Oğul ləqəbli el qızı » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Oğul ləqəbli el qızı

Oğul ləqəbli el qızı

İsmayıllı qadınları sırasında bir qadın var: Azərbaycan qadınlığının fədakarlıq, xeyirxahlıq, səmimilik keyfiyyətlərinin şərəfli daşıyıcısı. Bu qadın təkcə özünün deyil, bütün övladları xoşbəxt görmək arzusu ilə alışıb-yanan səməndər misallı ürək sahibidir.
Bu vətənpərvər insan hər qarış Vətən torpağının təəssübünü çəkən, ziyalı bir vətəndaşdır.
Bu qadın yazardır - ürəyi işıqlı sözlə, insana, insanlığa məhəbbətlə, dünyanın şər işlərinə nifrətlə dolu, mənəviyyatca uca, saf insanları, Hörmüz dünyasını dəstəkləyən bir ziyalıdır.
Bu siyahını kifayət qədər uzada bilərdim. Lakin məncə elə bu sadaladıqlarım kifayətdir ki, onun üçün qəlbimdə daşıdığım fikirlərə, yazacağım sözlərə proloq olsun.
Bəli, dünyaya saysız-hesabsız insan gəlsə də, hər kəs özünə məxsus bir ömür payı yaşayır, öz əməlləri ilə həyatına təkrarsız naxışlar salır, ilmələr vurur.
Oğul ləqəbli el qızı
Lakin bu ilmələr o vaxt faydalı olur ki, çoxları üçün sevinc, fərəh gətirsin, Vətən, el-oba qarşısında üzüağ, faydalı olsun. Həyat yoluna işıq salmaq istədiyim də, ömrünə mənalı ilmələr vurmağı bacaran belə insanlardan biridir.
Rəna Mirzəliyeva. Çoxlarına tanışdır bu ad. Hacıhətəmli kəndində, sadə, zəhmətkeş ailədə anadan olub. Xeyli gec anadan olduğuna görə adına qurbanlar kəsilib. Anası onu oğlum deyə çağırıb. Oğul mərdliyi, oğul dəyanəti gözləyib ondan. İnsafən pis alınmayıb.
Lap kiçik yaşlarından xoş söz eşidib haqqında. Eşitdiyi sözlərdən fərəh alıb.
Lap birinci dəfə məktəbə getmişdi: ikinci siniflərin valideyn yığıncağına. Dəhlizə girəndə divara vurulmuş bir kağızın qarşısında çoxlu uşaq gördü. Uşaqlardan biri dedi ki, Fərhad müəllim Rənaya şeir həsr edib. Hərf tanımayan anaya onu oxudular:
Atası dəftər-kitab,
Anası çanta aldı.
Bircə "beşlər" qalmışdı:
Onu da Rəna aldı.
Şeirin cəmi bir bəndinə qulaq asan və gözləri sevinc yaşları ilə dolan ana nə üçün gəldiyini də unudub tələsə-tələsə bu xəbəri çatdırmaq üçün evə gəldi.
Sonralar bu hadisələr tez-tez təkrar olundu: müxtəlif tədbirlərdən, yığıncaqlardan evə fərəhlə dönən ananın sevinci yerə-göyə sığmırdı.
Başqalarından onun haqqında eşitdiyi xoş sözlərdən, Halal olsun ifadəsindən sonra inamı qat-qat artır, oğlum deməyinə peşman olmadığını bildirirdi.
O, təkcə oxumağı ilə deyil, nümunəvi intizamı, ictimai işlərdə fəallığı ilə seçilir, hər kəsin hörmət və məhəbbətini qazanmışdı.
Beləcə günlər aylara, aylar illərə qovuşdu. Orta məktəb illəri arxada qaldı.
