Hesabat məruzəsi » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Hesabat məruzəsi


2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun M Ə R U Z Ə S İ



Birinci yarımillikdə müqayisəli qiymətlərlə 68 milyon 323 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 milyon 235 min manat və ya 8,3 faiz artmışdır. Sevindirici haldır ki, tikinti sahəsi müstəsna olmaqla bütün sahələrdə artım olmuşdur. Artım sənaye sahəsində 19,1 faiz, kənd təsərrüfatında 75,8 faiz, nəqliyyatda 3,8 faiz, rabitə sahəsində 19,5 faiz və ticarətdə 5,8 faiz təşkil etmişdir.

Hesabat dövründə rayon büdcəsinin gəlir hissəsi 9 milyon 651 min 852 manata qarşı 10 milyon 579 min 293 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 109,6 faiz təşkil etmişdir. Yerli mənbələrdən daxil olmalar üzrə proqnoz artıqlaması ilə icra edilmişdir, 2 milyon 431 min 782 manata qarşı 2 milyon 542 min 293 manat (105 faiz) vəsait daxil olmuşdur.
Hesabat məruzəsi
Birinci yarımillikdə əhaliyə 9 milyon 584 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 51 milyon 780 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 699 min manat və ya 5,5 faiz artıqdır.
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 25,4 manat artaraq 256 manata çatmışdır.
Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın tikintisi, Heydər Əliyev Mədəniyyət Sarayının, İsmayıllı bələdiyyəsinin inzibati binasının əsaslı təmiri, Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binalarının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması, Uşaq əyləncə və istirahət parkının tikintisi, Heydər Əliyev prospektində əsaslı yenidənqurma işləri, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyünün dəyişdirilməsi və fasadının müasir memarlıq üslubunda təmiri, Qalınçaq kənd orta məktəbi üçün 380 şagird yerlik, Şəbiyan ümumi orta və Külüllü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni binaların, Keyvəndi kəndində 1400 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmiş, bir sıra obyektlərin tikintisi başa çatdırılmış və ya başa çatdırılmaq üzrədir.
Kənd yollarının tikintisinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun 10 km hissəsinə asfalt örtük vurulmuşdur.
İsmayıllı-Lahıc avtomobil yolunun 7 km dağlıq hissəsində tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilib. Yolun 6 km hissəsində çiyinlər və yolkənarı arxlar tikilmişdir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulmuşdur.
10 saylı Yol İstismar Sahəsi tərəfindən 2014-cü ilin 6 ayında 685,8 min manatlıq təmir işləri görülmüşdür. Təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılmışdır.
Görülmüş işlərlə yanaşı qeyd etmək istərdim ki, yerli əhəmiyyətli yollarda vəziyyət heç də qənaətbəxş deyildir. Dövlət başçısı iclasda kənd yollarının tikintisinə xüsusi önəm vermişdir. Qeyd etmişdir ki, yollar hər bir insanı narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisində xeyli iş görülsə də bərbad vəziyyətdə olan yollar çoxdur. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər. Cənab Prezidentin bu tapşırıq və tövsiyəsi yaxın vaxtlarda rayonumuzda da özünü göstərəcəkdir.
İsmayıllı şəhəri küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir.
Yanvar-iyun ayları ərzində şəhərin 16 küçəsində 51709 kv.metr yol əsası işlənərək asfalr örtük vurulmuşdur. İş davam etdirilir.
Birinci yarımildə rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 milyon 275 min manat artmışdır.
Cari ilin məhsulu üçün ötən ilin payızında 28849 hektar sahədə taxıl əkilmişdir ki, onun da 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Bundan başqa rayon üzrə 3257 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitki əkinləri əsasən noxud, qarğıdalı, günəbaxan, kartof, tərəvəz, yemlik paxla, yonca və s. bitkilərdən ibarətdir.
Payızlıq taxıl bitkilərinin əkini və sahələrə qulluq aqrotexniki qaydada həyata keçirilmişdir. Şum və səpin işləri vaxtında aparılmış, mineral gübrələrdən istifadə edilmiş, səpində yüksək reproduksiyalı toxumlarrdan istifadə olunmuşdur. Yaz mövsümündə sahələrə azotlu gübrələr verilmiş, əkin sahələrinin çox hissəsinə alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. Artıq rayonda taxıl biçini kompaniyası başa çatmaq üzrədir. Bu günə qədər 25120 hektar sahənin taxılı biçilmiş, 70587 ton məhsul əldə olunmuşdur. Hər hektarın məhsuldarlığı 28,1 sentner təşkil edir.
