• Ana səhifə |
Subscribe by RSS or RUS

Sıx əməkdaşlıq

Yazar Ismayilli
//
09 oktyabr 2014
//
//
Oxunub 1791
//
Sıx əməkdaşlıq

Sentyabr ayının 15-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Yaponiya hökumətinin Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı çərçivəsində həyata keçiriləcək İsmayıllının Gəraybəyli kəndində tibb məntəqəsinin inşası layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sıx əməkdaşlıq
Layihənin imzalanması mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahashi iştirak edib.
İcra başçısı M.Sadıqov çıxış edərək Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, bu cür layihələrin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyini diqqətə çatdırıb. Natiq İsmayıllının Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış şəhərlər olduğunu, qarşılıqlı səfərlər keçirildiyini söyləyərək ötən il noyabrın 10-da onun rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya səfər etdiyini bildirib. Eyni zamanda, bu il sentyabrın 12-də Yaponiya İnstitutunun Beynəlxalq məsələlər üzrə məsləhətçisi, Yaponiyanın Azərbaycandakı sabiq səfiri Toşiyuku Fucivara, Beynəlxalq əlaqələr üzrə İto şəhəri assosiasiyasının sədri Fujihiro Onuma və onun xanımı Minako Onumanın İsmayıllıda olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən səfir T.Takahashi Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramının birbaşa məqsədinin Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət edən layihələrin dəstəklənməsi olduğunu bildirib: - Hamınızı ürəkdən salamlayıram və tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. İsmayıllı mənim ölkəm üçün ən yaxın rayona çevrilibdir. Keçən ilin noyabrında İsmayıllı ilə Yaponiyanın şəhərlərindən biri olan İto arasında dostluq münasibəti başlamışdır və bu dostluq müxtəlif fəaliyyətlərlə daha da inkişaf edir. Ümid edirəm ki, bir çox İsmayıllı sakini ölkəmizə səfər edərək mədəniyyətimiz və adətlərimizlə tanış olacaq, həmçinin Yaponiya vətəndaşları da buraya gələ biləcəklər. Qeyd edim ki, proqramın birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət edən layihələrin dəstəklənməsidir.
Tədbirdə təkcə İsmayıllıda hazırkı layihə də daxil olmaqla 13 layihə üzrə qrant müqaviləsinin imzalandığı qeyd olunub. Bildirilib ki, ümumilikdə bu layihələr üzrə qrantın məbləği 1 milyon dollardan çoxdur.
Ümumi məbləği 103,088 min ABŞ dolları olan İsmayıllının Gəraybəyli kəndində tibb məntəqəsinin inşası layihəsinə əsasən yeni tibb məntəqəsinin Gəraybəyli və ona qonşu olan digər 6 kəndin sakinlərinə xidmət göstərəcəyi diqqətə çatdırılıb.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin rayonumuzda həyata keçirdiyi layihələr - 2004-cü ildə Ruşan kəndində məktəb, sonrakı illərdə Qalacıq kəndində tibb məntəqəsi, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi, Buynuz kəndində məktəb, Quşencə ərazisində məişət tullantıları poliqonu, Zoğallıq kəndində uşaq bağçası, İvanovka xəstəxanası üçün doğum şöbəsi, Lahıc qəsəbəsində 400 tonluq su anbarı və kanalizasiya xətti, şəhərin Mican məhəlləsində uşaq bağçası, bir neçə artezian quyusu, İsmayıllı Uşaq Poliklinikasının binasının təmirinə aid şəkillər slayd vasitəsilə nümayiş etdirilib.
Sonda layihə üzrə müqaviləsi imzalanıb. Müqaviləni Yaponiya tərəfindən səfir Tsuquo Takahashi və Azərbaycan tərəfindən Gənclər İnkişaf Naminə ictimai birliyinin sədri Rafiq İsmayılov imzalayıb.
Çinarə Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!