Qəlbində bəslədiyi sonsuz arzularından birinin dalınca-ali təhsilli müəllim olmaq üçün Bakıya getdi. Zəhməti hədər getmədi. Müvəffəqiyyətlə imtahan verib uca bir təhsil məbədgahının - Azərbaycan Dövlət Universitetinin(indiki BDU) tələbəsi oldu. Bu, arzularının birinin reallaşması, lakin həyəcanlarının, məsuliyyətinin birə-beş artması demək idi. El-obanın, müəllimlərinin etimadını, ona bəslənən ümidləri doğrultmaq üçün gecəsini-gündüzünə qatdı. Sanki dahi Nizaminin sözləri yolunu işıqlandıran çıraq oldu:
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Tale ona dövrünün görkəmli alimlərinin, söz, sənət adamlarının mühazirələrini dinləmək, seminarlarında iştirak etmək nəsib etmişdi. Bu xoşbəxtliyin qanadlarında pərvazlanır, tələbə yoldaşlarının: Universiteti bir il də artırsalar, sən oxumaqdan qəbirdə çürüyəcəksən - zarafatı da onu bir an da olsun əsas işindən - oxuyub-öyrənməkdən ayırmırdı.
Arı öz pətəyinə damla-damla bal yığdığı kimi , o da elm, bilik xəzinəsindən faydalanmağa çalışır, saf, bulaq suyu kimi təmiz dilimizin zənginliklərini öyrənir, klassik Azərbaycan ədəbiyyatını səbir və təmkinlə mütaliə edirdi.
Öyrəndiklərini isə birər-birər məzunu olduğu, həm də ilk dəfə əlinə jurnal alıb sinfə girdiyi məktəbin şagirdlərinə çatdırmağa çalışırdı.
Oğul ləqəbli el qızı
Öyrəndikləri çox olsa da, bununla kifayətlənmirdi. Yenə əvvəlki məsuliyyətlə müntəzəm öz üzərində işləyir, qabaqcıl təcrübəni öyrənib ondan istifadə etməyə çalışırdı. Bir həqiqəti yaxşı başa düşürdü ki, müntəzəm olaraq öz üzərində işləməyən, öyrənməyən şəxs müəllimliyi yaşada bilməz. Çünki hərtərəfli bilik və bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə malik olan şəxsiyyətin formalaşması müəllimdən asılıdır.
Bu həqiqət 40 ildir ki, onun yol yoldaşı olmuş, müəllim adını şərəflə doğrultmuşdur. Harada işləyirsə, işləsin istər Hacıhətəmli, Mollaisaqlı, rayon qiyabi məktəbi, təhsil şöbəsi, şəhər 2 nömrəli və hal-hazırda çalışdığı 4 nömrəli orta məktəbdə də bu hiss onu tərk etməmişdir. O, öz işinə məsuliyyətlə yanaşan, tələbkar, prinsipial, ciddi xarakterli bir müəllimdir. Eyni zamanda müəllim şəxsiyyətini uca tutması ilə gənc nəslə gözəl nümunədir. İndiyədək neçə-neçə nəsil dilimizin incəliklərini, ədəbiyyatımızın sehrini ondan öyrənmiş, yüksək ballarla müxtəlif ali məktəblərə qəbul olunmuşlar.
Uğuruna ürəkdən sevindiyi, nailiyyətlərində müəllimlərinin də böyük zəhməti olduğu şagirdləri dəfələrlə olimpiada, inşa yazı, şeir müsabiqələrinin qalibi olmuş, həm özü, həm də uşaqlar qiymətli hədiyyələrlə birgə fəxri fərman, tərifnamə və təşəkkürnamələr almışlar.
Zəhməti, çalışqanlığı sayəsində qalxdığı mənəviyyat zirvəsi ona el-obanın, dost-tanışlarının hörmət və etimadını qazandırıb. Ürəyində sevinirsən: nə yaxşı ki, bizim belə sayılıb-seçilən, bu adı şərəfləndirən müəllimlərimiz var və onlar el-oba içərisində tanınır, adları ehtiramla çəkilir.
