• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ahıllar günü qeyd edildi

Ahıllar günü qeyd edildi

Yazar Ismayilli
//
18 oktyabr 2014
//
//
Oxunub 1533
//
Ahıllar günü qeyd edildi

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür.

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda da ahıllara qayğı günü-gündən artır.
Bu gün ölkəmizdə 1993-cü ildən qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyev ahıllara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci ildə Ahıllara sosial xidmət haqqında Qanun imzalayıb. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.
Ahıllar günü qeyd edildi
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Ümumiyyətlə, ahıllara, ağbirçəklərə hörmət və ehtiram Azərbaycan xalqının qanındadır. Bu adət xalqımızda əsrlərlə yaşayır və bu gün də yaşamaqdadır. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramına əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu da həmin sahədə işin Beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və bu sahədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatının tələblərinə uyğundur, ədalətlidir.
Ötən 5 ildə Prezident İlham Əliyev yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 Sərəncam verib. Nəticədə, yeni sistem fəaliyyətə başlayandan indiyədək əmək pensiyalarının məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.
Ahıllar dövlətin onlara olan qayğısını hər an görür və hiss edirlər. Göstərilən diqqət onların maddi vəziyyətini yaxşılaşdırır. Bütün bu qeyd etdiyimiz qayğılar rayonumuzun ahıllarından da yan keçməyib. Rayonda qeyd edilən Ahıllar Günündə də bu barədə geniş söhbət getdi.
Oktyabrın 1-də rayonda Heydər Əliyev Mədəniyyət Sarayına yaxın kafedə Ahıllar Günü qeyd edildi. Tədbirə xeyli ahıl və ağbirçək dəvətli idi. RİH başçısının müavini Sevil Əhmədova toplantını açaraq ahılları icra başçısı Mirdaməd Sadıqovun və özünün adından təbrik etdi, onlara möhkəm cansağlığı arzuladı.
Sonra ölkəmizdə ahıllara göstərilən dövlət qayğısından, dövlət başçısı cənab İlham Əliyevin ümumiyyətlə, xalqımızın maddi-rifahının yaxşılaşdırılması sahəsində gördüyü işlərdən geniş söhbət açdı. Natiq prezidentin rayonumuza son gəlişindən danışdı və qeyd etdi ki, ölkə başçısı bir sıra obyektlərin açılışını etdi, görülmüş işlərdən razı qaldığını bildirdi. Son vaxtlar rayonumuzda gedən tikinti və abadlıq işləri ahıllar tərəfindən də razılıqla qarşılandığı qeyd edildi. Bunu çıxış edənlər də təsdiq etdilər.
Dövlət qulluğu veteranı Valeh Salehov ahıllar günü münasibətilə tədbir iştirakçılarına təbrikini çatdırdı. Veteranlardan Əkrəm Kəbirov, Azadə Hüseynova, Fərman Bəşirov, Şamil Mursalov, Niyaz Ağayev və başqaları çıxışlarında dövlət başçısına bu qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Ahıllar son il yarımda rayonda görülən işlərə görə icra başçısı Mirdaməd Sadıqovun fəaliyyətini də yüksək qiymətləndirdilər. Əmək veteranları çıxışlarında şəhərimizin daha da abadlaşmasına kömək edəcək rəy və təkliflərini də bildirdilər.
Bütün bunlar onu sübut etdi ki, rayonumuzun ahılları hələ də fəallığını itirməyib.
B.Babayev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!