• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan doğru yolda, etibarlı əllərdədir

Azərbaycan doğru yolda, etibarlı əllərdədir

Yazar Ismayilli
//
21 iyun 2012
//
//
Oxunub 1385
//
Azərbaycan doğru yolda, etibarlı əllərdədirMay ayının 25-də İsmayıllı Gənclər Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin toplantısı keçirildi. İsmayıllılar Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümünü - 28 May Respublika Gününü təntənəli şəkildə qeyd etməyə toplaşmışdı. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Yığıncağı giriş sözü ilə RİH başçısı Nizami Ələkbərov açdı. Natiq məruzəsində Azərbaycan xalqının müstəqillik illərində əldə etdiyi uğur və müvəffəqiyyətlərdən danışdı.
O bildirdi ki, Azərbaycan xalqının çoxəsrlik, zəngin dövlətçilik tarixi vardır. Belə şərəfli, parlaq dövrlərdən biri də 1918-1920-ci illəri əhatə edən, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir. Bu tarixin hər bir anı tükənməz xəzinə, zəngin həyat məktəbidir.
Dövlətçiliyimizin tarixinə nəzər salan RİH başçısı qeyd etdi ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox çətin olmuşdur. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın işğal altına düşməsi, daxildə gedən mənfi proseslər ölkədə iqtisadi, siyasi, hərbi böhran və xaos yaratmışdı. Azərbaycanın bütövlüyü real təhlükə altına düşmüşdü. Xarici və daxili qüvvələr hakimiyyəti ələ keçirmək cəhdləri göstərir, ölkəni vətəndaş müharibəsinə sürükləyir, anarxiya, hərc-mərclik yaradırdılar. Beləliklə, Azərbaycan parçalanmaq, məhv olmaq, müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi.
Bu şəraitdə Azərbaycan xalqının təkidli, xahişi ilə dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıtdı. Onun gərgin fəaliyyəti nəticəsində bütün mənfi meyllərə son qoyuldu, ictimai-siyasi sabitlik yarandı, asayiş bərpa olundu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkədə qayda-qanun yaradıldı.
Azərbaycanda sürətli iqtisadi islahatlar aparılmağa başlandı. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış neft strategiyası respublikamıza böyük uğurlar gətirdi. Ölkənin müdafiə qüdrəti artırıldı, ordu quruculuğu həyata keçirildi. Ölçüyəgəlməz nəhəng layihələr nəticəsində Azərbaycan tam mənada müstəqil dövlətə çevrildi.
Qədirbilən xalqımız 2003 və 2008-ci illərdə keçirilən Prezident seçkilərində Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə bu yola sadiq olduğunu bir daha sübuta yetirdi. Bu gün böyük razılıq hissi ilə qeyd edə bilərik ki, cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı olduğunu öz əməli fəaliyyətində layiqincə nümayiş etdirir. Azərbaycan indi yeni tərəqqi dövrünü yaşayır. Mövcud problemlər müvəffəqiyyətlə həll olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümünü qeyd etdiyimiz bu dəyərli gündə xüsusi vurğulamaq istəyirəm ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə bəyan etdiyi prinsiplərə sadiq qaldığını bütünlüklə sübuta yetirmişdir. Milli-mənəvi dəyərlərimizin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi, vətəndaş cəmiyyətinin qurulması onun fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.
Ölkə sürətli inkişaf yolundadır. İsmayıllı da bu tərəqqi və inkişafın içərisindədir. İsmayıllıda Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər uğurla həyata keçirilir. Əhalinin sosial-məişət problemləri, iqtisadiyyatın inkişaf etdirilməsi, aqroservis xidmətinin təşkili, əhalinin məşğulluğunu təmin etmək üçün yeni iş yerlərinin açılması, özəl sektorun, turizmin inkişafı istiqamətində əsaslı işlər görülməkdədir.
RİH başçısı məruzəsində İkinci Dövlət Proqramında nəzərdə tutulmuş ən iri layihələrin icrasına başlanması barədə məlumat verdi. O bildirdi ki, siyasi-iqtisadi inkişafda yaranan yüksəliş əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına geniş imkanlar yaradacaqdır.
Başçı Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümünü böyük iftixarla, yüksək əhval-ruhiyyə ilə qeyd edildiyini vurğuladı və Azərbaycanın doğru yolda, etibarlı əllərdə olduğunu söylədi.
N.Ələkbərov tədbir iştirakçılarının timsalında ismayıllıları Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümü, Respublika Günü münasibətilə bir daha ürəkdən təbrik etdi, hamıya can sağlığı, xoşbəxtlik və ailə səadəti, ölkəmizə sülh, əmin-amanlıq arzuladı.
Azərbaycanda müstəqil dövlət quruculuğunun 94 illiyinə həsr edilən məruzədən sonra tədbirin bədii hissəsi başlandı. F.Əzimov adına rayon İncəsənət məktəbinin müəllim və şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı üzvlərinin çıxışları tədbir iştirakçılarına əsil bayram ovqatı bəxş etdi.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!