Peşəsindən zövq alan, tədris etdiyi fənlərin şagirdləri tərəfindən sevilməsi üçün əlindən gələni əsirgəməyən Rəna müəllim deyir:
- XXI əsrin təhsilinin vəzifəsi əvvəlki dövrlərə nisbətən daha məsuliyyətli və çətindir: müstəqil Azərbaycanda yaşamağa, qurub-yaratmağa layiq, ölkənin müstəqilliyini və suverenliyini qorumağa və yaşatmağa qadir, müasir elmi biliklərə yiyələnmiş və onları həyatda yaradıcılıqla tətbiq etməyə qadir şəxsiyyət hazırlamaq. Bütün bunlar orta məktəb müəlliminin nə qədər məsul vəzifə qarşısında durduğunu sübut edir. Çünki gənc nəslin mənəvi tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında müəllimin rolu böyükdür. Eyni zamanda müəllimin mütəmadi olaraq üzərində işləməyi, tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməyi, subyektiv bacarıqları ön plana çəkməyi tələb edir. Belə ki, müntəzəm olaraq öz üzərində işləməyən, öyrənməyən şəxs müəllimliyi yaşada bilməz. Müdriklərin təbirincə desək: Müəllim üçün qaranlıq olan, şagird üçün tam zülmətdir.
Bu da məlumdur ki, tədris prosesində cəmiyyətə layiq vətəndaşların yetişdirilməsində ana dili və ədəbiyyat fənlərinin rolu böyükdür. Sözsüz ki, ədəbiyyat bütün dövrlərdə insanın tərbiyəsi keşiyində duran bir yaradıcılıq sahəsi olmuşdur. Müdriklər ədəbiyyatın tərbiyə prosesindəki əhəmiyyətini vurğulamaqla bərabər, həm də onu idrakı inkişafın təşkilində, milli-mənəvi dəyərlərin formalaşmasında və inkişafında mühüm vasitə hesab etmişlər.
Ana dili dərslərində də indi məqsəd sadəcə linqvistik biliklər qazandırmaq deyil, eyni zamanda uşaqlarda yüksək nitq mədəniyyətinin formalaşdırılmasına, demokratik cəmiyyət vətəndaşı üçün tələb olunan sosial və intellektual vərdişlərin inkişafına kömək etməkdir.
Bu mənada yeni təhsil proqramları ilə işləyən dil-ədəbiyyat müəllimi özünün daxili potensialını, yaradıcı pedaqoji fəaliyyətini realizə etmək üçün qarşında açılmış bu meydandan səmərəli istifadəyə çalışmalıdır.
R.Mirzəliyeva təkcə dərs deməklə, ictimai işlərdə fəallıq göstərməklə işini bitmiş hesab etmir. Altıncı sinifdən yazmağa başladığı sanballı, maraqlı məqalələri ilə tez-tez respublika və rayon mətbuatında, radio dalğalarında çıxış edir.
Öz üslubu və dəsti-xətti olan, pedaqoji işi jurnalistika ilə üzvü şəkildə əlaqələndirməyi bacaran, publisistik uğurları ilə diqqəti cəlb edən Rəna müəllimin həm müəllifi olduğu kitab belə adlanir: Hər ürəkdə bir Aydın. Bu kitabda ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həyata əlvida demiş şair, yazıçı-publisist, tarixçi-alim Aydın Səlimzadənin qısa, lakin mənalı həyatı və ömür yolu həzin və kövrək bir dillə əks olunmuşdur.
Bu gün zəhmətlə istedadın qovuşağında salnamələşən, şagirdlərinin gözündə qəlbinin alışan odundan pay ayıran məsuliyyətli müəllim, uşaqlarının gözündə ana, nəvələrinin gözündə nənə ömrü yaşayan Rəna müəllim pedaqoji fəaliyyətində uğurlar diləyir, onu müəllim günü münasibətilə ürəkdən təbrik edir və sözümü müəllim həmkarlarından birini ona ünvanladığı şeirin iki bəndi ilə bitirirəm:
Kəpəz vüqarlısan, şüarın ismət,
Daşır ürəyində elə məhəbbət.
Gözəllik insana Tanrı payıdır,
Sənə qucağını açsın səadət.

Doğsun sənin üçün günəş hər səhər,
Üzünü yuyasan şəfəq selində
Neçə oxunmamış şeir, nəğmə var,
Qoy dilə gəlsinlər sənin dilində.
Xoşqədəm Həkimqızı
İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin müəllimi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter