür.
İmtahanlarda yüksək bal toplamış məzunların şərəfinə rayonda bayram tədbiri keçirilmiş, 600-dən yuxarı bal toplayanları Rayon İcra Hakimiyəti qiymətli hədiyyələrlə mükafatlandırmış, ali məktəblərə qəbul olan bütün məzunlara hədiyyələr verilmişdir.
Məktəblərimizin beynəlxalq əlaqələri daha da genişlənməkdədir.
Şagirdlərimiz bir neçə ildir ki, Yaponiyanın İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu məktublaşma məktəblilər arasında dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdur. Rayonumuzla Yaponiyanın Şizuoko prefekturasının İto şəhəri arasında imzalanmış Dostluq müqaviləsinə əsasən tədrisdə fərqlənmiş 6 nəfər şagirdimiz İto şəhərində dostluq səfərində olmuş, şəhərin tarixi və görməli yerləri ilə tanış olaraq, orada keçirilən tədbirlərdə iştirak etmişlər.
Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şərafət Bayramov beynəlxalq layihədə qalib gələrək şagirdləri ilə birlikdə Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilən sammitə dəvət almış və orada Respublikamızı layiqincə təmsil etmişlər.

Uğurlu təhsil ili

Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdləri Rusiya Federasiyasının keçirdiyi olimpiadada iştirak edərək qaliblər sırasında yer tutmuşlar. Məktəbin şagirdi Mariya Minnikova MDB ölkələri üzrə keçirilən onuncu beynəlxalq rus dili müsabiqəsində III yer tutmuşdur. Bu uğura görə həmin şagird və müəllimi Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
“İngilis dili müəllimlərinin Peşəkarlıq səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” beynəlxalq layihəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Ruhiyyə Mahmudova, Şüküfə Nəcəfova və Pərvanə Piriyeva uğur qazanaraq “beynəlxalq müəllim” sertifikatı almışlar.
Respublika səviyyəli layihələrdə də müəllim və şagirdlərimiz uğurlu nəticələr qazanmışlar. Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Pərvanə Piriyeva ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar müəllimlər arasında “Dövlət üçün layiqli vətəndaş yetişdirirəm” adlı yazı-məqalə respublika müsabiqəsində I yer tutmuşdur.
“Gələcək nəsillərlə üz-üzə” V ümumrespublika inşa yazı müsabiqəsində 4 nəfər şagirdimiz uğurlu nəticələr əldə etmişdir. Müsabiqədə şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Nərmin Manafova I, Lahıc qəsəbə tam orta məktəbinin X sinif şagirdi Sürəyya Abbaslı və şəhər 6 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Ülvi Məmmədli II, şəhər 6 nömrəli tam orta məktəbinin digər X sinif şagirdi Orxan Əlili isə III yerə layiq görülmüş, qaliblər tədbirin təşkilatçıları olan Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
“Gənc xilasedici və Yanğınsöndürənlərin” Respublika yarışının final mərhələsində şəhər 6 nömrəli tam orta məktəbinin komandası II yerə layiq görülmüşdür.
Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə Respublika Təhsil Nazirliyinin keçirdiyi “Nə? Harada? Nə zaman” müsabiqəsində rayonun “Cavanşir yurdu” komandası III yeri tutmuşdur.
Respublika üzrə keçirilən “Fövqəladə Hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin IV sinif şagirdi Asif Xalıqlı, 6 nömrəli tam orta məktəbinin I sinif şagirdi Asəf Məmmədzadə qaliblər sırasında yer tutmuşlar.
Respublika üzrə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda keçirilən rəsm müsabiqəsində şəhər 5 nömrəli tam orta məktəbinin VI sinif şagirdi Zəhra Haşımlı və Ülvi Əliyev, şəhər 6 nömrəli tam orta məktəbinin XI sinif şagirdi İsmayıl Faxtıyev sertifikat almış və hədiyyələrlə mükafatlandırılmışdır.
Respublika üzrə keçirilən Texniki Yaradıcılıq Mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət müsabiqədə Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Nəzrin Cəbiyevanın işi I yerə layiq görülmüşdür.
Gənc təbiətçilər hərəkatının 90 illiyi və Təhsil Naziriliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar “Ətraf mühitə töhfəmiz” devizi altında keçirilən Respublika Ekologiya Forumunda Tircan kənd tam orta məktəbinin X sinif şagirdi Vüqar Məmmədzadə II yer, Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi Aysel Nuriyeva IV yeri tutmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Diplomla” təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Rayon Şahmat Məktəbinin dərnək üzvü Gülşən Allahverdiyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş səkkiz yaşadək qızlar arasında keçirilən şahmat festivalında II yeri tutmuşdur. O, “Təhsil” RİM şahmat üzrə Respublika çempionatında III yerə çıxmışdır.
Şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova “Şəbəkələşmiş Təhsil Mərkəzi” adlı layihəsində qalib gəlmişdir.
Şəhərin 7 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftalıyev ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə keçirilən Respublika üzrə şahmat yarışında I yerə layiq görülmüşdür.
Avropa İttifaqının fasiləsiz təhsil proqramını əks etdirən “Erasmus +” və “e” Tvinning Plus” layihələrinə rayonun 50 nəfərədək müəllimi qoşulmuşdur. Layihə çərçivəsində Polşanın Korakov şəhərində bir nəfər müəllimimiz sammitdə iştirak etmiş, bir nəfər müəllimimiz isə İtaliyada təlim keçmişdir.
Respublika Təhsil Nazirliyinin keçiridiyi “Elektron təhsil” müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Dünyabəyim Eminova I yer, Cülyan kənd tam orta məktəbinin müəllimi Şərafət Bayramov III yer tutmuşdur. 2014- cü ilin son günlərində yekunlaşdırılmış növbəti müsabiqədə şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi Gülçöhrə Manafova II yer, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Çingiz Muradlı III yer, Maçaxı kənd ibtidai məktəbinin müəllimi Gülnar Ağayeva fərqləndirici yer tutmuşdur.
“Bir şagird bir kompyuter” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Bahar Abdullayeva və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Rövşən Əliyev qalib gələrək, rəhbəri olduqları sinif şagirdlərinin sayı qədər netbuk, sinif üçün bir ədəd elektron lövhə və proyektor qazanmışlar.
Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Kərimli dəyəri 1000 AZN olan “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə şatdırılması” və dəyəri 2800AZN olan “Ucqar kənd müəllimlərinin sosial servislərdə aktivliyi” layihələrində qalib gəlmişdir.
Respublika Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsurluğu ilə və İSTECH və NEATS şirkətlərinin dəstəyi ilə rayonda keçirilən “Qunduz” informatika və kompyuter bacarıqları müsabiqəsində 250 nəfərdən artıq V-IX siniflərin şagirdləri iştirak etmişdir. Onlardan 25 nəfəri mükafata layiq görülmüş, o cümlədən, I yeri tutan 5 nəfərə notbuk verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ökəmizi Tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 40 nəfər məktəblisi avqust- sentyabr 2014- cü il tarixlərində Quba, Qusar, Xaçmaz rayonlarında olmuş, həmin rayonların tarixi, təbiət abidələri ilə tanış olmuş, ölkəmiz haqqında biliklərini zənginləşdirmişdir.
Respublika Təhsil Nazirliyinin tövsiyəsi ilə XI siniflərdə Müstəqil Azərbyacan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılması ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və ideyalarının öyrədilməsinə həsr edilmişdir. 2014- cü ilin fevral-may aylarında rayonun bütün XI sinif şagirdləri həmin dərsləri rayonun Heydər Əliyev Mərkəzində keçmişdir. Noyabr ayından başlayaraq hazırda XI siniflərdə oxuyan şagirdlər üçün də Heydər Əliyev dərslərinin keçirilməsinə başlanmışdır. Artıq rayonun 38 tam orta məktəbinin XI sinif şagirdləri həmin dərslərdə iştirak etmişlər.
Rayonda şagirdlərin təlim-tərbiyəsi sahəsində əldə edilən bütün müvəffəqiyyətlər ixtisasını dərindən bilən, peşəsini sevən, fədakar müəllimlərin əməyinin nəticəsidr. Belə qabaqcıl müəllimlərin əməyinin qiymətləndirilməsi daim diqqətdə saxlanmışdır. Bunun nəticəsidir ki, 2014- cü ildə İvanovka kənd tam orta məktəbinin direktoru Mixayıl Uryupinə Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adı verilmiş, şəhər 3 nömrəli tam orta məktəbinin Azərbyacan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi, “Ən yaxşı müəllim” müsabiqəsində isə şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı, şəhər 5 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Şahin Gənciyev, şəhər 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Eminə Orucova, şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Abdullayeva, Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev qalib gəlmişdir. Həmin müsabiqələrdə qalib gələn rayon məktəblərinin sayı 20-yə, qalib gələn müəllimlərin sayı isə 22-yə çatmışdır. Bu göstərici respublika üzrə yalnız Bakı şəhərinin nəticəsindən sonra ikinci nəticədir.
Bütün bunlar 2014- cü ildə rayonumuzda təhsil sahəsində qazanılan uğurların yalnız bir hissəsidir. Ən əsası il ərzində görülən işlər növbəti illərin uğurları üçün möhkəm təməl yaratmışdır.
Ramiz Baloğlanov,
Əməkdar müəllim, İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!