• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İdeoloji işə müasir baxış

İdeoloji işə müasir baxış

Yazar Ismayilli
//
01 dekabr 2014
//
//
Oxunub 2436
//
İdeoloji işə müasir baxış
İdeoloji işə müasir baxış

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin idarəetmə akademiyasının 15 illiyi tədbirində və şəhər, rayon icra hakimiyyəti başçılarının, onların ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı məruzələri ilə əlaqədar qarşıda duran vəzifələr haqqında İsmayıllı RİH başçısının müavini Sevil Əhmədovanın məruzəsi

İsmayıllı sosial-iqtisadi inkişafda, səhiyyənin, təhsilin, mədəniyyətin yüksəlişi istiqamətində, ideoloji və siyasi fəaliyyətdə şərəfli, çox da məsuliyyətli bir dövrünü yaşayır. Bu şərəfi bizə cənab Prezident İlham Əliyev bölgəmizə səfəri ilə bəxş edib. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və yeni-yeni obyektlərin açılışı zamanı verdiyi tapşırıq və tövsiyələrlə, görülən işlərə yüksək qiymət verməklə hər birimizdə dərin məsuliyyət və cavabdehlik hissləri yaratmışdır.
İctimai-siyasi və humanitar sahələr üzrə yaxın keçmişdən fərqli indi müsbət işlərin daha çox şahidi oluruq. İlk olaraq onu qeyd edim ki, idarəetmədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam , tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi mütləq icra üçün qəbul edilir, əsaslı tədbirlər planı və aid Respublika təşkilatları ilə birgə həmin tədbirlərin icra mexanizmi hazırlanır. Ölkə rəhbərinin 22 sentyabr səfərindən sonra dərhal fəallar yığıncağının keçirilməsi, burada rayonun bu günü və sabahı üçün sosial-iqtisadi inkişaf proqramının təqdimatı deyilən fikri bir daha sübut edir.
Bütün İsmayıllı əhalisinin diqqətindədir ki, rayon ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sədaqət göstərilərək, Azərbaycan qanunları əsasında idarə olunur. Hər bir vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş hüquqları bütün istiqamətlərdə qorunur. Cənab Prezidentin humanitar siyasətinin bəhrələri hər bir ünvana vaxtında və dəqiqliyi ilə çatdırılır. Bütün bunlara görə rayonda ictimai-siyasi mühit saflaşır, işgüzar şərait formalaşır Nəticə isə yeni-yeni layihələrin icrasında, abadlıq işlərində, mədəniyyət, təhsil, səhiyyə obyektlərinin tikintisində, əsaslı təmirində, bütün yaşayış məntəqələrinin müasirləşməsində ən bariz formada özünü göstərir.
Rayon İcra hakimiyyətinin rəhbərliyi bir qayda olaraq, siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin əsasında, önündə görür. Heydər Əliyev idarəetmə məktəbi də məhz bu düşüncənin nəticəsi olaraq yaradılıb. Ötən müddətdə ayda bir dəfə məktəbin məşğələsi keçirilmiş, ulu öndərin zəngin irsi, çoxistiqamətli strategiyası bu məşğələlərdə dərindən öyrənilmişdir.
Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə seçimi ilə müəyyənləşdirilən 11 nəfər tarix müəllimi Heydər Əliyev mərkəzində 3 ay müddətində Heydər Əliyev açıq dərslərini keçmişdir. Rayon ərazisindəki bütün tam orta məktəblərin XI sinif şagirdləri açıq dərsləri dinləmişlər. Yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində Ölkəmizi tanıyaq layihəsi çərçivəsində Respublika məktəbliləri üçün təşkil olunmuş tur aksiyalar bütün bölgələri əhatə etmişdir. İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə səfərə çıxan 10 tur aksiyasının min nəfərə qədər iştirakçısı Lahıc qəsəbəsinə getmişdir. İsmayıllıya səfərə gələn şagirdlər bir qayda olaraq, səmimi qarşılanmış, rayon İcra hakimiyyəti əməkdaşlarının müşaiyəti ilə Vətənimizin tarixini, mədəniyyətini, milli memarlığını özündə əks etdirən Lahıca yola salınmışlar. 40 nəfər İsmayıllı məktəblisi ölkəmizin Şimal zonasına səfər etmiş, Quba, Xaçmaz, Qusar rayonlarını yaxından tanımışlar. Heydər Əliyev dərsləri bu ildə noyabr ayının 7-dən başlanmış 2015-ci ilin may ayınadək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı bölməsi şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədovun sədrliyi ilə yeni yaradılmışdır. Fondun İl boyu bilik proqramı çərçivəsində Qardaşlaşmış məktəblər layihəsinə uyğun olaraq Qubadlı rayonunun Qara İlyasov adına tam orta məktəbinin direktoru 12 nəfər şagirdlə oktyabr ayında İsmayıllıya gəlmişdir.
Vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının müsbət rolunu nəzərə alan rayon İcra Hakimiyyəti bu sahəyə diqqətlə yanaşır, düşünülmüş, formal olmayan, ümumi inkişafımıza yararlı tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyri-hökumət təşkilatları, ictimai birliklər və cəmiyyətlər tərəfindən rayonda 45 seminar, treninq və ya toplantı keçirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan şəraitin və mütəmadi verilən dəstəyin nəticəsidir ki, bir sıra idman növləri üzrə respublika yarışları və təlim-məşq toplantıları İsmayıllı Olimpiya İdman Kompleksində keçirilir.
Rəqəmlərin dili ilə hesabatlarda, müxtəlif mövzulu toplantılarda nailiyyətlərdən ətraflı bəhs etmişik. Kütləvi informasiya vasitələrində də bu təhlili qaydada əksini tapıb. Bugünkü tədbirin məqsədi isə tamamilə başqa mövzudadır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Prezident Yanında İdarəetmə Akademiyasının 15 illiyinə həsr olunmuş elmi şurada, şəhər-rayon icra hakimiyyəti başçıları və onların ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri ilə keçirilən birgə seminardakı məruzələri baxımından mövcud problemlərə yanaşmalıyıq.
Həm elmi şurada, həm də seminarda xüsusilə təhsilin, gənclərin mənəvi, elmi və intellektual formalaşmasının aşağı səviyyədə olmasından narazılıq edilmişdir. Təhsil müvəffəqiyyətləri İsmayıllıda çox rayonlardan yüksək olsa da, narahatlığa burada da ciddi əsas vardır. Düzdür, rayonumuzun təhsil sistemində nailiyyətlər çoxdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təhlillərində İsmayıllı məktəbləri ön sıralarda yer tuturlar. Rayon İcra Hakimiyyəti bu uğurları təqdir edir. Təhsil bayramı vasitəsilə təbliğini Respublika miqyasına çıxarır. Məktəblər tikilir, müəllim əməyi öz layiqli qiymətini alır. Şagirdlərin biliklərə mükəmməl yiyələnməsi üçün imkan olan tədbirlər həyata keçirilir. Lakin hər şeyin qaydada olduğunu demək düzgün olmazdı. Akademik Ramiz Mehdiyev İsmayıllı məktəblərinin buraxılış imtahanları nəticələrinin Respublika göstəricisindən aşağı olduğunu qeyd etmişdir. Buna səbəb odur ki, Basqal qəsəbə, Kürdmaşı, Qoşakənd, Ruşan, İstisu, Mücühəftəran kənd tam orta, Göytəpə , Həftəsiyab, Brovdal, Bizlan, Şəbyan, Aşağı Zərnava, Gəndo kənd ümumi orta məktəblərinin IX siniflər üzrə imtahan nəticələri 50 faizdən də aşağıdır. Quşencə, Qalacıq, Hacıhətəmli, Qalınçaq, Qalagah, Kəlbənd, Kürdeldarbəyli, Xankəndi, Xəlilli kənd tam orta məktəblərinin XI siniflərinin buraxılış imtahanlarının nəticələri 50 faizdən yuxarı olmamışdır. Bu rəqəmlər onun nəticəsidir ki, illərlə həmin məktəblərin təlim və tərbiyə nəticələri məktəb rəhbərliyi və təhsil şöbəsi tərəfindən təhlil edilməyib, hər kəsə əmək nəticələrinə görə yanaşma olmayıb.