Taxıl biçini kompaniyasının vaxtında və mütəşəkkil həyata keçirmək üçün Rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2014-cü il tarixli 87 nömrəli sərəncamı ilə rayon Qərargahı yaradılmışdır. Qərargah tərəfindən gündəlik taxıl biçini nəzarətdə saxlanılmış, qarşıya çıxan problemlər vaxtında həll olunmuşdur. Biçində rayonumuzun fiziki və hüquqi şəxslərinə məxsus 61 kombayndan və kənar rayonlardan gəlmiş kombaynlardan istifadə olunmuşdur
Üzümçülük sahəsi rayonumuzun iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Hazırda rayon üzrə 859 hektar üzüm bağı vardır. 2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramının icrası ilə əlaqədar hər il rayonumuzda yeni üzüm bağları salınır, cari ildə 20 ha sahədə yeni üzüm bağları salınmışdır.
Meyvə bağlarının salınmasına da maraq böyükdür. Cari ilin ötən dövrü ərzində Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmışdır. Hal-hazırda rayon üzrə 1000 hektardan artıq meyvə bağı mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər istehsalçıya becərdikləri 28926 hektar əkin sahəsinə görə 1milyon 157 min 44 manat yardımın verilməsi ilə əlaqədar sənədlər hazırlanaraq Respublika Komissiyasına təhvil verilmişdir.
Rayonumuzda heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Altı ayda rayon üzrə 2406 ton diri çəkidə ət, 16265 ton süd, 4 milyon 958 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. Mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.
Keyvəndi kəndində Azza-Aqro MMC tərəfindən tikilən kompleksdə 1500 baş qaramalın saxlanması nəzərdə tutulmuşdur. Hal-hazırda kompleksdə inzibati bina və işçilər üçün xidməti bina, eləcə də 400 başlıq tövlələrdən birinin tikintisi başa çatmışdır.
İlin ötən dövrü ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 ha səhədə meşə bərpa işləri görülmüşdür ki, bunun da 12 hektarı meşə səpini, 8 hektarı isə meşə əkinindən ibarətdir. Müəssisənin tinglik sahəsində yeni ağac tinglərinin yetişdirilməsi məqsədilə müxtəlif ağac toxumları səpilmişdir. Yaz mövsümündə 24 min ədəd müxtəlif ağac tingi çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasında istifadə edilmişdir.

2014-cü ilin ötən dövrü ərzində Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 2 hidrometrik post və 8 hidrotexniki qurğu cari təmir olunmuşdur. Suvarma sistemləri lildən təmizlənmiş, daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi işində 73 min kubmetr ekskovator işi, 138 min kubmetr buldozer işləri görülmüşdür.
Kənar təşkilatların gücü ilə Göyçayçay-İsmayıllı magistral beton kanalın 604 metr hissəsi yenidən qurulmuşdur. Girdiman çayının sol sahilində Lahıc qəsəbəsinin mühafizəsi üçün 118 metr daş-beton bəndi tikilmişdir. 2014-cü ildə rayon ərazisində 8 subartezian quyusunun qazılması nəzərdə tutulmuş, hazırda Qubaxəlilli, Kəlbənd, Hacıhətəmli və Kürdmaşı kəndlərində quyular qazılmışdır.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması məqsədi ilə şəhərin Mican ərazisində 200 hektar torpaq sahəsində meliorativ tədbirlər görülmüşdür.
Hesabat dövründə şəhər ərazisində və magistral yolların kənarlarında yeni yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət verilmişdir. İdarə və təşkilatları könüllü olaraq iməciliklər təşkil etmiş, ağac əkini və yeni yaşıllıqların salınmasında fəal iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolunun kənarında 9100 ədəd ağac əkilmişdir. Bundan başqa, daha 5 min ədəd ağac bələdiyyələrin ərazisində əkilmişdir. Əkilmiş ağacların mühafizə olunması, qorunub saxlanması məqsədilə idarə və təşkilatlara təhkim olunmuş, ağaclar əkilən sahələrin ətrafı tikanlı məftillərlə hasara alınmışdır. Qeyd etmək lazımdır ki, ağacların qorunması üçün görülmüş tədbirləri qənaətbəxş hesab etmək olmaz. Vaxtında suvarılmadığı üçün ağacların bir hissəsi quruyur. Ağacların mal-qaradan qorunması üçün də əlavə tədbirlər görülməlidir.
