• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qurbanəfəndidə səyyar qəbul

Qurbanəfəndidə səyyar qəbul

Yazar Ismayilli
//
21 iyun 2012
//
//
Oxunub 1595
//
Qurbanəfəndidə səyyar qəbulİyun ayının 7-də İsmayıllı RİH başçısının rayonun Qurbanəfəndi kəndində səyyar görüş-qəbulu keçirilmişdir.
Qeyd edək ki, Qurbanəfəndi kəndi rayonun inzibati ərazi vahidi sıralarına son illərdə daxil olub. Ağsaqqalların dediyinə görə, kəndin yaranma tarixi 1848-ci ilə təsadüf edir. Arxada qalmış illər ərzində kənd tədricən böyümüş, inkişaf etmişdir. Sevindirici haldır ki, hazırda 1128 nəfər sakini olan bu yaşayış məntəqəsində hər il evlərin, ailələrin, təsərrüfatların, bununla bərabər əhalinin də sayı artır. Son məlumata görə 219 ev olan kənddə 320 təsərrüfat vardır. Aydın görünən fərq gənc ailələrin hələ də valideynlərinə məxsus evlərdə yaşaması səbəbindəndir.
Kənd əhalisinin məşğuliyyəti heyvandarlıqdır. Təsərrüfatlarda saxlanan iri buynuzlu mal-qaranın sayı 1713 baş, davarların sayı 5456, ev quşlarının sayı isə 6337 başdır. Bu rəqəmlər kənddə yaşayanların torpağa bağlılığından və zəhmət adamı olmasından xəbər verir.
Qurbanəfəndi kəndində tam orta məktəb, klub, kitabxana, poçt və ATS fəaliyyət göstərir.
Qəbula gələn müəllim Kamal Mehdiyev öncə qonaqları salamladı. Rayonda görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə başçıya minnətdarlıq etdi.
Kəndə təbii qaz verilişinin bərpa olunmasının vacibliyini dilə gətirdi. O həmçinin kənd məktəbinə kəndin yetirməsi olan şəhidin adının verilməsi məsələsinə toxundu.
Kənd sakini Ramiz Səfərov kənd bələdiyyəsi üçün perspektiv inkişaf fondu torpaqlarının ayrılması xahişini etdi.
Malik Allahverdiyev kənddaxili elektrik dirəklərinin nasazlığından söz açdı və təsərrüfatlarda saxlanan heyvanların yay mövsümündə yaylağa çıxarılması üçün yolun olmamasından gileyləndi.
Kəndiçi yolların təmir olunması və Şahdağ Milli Parkından keçən yolda ona məxsus qoyunlara görə cərimə olunması məsələsini Bəhram Ələsgərov açdı. Bu məsələdə ona köməklik göstərilməsini xahiş etdi.
Müəllim Balamirzə Mürsəliyev qeyd etdi ki, son vaxtlar kənd sakinləri təsərrüfatlarında becərdikləri bostan məhsullarından yetərincə bəhrələnə bilmirlər. Ziyanvericilərə qarşı mübarizə aparmaq üçün lazımi preparatlar kifayət qədər deyil və bu sahə üzrə xidmət göstərən mütəxəssislər yoxdur. Müəllim həm də məktəb binasının darısqallığından, müasir təlim üçün əlverişli olmamasından söz açdı. Dörd oğlunu evləndirdiyini söyləyən ata onlardan heç birinin həyətyanı torpaq sahəsi olmaması səbəbindən fərdi evi olmadığını da söylədi.
Kəndin sakini Baba Səmədov kənddə həkim məntəqəsinin yoxluğundan gileyləndi. Cəfər Əmirov isə həyətinə gedən yolun qanunsuz tutulmasından şikayətləndi.
Ramil Qurbanov bildirdi ki, yaşadığı ailə ildən-ilə artsa da, bir həyətdə yaşamaq məcburiyyətindədirlər. Buna səbəb bələdiyyənin vətəndaşlara həyətyanı torpaq sahəsi vermək imkanında olmamasıdır. Ağamirzə Rüstəmov da qəbula torpaq sahəsi almaq arzusunda olduğunu bildirmək üçün gəlmişdi.
Qəbula gələn vətəndaşların hər biri diqqətlə dinlənildi. Dilə gətirilən problemlərin arxasında insan faktoru durduğundan bütün qəbullarda olduğu kimi, bu qəbulda da RİH başçısı N.Ələkbərov vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı RİH-in məsul əməkdaşlarına, əlaqədar xidməti təşkilatların rəhbərlərinə tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!