Ali məktəblərə qəbulda məzunlarının iştirakı olmayan tam orta məktəblərin adını çəkməli olsaq, yenə də eyni mənzərə ilə rastlaşmalı olacağıq.Mücühəftəran, Xəlilli, İstisu, Kürdeldarbəyli, Müdri, Zərnava, qismən onlardan fərqli Topçu, Kəlbənd, Gəraybəyli, Qalınçaq, Xankəndi və Sulut kənd tam orta məktəbləri illərlə eyni mənfi nəticələri göstərir. Məktəb direktorları və onların müavinlərini kimsə buna görə narahat etmir. Onlardan məsuliyyət tələb olunmur. Rayon İcra hakimiyyətinin rəhbərliyi belə vəziyyəti qeyri-normal hesab edir, ardıcıl təhlillər aparılacağının, nəticələrə görə tədris ilinin hər bir mərhələsində ciddi tədbirlər həyata keçirəcəyinin vacibliyini təhsil işçilərinin və məktəb direktorlarının diqqətinə çatdırır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı təhlillər zamanı rayonun tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətli olduğu rəqəmlərlə göstərilir. Lakin sonradan ali təhsil alıb rayona qayıdan gənclərin yazılı və şifahi nitqi ilə tanışlıq göstərir ki, fakt olaraq vəziyyət belə deyildir. Humanitar fənləri öyrənən ali təhsilli mütəxəssislərin böyük əksəriyyəti Azərbaycan poeziyasına bələd deyillər, Azərbaycan nəsrini oxumurlar. Hamı informasiyanı, bilikləri internetdən almağa çalışır. Bu da gəncləri yaradıcılıqdan, axtarışlardan, düşünməkdən, analiz və sintezdən uzaqlaşdırır. Akademik Ramiz Mehdiyev elmi şuradakı məruzəsində qeyd etmişdir ki, Beynəlxalq Humanitar forumun iştirakçısı olan Nobel mükafatçılarından biri internetdə mövcud olan informasiyaların böyük qisminin yanlış olduğunu demişdir. Düzdür, yalnız məktəb ayrılıqda şagirdlərini virtual məkandan çəkindirə bilməz. Valideynlərin, məktəb rəhbərlərinin, müəllimlərin, psixoloqların iştirakı ilə qismən də olsa, bu proses idarə olunmalıdır. Bəzən hamımız gənclərin tərbiyəlilik səviyyəsindən narazılıq edirik. Lakin bu narazılığın az da olsa aradan qaldırılmasına cəhd göstərilmir. Yaxın illərə qədər təlim-tərbiyə vahid proses kimi davam edib, bunlar bir-birindən ayrı olmayıb. Bu gün isə məktəblərin tərbiyəedici funksiyasını lazımınca yerinə yetirdiyini deyə bilmərik. Dərslərə müntəzəm getməyən şagirdlər tərbiyə prosesindən kənarda qalırlar. Belə situasiyada məktəb bilikli, tərbiyəli nəsil yetişdirmək vəzifəsini tam icra edə bilmir. Belə vəziyyət hər birimizi dərindən, düşündürməlidir. Tarixən formalaşmış məktəb-valideyn-şagird münasibətləri yenidən bərpa olunmalıdır. Təlim-tərbiyə ilə bağlı valideyn məsuliyyətini unudanlarla ciddi iş aparılmalıdır. Psixoloji xidmətin məktəblərdə mövcudluğu barədə də müsbət fikir demək mümkün deyildir. Düzdür, bir neçə məktəbdə psixoloq ştatında olanlar var. Lakin onların əksəriyyəti direktorların tədris işləri üzrə yardımçısı kimi fəaliyyət göstərirlər.