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən müəyyən işlər görülmüş, hesabat dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 37 akt, 23 protokol və 5 icrası məcburi olan göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara görə 78 hüquqi və fiziki şəxsə 10 min manat ödəmə verilmişdir.
Aparılan monitorinq və reydlər nəticəsində vətəndaşlar tərəfindən qanunsuz olaraq meşələrin qırılması ilə əlaqədar 20 akt tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 1578 manat cərimənin ətraf mühitin mühafizəsi fonduna köçürülməsi təmin edilmişdir. Eyni zamanda etiraf etmək lazımdır ki, bu sahədə hələ də nöqsanlar çoxdur. Şöbə tərəfindən ətraf mühitin ekoloji tarazlığının pozulmasının bütün hallarına qarşı qəti mübarizə tədbirləri görülməlidir.
Hər ay rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir. Novruz bayramı ərəfəsində şəhərin 4 yerində və rayonun iri yaşayış məntəqələrində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə taxıl, ət, süd, meyvə, tərəvəz, bal,yumurta və digər məhsullar satılmışdır.
2014-cü ilin ikinci rübündə rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 5 halı aşkar edilmişdir. Xüsusi mülkiyyətdə olan torpaqda tikinti işləri aparıldığına və mərz nişanlarının yerini dəyişdirdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 86.2 və 89-cu maddələrinə əsasən 645 manat cərimə hesablanmışdır. Rayonun ərazisində torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin pozulmasının qarşısının alınması məqsədilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinə əvvəlcədən Torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti haqqında əsasnamənin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi qaydalarının tələbləri ətraflı izah edilməli və bu istiqamətdə iş davam etdirilməlidir.
Hesabat dövründə rayonun bir sıra kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və kredit almaq istəyən fermer və sahibkarlara lazımı bilgilər verilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün biznes planların hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində treninq keçirilmiş, gəncləri maraqlandıran məsələlərə mütəxəssislər tərəfindən ətraflı cavablar verilmişdir.
Ümumiyyətlə, ötən altı ayda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonumuzdan olan 47 sahibkara 632 min manat kredit verilmişdir.
Bu il sənaye ilidir. Sənayenin inkişafı diqqət mərkəzindədir. Rayonumuzda da Sənaye ili ndə sənayenin inkişafı ilə bağlı konkret tədbirlər görülür. İş adamı tərəfindən əhəng sexinin fəaliyyəti bərpa olunmuşdur. May ayının 28-də yenidənqurma və əsaslı təmirdən sonra Kərpic Zavodunun açılışı olmuşdur. Hacıhətəmli kəndində fəaliyyət göstərən İsmayıllı şərab-2 üzüm emalı zavodunun illik istehsal gücü 5 min tondur. Burada 18 adda şərab məhsulları istehsal olunur. İsmayıllı şərab-1 üzüm emalı zavodu isə 2013-cü ildə istifadəyə verilmişdir. Şərab-1 zavodunun tam istehsal gücü ilə işləməsi üçün tədbirlər həyata keçirilir. İkinci rübdə respublikada ilk Velosiped istehsalı zavodunun tikintisinə başlanmışdır.
6 ayda sənaye məhsulları istehsalı sahəsində müəyyən artım əldə olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı dəyər ifadəsində 333 min manat artmışdır. İstehsalın 75,1 faizi dövlət və 24,9 faizi qeyri dövlət mülkiyyətinin payına düşür.
Birinci yarımillikdə rayonun ümumi məhsul istehsalında sənaye məhsulları cəmi 3 faiz təşkil etmişdir. Əminik ki, yeni müəssisələrin istifadəyə verilməsi ilə sənaye məhsulları istehsalında yaranmış durğunluğa son qoyulacaqdir.
