• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub

İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub

Yazar Ismayilli
//
09 oktyabr 2014
//
//
Oxunub 5676
//
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub

Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Əvvəlcə İsmayıllıya gələn dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri İnam YR İnşaat Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yüksək səviyyədə və zövqlə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.
Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Beləliklə, Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdıran həkim Gülər Babayeva dedi:
- Möhtərəm cənab Prezident.
Sizi rayon ictimaiyyəti, o cümlədən tibb işçiləri adından salamlayıram. İsmayıllıya xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Nə var, nə yox? Hər şey yaxşıdır?
Gülər Babayeva: Çox sağ olun. Bizim xəstəxanamız ötən əsrin 70-ci illərində tikilib. Zəmanəsinə görə çox gözəl bir bina olub. Amma aradan keçən bu illər öz sözünü deyib və binanın əsaslı təmirə ehtiyacı yaranıb. Biz artıq bu gün bu xəstəxanamıza daxil olduqda çox sevinirik. Sizin tapşırığınıza əsasən xəstəxanamız yüksək səviyyədə təmir olunub, müasir avadanlıqla təchiz edilib.
Artıq burada bizim hər bir şəraitimiz var ki, xəstələrimizə yardım göstərək. Həkimlərimiz dünyanın öndə gedən bir çox ölkələrində tibb müəssisələrində kurslarda olur, bilik və bacarıqlarını artırırlar. Biz söz veririk ki, belə bir gözəl şəraitdə daha da yaxşı işləyəcəyik, insanların sağlamlığının keşiyində əzmlə dayanacağıq, bizə göstərilən etimadı layiqincə doğruldacağıq.
Sizin tapşırığınıza əsasən ilin əvvəlində Azərbaycanın digər regionlarında olduğu kimi, İsmayıllıda da əhalimiz tibbi müayinələrdən keçirilib, bütün əhali qrupları müayinə olunub. Bu gözəl xəstəxanamızda qeydiyyata götürülmüş xəstələrimiz müalicə və müayinələrini davam etdirəcəklər.
Möhtərəm cənab Prezident, Siz həmişə deyirsiniz ki, insanların həyatı, onların sağlamlığı Sizin üçün hər şeydən qiymətlidir, əzizdir. Son illərdə bu sahədə çox böyük işlər görülüb. Səhiyyəmiz çox böyük inkişaf yolu keçib. Ölkəmizdə yüzlərlə xəstəxana, müalicə-diaqnostika mərkəzi açılıb. Cəmiyyətimizin həyatının hər sahəsində olduğu kimi, bu sahədə də Sizin ən yaxın köməkçiniz Azərbaycanımızın birinci xanımı Mehriban Əliyevadır. Mehriban xanım Sizə hər işdə köməkçidir. Siz və Mehriban xanım əhalinin, xüsusən də gənclərimizin sağlamlığının qayğısına qalırsınız. Sizin və Mehriban xanımın xalqımız üçün gördüyü işlər yüzilliklərə bərabərdir.
X X X
Prezident İlham Əliyev dedi:
- Çox sağ olun. Xəstəxananın əsaslı təmirdən sonra açılışı rayon sakinləri üçün gözəl hadisədir. İndi burada bütün imkanlar var. Gözəl şərait, avadanlıq və tibbi xidmət də buna uyğun şəkildə, yüksək səviyyədə olmalıdır. Çünki insanların sağlamlığı əlbəttə ki, hər bir insan üçün, dövlətimiz üçün çox vacibdir. Yeni gənc nəsil yetişir. Onlar da fiziki, mənəvi cəhətdən sağlam olmalıdırlar.
İnsanların sağlamlığını şərtləndirən bir neçə amil var. Onlardan birincisi əlbəttə ki, tibbi xidmətdir vaxtında diaqnostikadan, müayinədən keçməkdir. Şadam ki, İsmayıllı rayonunda da dediyiniz kimi, bu dispanserləşdirmə uğurla keçirilib.
Biz bu prosesləri bundan sonra da mütəmadi qaydada davam etdirəcəyik ki, hər bir insan gedib onda olan xəstəlikləri aşkar etsin və gözəl tibbi xidmət görsün.
Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.
Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. İçməli su, kanalizasiya layihəsi icra olunur, yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir. Bax, bu gözəl xəstəxana artıq 40 ildən sonra əsaslı şəkildə təmir edilib, insanların sərəncamına verilir. Bu gün uşaq bağçası açılacaq. Məktəblər tikilir. Hələ ki, bu sosial infrastrukturla bağlı görüləsi işlər çoxdur. Çünki biz, ilk növbədə, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binaları - sosial obyektləri bərpa etməliyik, yenilərini tikməliyik və bunu edirik. Ölkəmizi irəliyə aparırıq, inkişaf etdiririk. Çünki ölkəmizin uğurlu inkişafı regionların inkişafından böyük dərəcədə asılıdır.
Yeni sənaye müəssisələri yaradılır, iş yerləri açılır. Bilirəm ki, İsmayıllıda da yeni sənaye müəssisələri yaradılır. Keçən il burada olarkən artıq bunun ilkin nəticələrini görmüşük. Bildiyimə görə, indi burada yeni investisiya layihələri icra edilir ki, işsizlik tamamilə aradan götürülsün.
İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır.
Şamaxıdan Balakənə qədər bu böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir.
Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.
Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə tutulub.
Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlamışdır və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir.
Əlbəttə ki, gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Bu günlərdə biz Əsrin müqaviləsinin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik və XXI əsrin kontraktına start verdik. Bax, deyə bilərəm ki, bugünkü inkişaf və hətta bu gözəl xəstəxana məhz o illərdə qəbul edilmiş müdrik qərarlardan sonra mümkün olmuşdur. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyev o tarixi addımı atmasaydı, bizim maddi imkanımız o qədər də böyük olmazdı, iqtisadi təhlükəsizliyimizi təmin edə bilməzdik, istər-istəməz asılı vəziyyətdə ola bilərdik.
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir.
Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir.
Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir. Eyni zamanda, iqtisadi müstəqilliyimiz. Əsrin kontraktının bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda.
Növbəti tarixi layihənin - Cənub qaz dəhlizinin təməli iki gün bundan əvvəl təntənəli şəkildə qoyulub. Bilirsiniz ki, çoxlu qonaqlar var idi və bu layihə Azərbaycana əlavə imkanlar gətirəcək. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq. Bir daha sizi təbrik edirəm.