Psixoloji xidmət tələb edilən səviyyədə olsaydı, valideynlər öz məsuliyyətlərini dərk etsəydilər, mərkəzi xəstəxananın həkimləri iş yerlərindən çıxıb əhali arasına profilaktik tədbirlər məqsədilə ilə getsəydilər, hüquqi maarifləndirmə işi səmərəli təşkil olunsaydı, azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması halları artmazdı. Valideyn övladına, məktəb şagirdinə sahib çıxmalıdır.
Bugünkü tədbirimizdə təhsildən, bu sistemdə baş verən nöqsanlardan ona görə geniş danışmağı vacib bilirik ki, hər bir rayonun, ölkənin sabahı məktəbin bu günündən asılıdır. Gələcək böyük qələbəmiz də, torpaqlarımızın bütövləşməsi də təhsil sistemimizlə sıx bağlıdır. Müharibə vəziyyətində olan Azərbaycandan başqa ölkəyə gedən, qanunsuz silahlı dəstələrə qoşulan varsa, demək vətənpərvər vətəndaş yetişdirməkdə ciddi nöqsana yol vermişik. Mövcud olduğu ərazidə dövlət əleyhinə fəaliyyət göstərən radikal və qeyri-ənənəvi təriqətə, dini cərəyana qoşulan varsa, təhsil sistemi mərkəzdə durmaqla bütün təşkilatlar fəaliyyətlərində nöqsanlara yol verdiklərini etiraf etməlidirlər. Din dövlətdən ayrıdır prinsipi Konstitusiyamızda təsbit olunmuşdur. Dövlət bu prinsipə ciddi riayət edir. Ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradır, onların daxili işlərinə əsla qarışmır. Çox təəssüf edilməlidir ki, dindarlar dövlət işinə qarışmağa cəhd göstərirlər. Məktəblərə, idarə, müəssisə və təşkilatlara bəzi xanımlar hicabla gəlirlər. Müəllimliklə mollalığı birgə aparan vətəndaşlar da məktəbin dünyəviliyinə xələl gətirmiş olurlar. Konkret faktların olduğunu Siz də bilirsiniz. İlkin olaraq xatırlatma ilə kifayətlənirik. Nəticə olmayanda, hər kəsə əməlinə görə qanuni münasibət göstəriləcək. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qəti tələb kimi qarşıya qoymuşdur ki, dini siyasiləşdirmək olmaz. Onu da qeyd etmişdir ki, hicab bir çox dindar xanımların daxili tələbatından irəli gəlmir. Kimlərinsə təhriki ilə ondan istifadə edirlər. İslam dinində məcburiliyin olmadığını nəzərə alaraq belə təhrikçilərə qarşı çox kəskin mövqe göstərməliyik.
Prezident Administrasiyasının rəhbəri demişdir ki, Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır.
İdeoloji işə müasir baxış

Rayondakı mənzərəyə akademikin dediyi həqiqətlər baxımından yanaşdıqda qismən təkrarı görürük. Bu, onun nəticəsidir ki, uzun illər icra strukturları, rayon gənclər və idman idarəsi, mədəniyyət və turizm sistemi, ictimaiyyət, məktəblər, xüsusilə valideynlər gənclərin tərbiyəsini, vətənsevər gənclər yetişdirilməsini, bu sahədə qanunçuluğun tətbiqini, onların biliklərə yiyələnməsini, düşüncə tərzlərinin müasirləşməsini arxa planda saxlayıblar. Bu münasibətin ağır nəticələri az da olsa, bu gün də qalmaqda, bəzi ailələrdə yenə də özünü göstərməkdədir. Aid strukturların qeyri-tələbkarlığı üzündən imkanlı valideynlərin azyaşlı övladları bahalı maşınlar sürür, sakinlərə narahatlıq yaradır, insanların istirahət hüquqlarını pozur, qəzalar törədirlər. Gəncləri kitabxanalarda, mədəniyyət obyektlərində, turizm marşrutlarında görmək indi daha vacibdir. Valideynlər və bütün cavabdeh təşkilatlar bu tələbi əsla unutmamalıdırlar.