İsmayıllı Qaz İstismar Sahəsi 12980 abonentə xidmət göstərir ki, bunun da 12874-ü əhali abonentidir. 2014-cü ilin birinci yarısında İsmayıllı şəhərində 2906 p/m qaz xətti yenidən quraşdırılmış, 637 p/m korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuşdur. Abonentlərin 96 məişət qaz sayğacı dəyişdirilmiş, yeni abonentlər üçün 587 məişət qaz sayğacı qoyulmuşdur. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin üzərində 10 ədəd siyirtmə və qaz tənzimləyicisi quraşdırılmışdır. Hesabat dövründə abonentlərə 17,9 milyon kubmetr qaz verilmiş, satılan qazın dəyəri 93,8 faiz ödənilmişdir. Yığımın 100 faizə çatdırılması üçün İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən işdə dönüş yaranmalıdır. 1995-ci ilə qədər rayonun 56 yaşayış məntəqəsinə təbii qaz verilirdi, hal-hazırda rayonun 105 yaşayış məntəqəsindən cəmi 32-nə təbii qaz verilir. Əllidən artıq iri yaşayış məntəqəsinin qazlaşdırılmasına ciddi ehtiyac vardır. Bu il kəndlərin qazlaşdırılması prosesi bir qədər ləngimişdir. Qazlaşdırma ilə əlaqədar Basqal, Xanagah, Qurbanəfəndi, İstisu və digər iri yaşayış məntəqələrindən rayon İcra Hakimiyyətinə və Respublikanın rəhbər təşkilatlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur. Təsadüfi deyil ki, cənab Prezident 2014-cü ildə qazlaşdırma ilə bağlı prosesin ləng getdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, qazlaşdırma əvvəlki illərdə daha sürətlə gedirdi. Çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Bu sahədə işlər daha da sürətlə getməlidir. Əminik ki, yaxın vaxtlarda bu sahədə təsirli tədbirlər görüləcək və rayonumuzda da tədbirin nəticəsi özünü göstərəcəkdir.
Birinci yarımillikdə elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Şəhər ərazisində 12,3 km. 10 kilovoltluq elektrik veriliş xətti çəkilmişdir. 188 ədəd 10 kilovoltluq, 1090 ədəd 04 kilovoltluq dayaq basdırılmışdır. 31,4 km. SİP kabel xətti çəkilmiş, abonentlər üçün 1386 Smart-kart tipli sayğac quraşdırılmışdır. 3 transformator yenisi ilə əvəz olunmuşdur.
Kəndlərdə 10 kilovoltluq hava xətlərində 56 ədəd, 0,4 kilovoltluq hava xətlərində 68 ədəd dayaq dəyişdirilmiş, 2,41 km. SİP kabel xətti çəkilmiş, 16 transformator əsaslı təmir edilmişdir. Söküntüdən əldə olunmuş istifadəyə yararlı dayaqlardan qəzalı vəziyyətdə olan dayaqların dəyişdirilməsində istifadə olunmuşdur.
Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılmışdır.
6 ayda istehlakçılara 25 milyon 347 min kilovatsaat enerji verilmiş, 1 milyon 408 min 640 manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 92,6 faizini təşkil edir. Bu da I rübün səviyyəsindən 2,6 faiz azdır. Qeyd etmək lazımdır ki, enerji təsərrüfatında mövcud nöqsanlar ləng aradan qaldırılır. Əksər kəndlərdə enerji təsərrüfatı köhnə olduğuna görə qəzalar nəticəsində enerji ilə təchizatda tez-tez fasilələr yaranır və əhalinin haqlı narazılığına səbəb olur.
İsmayıllı Sukanal idarəsi 3212 abonentə xidmət göstərir. 6 ayda təşkilat tərəfindən su xətlərində cari təmir işləri aparılmışdır. Şəhər daxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun tikintisi işləri davam etdirilmişdir. Tutumu 1500 ton olan sonuncu su anbarında tikinti başa çatdırılmışdır. Lakin qeyd etməliyik ki, sayğacların quraşdırılması ləngiyir. Köhnə su xətti tələbatı ödəmir. Yay aylarında şəhərin bəzi məhəllələrində əhalinin su ilə təchizatında problemlər yaranır. Köhnə borular uzun müddət istifadədə olduğu üçün istismara yararsız vəziyyətə düşmüşdür. Korroziyaya uğramış borular ən aşağı təzyiqə belə tab gətirmir, tez-tez qəzalar baş verir. Nəticədə, şəhər daxilində yollarda böyük zəhmət və vəsait hesabına salınmış asfaltı qazmaq lazım gəlir. Bu da yol verilməzdir. Vəziyyətdən çıxış yolu sayğaclaşdırmanı sürətləndirmək və yeni sistemi işə buraxmaqdır. Əmin olmaq istərdik ki, Respublikanın aidiyyəti təşkilatları bu vacib məsələnin həllinə diqqətlə yanaşacaqlar.