Prezident İlham Əliyev İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti, hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu amillərə körpələr evi-uşaq bağçasında xüsusi diqqət yetirilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir infrastrukturla təchiz edilib.
Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir. Son illərdə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Belə layihələrin icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni bir layihəyə start verib. Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı ictimaiyyətə təqdim edilib. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin başçısına İsmayıllıda görülən abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verdi.
Qeyd edildi ki, rayon icra hakimiyyətinin inzibati binasının əsaslı yenidənqurma işləri 2013-cü ilin martında başlanılıb və cari ilin iyununda başa çatdırılıb. Burada yenidənqurma işləri ən yüksək səviyyədə aparılıb. Müasir memarlıq üslubunda yenidən qurulan üçmərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Ümumi sahəsi 1631 kvadratmetr olan binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb.
Binada vətəndaşların qəbulu və gözləmə otaqları, mətbəx, yeməkxana, eləcə də texniki otaqlar yaradılıb. Burada 40-a yaxın iş otağı var ki, onların da hamısı zəruri avadanlıqla təchiz edilib. Əlli nəfərlik konfrans və 194 nəfərlik akt zallarında isə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Dövlət başçısı inzibati binanın operativ idarəetmə otağı ilə tanış oldu.
Bildirildi ki, bu otaq ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Buradan rayonun 10 yaşayış məntəqəsi ilə birbaşa əlaqə yaratmaq mümkündür. Bu da əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəlməsinə və məsələləri operativ şəkildə həll etməyə imkan verir.

İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Bildirildi ki, ikimərtəbəli bina yüksək zövqlə təmir edilib. İnşaat işlərində keyfiyyətə xüsusi diqqət yetirilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin İsmayıllıya səfərləri zamanı çəkilən fotolardan ibarət stendlər qurulub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. Burada 270 nəfərlik zal da yaradılıb. Zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Zalda rayonun həyatında baş verən əlamətdar hadisələrlə bağlı toplantılar keçirmək üçün geniş imkanlar var. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb.
Bu işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən daxili siyasət bütün sahələri, o cümlədən mədəniyyət sahəsini əhatə edir. Bu Sarayda yaradılan şərait rayonun mədəniyyət və incəsənət xadimləri üçün böyük hədiyyə olmaqla yanaşı, gənc nəsildə bu sahəyə marağı artıracaq.

İlham Əliyev Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan inzibati binanın açılışında iştirak edib
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan inzibati binanın açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə inzibati binada yaradılan şərait haqqında ətraflı məlumat verildi.
Bildirildi ki, inşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binanın foyesində partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın müxtəlif qurultayları, iclasları və bu siyasi qurumun fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdəki iştiraklarını əks etdirən maraqlı fotolardan ibarət guşələr yaradılıb.
Binada bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. İnzibati binada YAP Gənclər Birliyinin və Qadınlar Şurasının rayon təşkilatları da fəaliyyət göstərəcək.
Binadakı 50 yerlik konfrans zalında isə partiyanın fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və sevgi daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.


İlham Əliyev İsmayıllıda uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub

İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Prezident İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına burada aparılan əsaslı təmir işləri barədə məlumat verildi. Bildirildi ki, ümumi ərazisi iki hektar olan bu istirahət mərkəzində balacalar üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağac və kollar əkilib, hovuz, kafe, 250 yerlik açıq kinoteatr, iki uşaq-əyləncə meydançası inşa olunub. Burada müxtəlif heyvan fiqurları qoyulub ki, bu da balacaların marağına səbəb olur. Bu istirahət ocağı İsmayıllının ən gözəl və görməli yerlərindən birinə çevrilib.
İlham Əliyev İsmayıllı rayonunda səfərdə olub
Uşaq istirahət və əyləncə parkında yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin miqyasını aydın göstərir. Beləliklə, bu parkda yaradılan şərait istər uşaqlar, istər rayon sakinləri, istərsə də İsmayıllıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.

www.president.az

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!