Rayon İcra hakimiyyətinin rəhbərliyi 2013-2014-cü illərdə gənclərin təşkilatlanması, onların intellektual səviyyəsinin yüksəldilməsi, rayon sosial-iqtisadi inkişafında iştiraka cəlb edilməsi, məşğulluğunun artırılması, sosial şəbəkələrdə düşüncəli qaydada işləmələri, dil öyrənmələri, innovativ biliklərə yiyələnməsi ilə əlaqədar çox iş görüb. Fərqlənən gənclərin irəli çəkilməsinə, onlara məsul işlər həvalə edilməsinə, təhsilli gənclərin işlə təminatına rəhbərlik xüsusi diqqətlə yanaşır. Rayon gənclər və idman idarəsi əsas ağırlığı öz üzərinə götürməklə adları çəkilən təşkilatlar, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr gənclərlə işi əsaslı surətdə daha da yaxşılaşdırmalı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində üzərlərinə qanunla qoyulmuş vəzifələri layiqincə yerinə yetirməlidirlər. Ölkəmizdə, rayonda yaradılan işgüzar şəraitdən, səmimi mühitdən, qanunun şah olmasından məsul şəxslər məsuliyyətlə yararlanmalı və təşkilati tədbirlər üçün əsla yer saxlamamalıdırlar.
Mədəniyyət və turizm sisteminin işi nə qədər yaxşı olarsa, insanların mənəvi tələbatı da bir o qədər yaxşı ödənər, istirahəti çayxanalarda yox, mədəniyyət sarayı, klub və kitabxanalarda, rayonun tarixi yerlərinə səyahətdə, tariximizi öyrənməkdə keçər. Bilavasitə rayon İcra Hakimiyyətinin mədəniyyət və turizmlə, ideoloji-siyasi məsələlərlə bağlı keçirdiyi məzmunlu, mənalı, genişmiqyaslı tədbirlərin şahidisiniz. Bu barədə əlavə şərhə ehtiyac görmədən demək istərdim ki, mədəniyyət və turizm şöbəsinin bu tədbirlərdə fəal iştirakı müsbət nəticələrin artmasına səbəb olur. Lakin bu sahədə aradan qaldırılması vacib olan nöqsanlar hələ də qalmaqdadır. İlk növbədə, onu qeyd edim ki, mərkəzi kitabxanaya çox az oxucu gəlsə də, filiallarda bu da müşahidə olunmur. Yerlərdə kitabxanalar hələ də ideoloji işin mərkəzinə çevrilməyib. Mədəniyyət obyektləri çox yerdə fəaliyyətsizdir. Kadrların keyfiyyət tərkibi aşağı olduğu üçün burada sərbəst olaraq tədbirlər hazırlayıb keçirmək bacarığı yaranmır. Bəzi işçilərin iddiaları iş nəticələrindən yuxarıda dayanır. Xalq teatrı çoxdan fəaliyyətini dayandırıb,bərpasına da cəhd edən yoxdur. Kitabxana filiallarının və mədəniyyət obyektlərinin köhnə, primitiv olması, nəhayət ki, şöbənin rəhbərliyinin diqqətini cəlb etməlidir. Yeniləşmə, müasirləşmə sözdə yox,əməldə olmalıdır. Bütün proseslərdə olduğu kimi, mədəniyyət, kitabxana, turizm işlərinin təşkilində də inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr ön sırada durmalı, insanların mənəvi həyatı ilə bağlı tədbirlərin müəllifi və icraçısı olmalıdırlar.
Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin ekologiya barədə çox dəyərli fikirlərinə əsaslanıb demək istərdim ki, onun haqlı iradları bizim rayonun ekoloji vəziyyətinə tamamilə aiddir. Keçmişdə meşələrin bir hissəsi kolxoz və sovxozların balansında idi. Onlar tərəfindən qorunurdu. Təəssüf ki, meşələrin bərpası və mühafizəsi müəssisəsi bu sahələrə diqqətlə yanaşmır. Bir tərəfdə Rayon icra hakimiyyəti yaşıllıq zolaqları və zonaları yaradır, digər tərəfdən Sərdahar, Qalacıq, Köhnədaxar, Qalınçaq ərazilərində qanunsuz qırıntı davam edir. Talıstan, Cülyan, Sədiyan, Qərsələ kəndlərinin üst tərəfinə baxasınız 10-15 il bundan əvvəl təbiətə edilmiş qəsdin şahidi olarsınız. Çox təəssüf edilməlidir ki, təqsirkarlardan vaxtında məsuliyyət tələb edilməyib. Meşə ərazilərinin yeməkxana açmaq üçün kütləvi surətdə paylanması və meşə ərazilərdə əsaslı obyekt açmaq praktikasına son qoyulmayıb. Meşələr dövlətin və xalqın sərvətidir. Ondan tək-tək imkanlılar yox, qanunauyğun olaraq hamı istifadə etməlidir. Bir faktı da diqqətə çatdırmaq istərdim. Şəhər ərazisində 60-cı illərin əvvəllərində evlərə yaxın çoxlu çinar ağacı əkilib. Onların bir hissəsi həmin evlərə təhlükə törədir. Birinin kəsilməsi vacib olanda müxtəlif ünvanlara müraciət edib, razılıq almaq lazım gəlir.Bəs əsrə bərabər yaşı olan çoxsaylı fısdıq və palıd ağacları kimin icazəsi ilə kəsilib? Bu suala cavab verməli olan işçilərdən ərazi ekologiya və təbii sərvətlər şöbəsində, meşələrin bərpası və mühafizəsi müəssisəsində indi də fəaliyyətini davam etdirənlər vardır.
Ekologiyanın qorunması və ekoloji tarazlığın təmin edilməsində, yaşayış məntəqələrinin təmiz saxlanmasında, sanitariya qaydalarının gözlənməsində kommunal müəssisələri kombinatının, rayon gigiyena və epidemiologiya mərkəzinin, yerli icra və özünüidarəetmə strukturlarının üzərinə çox işlər düşür. Kənd rayonları arasında Təmiz şəhərdə yaşayaq, Gələcək öz əlimizdədir layihəsinin İsmayıllıda ilk olaraq həyata keçirilməsi deyilən istiqamətdə səmərəli nəticələr vermişdir.
Layihə dekabr ayında başa çatır .Lakin başlanan işlər ardıcıllıqla, kompleks qaydada, bütün rayon sakinlərinin fəal iştirakı ilə davam etdirilməlidir.
İnsan sağlamlığının təmin olunmasında, turizmin inkişafında, flora və faunanın qorunmasında ekoloji tarazlığın, ekoloji zənginliyin böyük əhəmiyyətini dərk edən təşkilatlar, nəhayət ki, qorumaq və bərpa etmək mövqeyinə keçməlidirlər.
Biz fəxrlə deyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra mərkəzi xəstəxananın açılışını etmişdir. Rayon ictimaiyyəti nümayəndələri ilə də burada görüşmüş, rəhbərliyin və ismayıllıların ünvanına xoş sözlər demişdir. Bu bir daha mərkəzi xəstəxananın bütün personalını səfərbər edir ki, əhalinin sağlam həyat tərzinin təmin edilməsi üçün var-qüvvə ilə çalışsın. Bu çalışmaların müsbət nəticələri barədə hesabat tədbirlərində rayon icra hakimiyyəti başçısının yanında şura iclaslarında çox deyilib. Mən bundan sonra diqqət yetiriləsi məsələlər üzərində dayanmaq istərdim. Məlumdur ki, xəstəxana yeni və müasir diaqnostika-müalicə aparatları ilə təmin edilib. Onları işlətmək üçün həkimlərimizin hamısı irəlicədən hazırlanıbmı? Yox. Mərkəzi xəstəxananın rəhbərliyi hesabatlarda şəkərli diabet, vərəm xəstələrinin artım tempini rəqəmlərlə əks etdirir. Bəs artmaması və ya azalması üçün hansı profilaktiki tədbirlər görülür? Tibb və həkim məntəqələrinin fəaliyyəti hələlik insanların sağlamlığının təminatçısı səviyyəsinə qalxa bilmir. Həkimlər qanunla müəyyən olunmuş yaş həddinə çatdıqca işdən azad olunurlar. Bunlardan əvvəl də boş həkim yerləri olub. İndi həm mərkəzi xəstəxanada, həm də ərazi xəstəxanalarında həkimlərə çox ciddi ehtiyac vardır. Bu ehtiyacı ödəmək üçün əsaslı tədbir görmək istəyində olan təşkilat isə yoxdur. O da nöqsan hesab edilməlidir ki, test imtahanından müvəffəqiyyətlə keçib rayona gələn gənc həkimlərə lazımi şərait yaradılmır. Yenilik ruhu ilə gələn gəncləri yaşlı həkimlər qəbul etmək istəmirlər. Bu da nəticədə, kadr çatışmazlığına gətirib çıxarır.