Bir sıra iri yaşayış məntəqələrinin, o, cümlədən Quşencə, Basqal, Tircan və digərlərinin su ilə təchizatında çətinliklər qalmaqda davam edir. Cənab Prezident kəndlərin də su təchizatını yaxşılaşdırmağı mühüm bir vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə Azərsu şirkəti ilə birgə fəaliyyətimizi daha da yaxşılaşdırmalıyıq.
Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar ciddi islahatlar aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ayda 460 ailənin 2156 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. Adambaşına düşən orta aylıq məbləğ 23 manat 69 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 115 manat 95 qəpik təşkil edir.
DSMF tərəfindən birinci rübdə əmək pensiyalarının ödənilməsinə 12 milyon 728 min manat, digər müavinətlərin ödənilməsinə isə 202,6 min manat vəsait xərclənmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmiş, rübün sonuna qalıq qalmamışdır. Ödənilmiş pensiya və müavinətin 84,3 fazi Respublika fondundan, 15,7 faizi yerli daxilolmalar hesabına reallaşmışdır.
Rayon Məşğulluq Mərkəzi tərəfindən birinci yarımildə 271 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmışdır. Hesabat dövründə 217 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 35 nəfəri qadındır. 01 iyul 2014-cü il tarixə 387 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Onların da bir çoxu ali və orta-ixtisas təhsilli mütəxəssislərdir. Birinci rübdə rayonda 303 yeni iş yeri yaradılmışdır.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən tədbirlər davam etdirilmişdir. Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 315 min kv. metr sahəsi olan küçə və meydanlara, 24,3 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. Rüb ərzində kombinat tərəfindən tutumu 1,1 kubmetr olan 39 ədəd metal zibil qutusu alınaraq şəhərin müxtəlif ərazilərinə qoyulmuşdur. Bu il kombinata əvəzsiz olaraq JAK markalı yükünü özüboşaldan maşın və avtokran verilmişdir.
Birinci yarımillikdə 240,7 min manat dəyərində kommunal xidməti göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 32 min manat çoxdur. Əhaliyə göstərilən pullu xidmət də artmışdır.
Respublikanın kənd rayonları arasında ilk olaraq rayonumuz 2014-cü ilin avqust ayının 1-dən Təmiz şəhərdə yaşa devizi altında Gələcək öz əlimizdədir layihəsinin icrasına başlayacaqdır. Bu istiqamətdə geniş hazırlıq işləri gedir. Əmin olmaq istərdim ki, sakinlərin yaxından köməkliyi ilə yaxın vaxtlarda rayonumuzu Respublikanın ən təmiz və abad guşələrinin birinə çevrilməsinə nail olacağıq.
Mənzil İstismar Sahəsinin xidmətində 1262 ailə yaşayan 978 mənzil vardır. Birinci rübdə sakinlərə göstərilən mənzil-kommunal xidmətin səviyyəsi qənaətbəxş olmuşdur. Bu il H.B.Zərdabi küçəsində yerləşən 1 və 2 nömrəli, 16 mənzilli və Heydər Əliyev prospektində yerləşən 12 mənzilli yaşayış binalarının dam örtüyündə təmir işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektindəki 105, 105 a, 107, 111, 113, M.F.Axundov küçəsindəki 15 və 17 nımrəli binaların məhəllələri tam asfaltlaşdırılmış, abad və nümunəvi məhəllələrin yaradılmasına start verilmişdir. Binalarda Smart tipli su sayğaclarının və yeni istilik sistemlərinin quraşdırılması işləri davam edir.
İsmayıllı Poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Rüblük tarif gəlirləri proqnozu 80,7 min manata qarşı 97,3 min manat və ya 120,5 faiz yerinə yetirilmişdir.
Əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində yeni poçt binalarının tikintisi davam etdirilmişdir.
İsmayıllı Telekommunikasiya Qovşağı 6 ayda 406,5 min manat gəlir əldə etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 min manat çoxdur. Qovşaq 1299 mənzilə yeni telefon çəkmiş, 47 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Qovşaq üzrə 1999 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 5556, kəndlərdə isə 1443 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır.
Şəhərin M.F. Axundov və Babək küçələrində yerüstü telefon kabel xətləri yeraltı kabel-kanalizasiya xətləri ilə əvəz olunur.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. İsmayıllı-Avtonəqliyyat ATSC tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu 10 km. artırılaraq 30 kilometrə çatdırılmışdır. Gün ərzində avtobuslar şəhərdaxili marşrutlarda 700 km.dən artıq məsafə qət edirlər.
Bu il İsmayıllı-Lahıc marşrutuna əlavə avtobusun fəaliyyəti təşkil olunmuş, İsmayıllı-Talıstan marşrutu açılmışdır. İsmayıllı-Bakı marşrutu üzrə müasir tipli, yüksək komfortlu avtobus xəttə buraxılmışdır. Şəhər ərazisində 30 müasir tipli dayanacağın quraşdırılması və təzə taksi avtomobillərinin istismara buraxılması əhalinin rahatlığına səbəb olmuşdur. Müsbət dəyişikliklər əhali tərəfindən razılıqla qarşılanır.
Hazırda rayonda 12 bank və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar tərəfindən 6 ay ərzində 18 milyon 321 min manat kredit verilmişdir. Kreditin faizi yüksəkdir, orta hesabla illik 26-28 faiz təşkil edir. Təəssüf doğuran haldır ki, kreditin cəmi 5,8 milyon manatı kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin inkişafı üçün, qalan kredit isə əsasən istehlak məqsədi ilə götürülmüşdür. İlin altı ayı ərzində rayonda ictimai-siyasi mühitin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl və sistemli iş aparılmış, ideya-siyasi fəaliyyətdə Azərbaycan Respublikasının Konstitusiyası, Respublika Prezidentinin fərman və Sərəncamları, tövsiyə və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüşdür.
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmiş, radikal dini qruplara qarşı ciddi mübarizə aparılmış, milli və dini zəmində heç bir konflikt, ziddiyyət və qarşıdurma baş verməmişdir.
Altı ay ərzində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər, dövlət və dini bayramlar, ideya-siyasi tərbiyəyə xidmət edən görüşlər, debatlar, dəyirmi masalar keçirilmişdir. Heydər Əliyev məktəbinin məşğələləri yüksək səviyyədə keçirilmişdir. Müxtəlif sahələrdə fərqlənən işçilərə mükafat və təltiflərin təqdimatı, yeni ailə quranların nigah mərasimləri Mərkəzdə aparılmışdır. İctimai və qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılmış, onlar rayonda xeyli sayda tədbirlər keçirmişlər.
Hesabat dövrü ərzində abunə yazılışı bir qayda olaraq vaxtında aparılmış, İsmayıllı xəbərləri qəzeti rayonun ictimai-siyasi və mədəni həyatının dolğun işıqlandırılmasında mühüm rol oynamışdır. Azərbaycan, Respublika, Xalq qəzeti və bir sıra iqtidar yönümlü mətbuat səhifələrində rayonun ictimai-siyasi həyatını, aparılan tikinti və abadlıq işlərini əks etdirən yazılar dərc olunmuşdur. Televiziya kanallarında rayonda görülən işlər, həyata keçirilən tədbirlər işıqlandırılmışdır.
Zəngin təhsil və ziyalılıq ənənələri olan rayonumuzda hesabat dövrü ərzində dövlət təhsil siyasəti uğurla həyata keçirilmişdir. Təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəb tikintisi, maddi bazanın möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması və s. sahədə işlər davam etdirilmiş, təhsilin məzmununda, inkişaf istiqamətində yeniliklərə nail olunmuşdur. 2014-cü ilin İnnovativ təlim texnologiyaları ili elan olunması məktəblərin İKT avadanlıqları ilə təmin olunmasında mühüm rol oynamışdır . Qısa müddətdə 19 ədəd elektron lövhə alınaraq məktəblərə paylanmışdır. Hazırda rayona 17 şagirdə bir kompyuter düşür ki, bu da şagirdlərin İKT-dən istifadə imkanlarını xeyli artırmışdır.
Altı ay ərzində məktəblərdə 3 elmi-praktik konfrans, 9 seminar, 48 qabaqcıl müəllimin açıq dərsləri keçirilmiş, şəhər 1, 2, 3, 5, 6 və 7 saylı, Lahıc qəsəbə, Cülyan, Təzəkənd tam orta məktəbləri beynəlxalq və Respublika səviyyəli layihələrdə fəal iştirak etmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya şirkətinin sponsorluğu və İSTECH və NEATS şirkətlərinin təşkilati dəstəyi ilə rayonda keçirilən Qunduz İnformatika və Kompyuter bacarıqları müsabiqəsində şagirdlərimizin iştirakının kütləviliyi məktəblərdə İKT vasitələrinə marağın güclü olduğunu təsdiq edən amildir. Bu müsabiqədə iştirakçılarımızın sayı 250 nəfərdən yuxarı olmuş, yüksək nəticə göstərən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Hesabat məruzəsi
Cari ilin fevral-may aylarında ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar dərslər yüksək səviyyədə tədris edilmişdir.
Möhtərəm Prezidentin təhsilimizə göstərdiyi qayğının nəticəsi öz müsbət nəticələrini verməkdədir. Gənclərimiz müxtəlif müsabiqə və yarışlarda öz istedad və bacarıqlarını daha qabarıq nümayiş etdirə bilirlər. Bir qayda olaraq, inşa yazı, şeir, musiqi, bilik, idman yarışlarında, fənn olimpiadalarında ötən dövr ərzində fərqlənmişlər.
Rayonda gənclərin peşə təhsilinə də xüsusi diqqət yetirilir. 2010-cu ildə istifadəyə verilən 480 yerlik Peşə Tədris Mərkəzi müasir tələblərə cavab verən, rəqabətə davamlı, peşə təhsili sahəsində islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.
Ölkə rəhbərinin razılığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2013-cü il tarixli 168 nömrəli qərarı ilə İsmayıllıda açılan Dövlət Humanitar Texnologiya Kollecində 202 nəfər tələbə təhsil alır. 2013-2014-cü ilin ikinci semestri üzrə tələbələrin müvəffəqiyyəti ümumi orta təhsil bazası üzrə 80, tam orta təhsil bazası üzrə 82 faiz olmuşdur. Kollecdə Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarını tətbiq etməklə bağlı sistemli iş aparılır.
Uğurlarla yanaşı təhsil sahəsində nöqsanlar və problemlər də mövcuddur. Bir çox məktəb binaları qəzalı vəziyyətdədir. Rayonun dağ kəndlərində bəzi fənlər üzrə ixtisas müəllimləri çatışmır. Şəhər 4 nömrəli tam orta məktəbi 1976-cı ildə ağac materialdan tikilmiş, darısqal və qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Şəhər 8 nömrəli ibtidai məktəbin özünə məxsus binası yoxdur.
İlin altı ayı ərzində əhalinin sağlamlığının qorunması, yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi, tibbi texnologiyaların tətbiqi sahəsində müəyyən işlər görülmüş, tədbirlər həyata keçirilmişdir. Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda əhalinin bütün təbəqəsinin tibbi müayinədən keçirilməsi may ayında uğurla başa çatdırılmışdır. 83 min əhalinin 63 min nəfəri 17 fevral 2014-cü il tarixdən 01 may 2014-cü il tarixinə kimi tibbi müayinədən keçirilmişdir. Xəstələrə lazımi abulator və stasionar müalicə təyin olunmuş, ehtiyacı olan xəstələr Bakı şəhərinə müalicə mərkəzlərinə göndərilmişdir.
İsmayıllı rayon Mərkəzi Xəstəxanasında təmir və yenidənqurma işləri başa çatdırılmış, xəstəxana ən yeni və müasir avadanlıqlarla təchiz edilmişdir. Təmirdən sonra yeni istifadəyə veriləcək Mərkəzi Xəstəxanada Almaniya istehsalı olan 4 dializ aparatı quraşdırılmışdır. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən başqa xəstələr artıq öz rayonumuzda müalicə alacaqlar.
Rayonda 463 nəfər vərəm xəstəsi qeydiyyatdadır. Şəkərli diabet xəstələri 1057 nəfər təşkil edir. Talassemiyalı xəstələrin sayı böyüklər arasında 40 nəfər, uşaqlar arasında 27 nəfərdir. 7 nəfər hemofiliyalı xəstə vardır ki, bunlardan da 2 nəfəri uşaqdır. Xroniki böyrək çatışmazlığı xəstələri 25 nəfərdir.