İnsanların sağlamlığının təminatçısı tək həkim-xəstəxana deyil, həm də bədən tərbiyəsi və idmandır. Rayon təhsil şöbəsi, rayon gənclər və idman idarəsi, Olimpiya-İdman Kompleksi idman zalları və qurğularından bədən tərbiyəsi və idmanın inkişafı üçün səmərəli istifadə etməlidirlər.
Rayon mərkəzi xəstəxanasının rəhbərliyi həkimlərlə birgə həmişə onlara ehtiyacı olan insanların yardımına yetməlidirlər.
Cənab Ramiz Mehdiyevin məruzələrində deyilən məsələlərin hamısından ətraflı bəhs etməyə vaxt imkanı yoxdur. Çox qısaca onu vurğulamaq istərdim ki, ikinci Dünya, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə diqqətlə yanaşmaq hər bir idarə, müəssisə və təşkilat rəhbərinin gündəlik fəaliyyət normasına çevrilməlidir. Şagirdlərin, gənclərin tərbiyəsində onların mənəvi qüvvəsindən səmərəli istifadə edilməlidir.
Vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayan QHT-lərlə iş yaxşılaşdırılmalıdır. Bəlkə də regionda ən az QHT olan İsmayıllı rayonudur.
Bir məsələni də qeyd etməyi vacib bilirəm. Hər bir idarə, müəssisə və təşkilat rəhbəri ictimaiyyətin diqqətindədir. Onun davranışı, işə davamiyyəti nümunəvi olmalıdır .Müşahidələrimiz, iş başlanan və qurtaran saatlarda yerlərə edilən zənglər göstərir ki, başlanğıcını müdirlərdən götürməli olan əmək intizamı nisbətən zəifdir. Vətəndaşların müraciətlərinə bəzən qeyri-obyektiv, başdansovdu cavablar verilir. Bu da süni narazılıq və müraciətlərin artmasına səbəb olur. Yerlərdə icra nümayəndələrinin zəif işinin nəticəsidir ki, ən xırda məsələ barədə vətəndaşlar Prezident Administrasiyasına, rayon icra hakimiyyətinə müraciət edirlər. Ünvanlı sosial yardım və daşınmaz əmlakın reyestr xidmətindən narazılıqlarını bildirmək üçün tez-tez qəbula gəlirlər. Belə hallar hər bir kəsin diqqətində olmalıdır. Xalqa xidmət nümunəsini hər bir məsul işçi ölkə başçısından götürməlidir.
Ümid edirəm ki, bütün fəaliyyət istiqamətlərində şəffaflığın hökm sürdüyü, hər kəsə dərin hörmət və ehtiramla yanaşıldığı, Azərbaycan Qanunlarının əsas götürüldüyü, dövlət siyasətinə sədaqət göstərdiyi İsmayıllı rayonunda işləyən məsul şəxslər burada deyilən nəticələrlə yox, onları doğuran səbəblərlə mübarizə aparacaq, rəhbərlik etdikləri sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edəcəklər.
Sizi əmin edirəm ki, ideoloji-siyasi işi və humanitar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin qarşıya qoyduğu tələblər səviyyəsinə yüksəldəcək, burada deyilən nöqsanların aradan qaldırılması üçün sistemli və ardıcıl iş aparacağıq.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!