2014-cü ilin altı ayı ərzində 0-1 yaşa qədər uşaq ölümü qeydə alınmamış, 1-5 yaşda 3 nəfər, 10 yaşda isə bir nəfər, cəmi 4 nəfərdə ölüm hadisəsi baş vermişdir.
Səhiyyə sahəsində problemlər də çoxdur. Rayon üzrə 20 həkim vəzifəsi vakantdır. Kəndlərimizin bir çoxunda tibbi müəssisələr yoxdur
Rayonda Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan 6 yaradıcılıq evi, 27 klub, 49 kitabxana, bir Uşaq İncəsənət Məktəbi, Lahıc və Basqal Tarix Mədəniyyət Qoruğu, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bu müəssisələrdə 340 nəfər işçi çalışır.
Cari ilin ötən dövrü ərzində şəhər sənətkarlıq klubunda, İsmayıllı şəhər yaradıclıq klubunda, Uşaq İncəsənət Məktəbində, Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Duzeyində, 2 saylı kitabxanada, Sulut kənd kitabxanasında əsaslı və cari təmir işlərinin aparılması ilə əlaqədar kotirovka prosedurları keçirilmiş, təmir işlərinə başlanmışdır.
Tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların, yubiley tədbirlərinin, görkəmli şəxslər, şair və yazıçılar, alimlərlə görüşlərin, xatirə gecələrinin təşkili və keçirilməsində rayon Mədəniyyət və Turizm Şöbəsi yaxından iştirak edir, tədbirlərin təşkilatçısı və icraçısına çevrilir. 2014-cü ilin 6 ayı ərzində şöbə 40-dan çox mədəni-kütləvi tədbirin, sərgi və müsabiqənin keçirilməsinə nail olmuş, Bakı şəhərində, digər regionlarda keçirilən müxtəlif xarakterli tədbirlərdə iştirak etmişdir.
Mədəniyyət sahəsində problemlər də çoxdur. İxtisaslı kadrlara ciddi ehtiyac vardır. İncəsənət Məktəbi ona məxsus binaya köçürülməlidir. Bütün kəndlərdə kitabxanalar təşkil edilməlidir.
Hesabat dövründə həmişə olduğu kimi, vətəndaşların qəbul edilməsi, onların ərizə, şikayət, təklif və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir.
2014ci ilin 6 ayında rayon İcra Hakimiyyətinə 741 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 625 ədəd azdır. Prezident Administrasiyasından və digər yuxarı orqanlardan isə 179 vətəndaş müraciəti baxılmaq üçün RİH-nə göndərilmişdir, əvvəlki illə müqaisədə bu rəqəm 24 ədəd azdır. Göründüyü kimi, əvvəlki hesabat dövrü ilə müqayisədə vətəndaş müraciətləri xeyli azalmışdır. Vətəndaşlar daha çox torpaq məsələləri, mənzillə təmin olunmaq və təmir etmək məsələləri, birdəfəlik maddi yardım və məişət məsələləri, səhiyyə məsələləri, enerji, qaz və su təchizatı məsələləri, kənd təsərrüfatı ilə əlaqədar, əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə bağlı müraciət etmişlər.
Cari ilin 6 ayında RİH-nin aparatında 24 , kənd yaşayış məntəqələrində isə 26 səyyar qəbul keçirilmişdir. Aparatda keçirilən qəbullarda 633 vətəndaş, səyyar qəbullarda isə 169 nəfər vətəndaş öz arzu və istəklərini bildirmişlər. RİH-nin elektron poçt ünvanına 48 vətəndaş, RİH aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə isə 85 vətəndaş müraciət etmişdir. 2014-cü ilin 6 ayında da rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür. Rayon İcra Hakimiyyəti bundan sonra da vətəndaşların qəbul edilməsinə, onların ərizə, şikayət, təklif və müraciətlərinə diqqətlə yanaşacaqdır. Rayonda görülən işlər haqqında internet saytlarında və sosial şəbəkələrdə daha çox məlumatlar yerləşdirilmişdir.
Rayonda dövlət gənclər siyasəti uğurla həyata keçirilir, idman sahəsində müsbət nəticələr əldə olunur. Son vaxtlar gənclərin potensialından rayonun mənafeyi naminə tam və düzgün istifadə edilir. Cari ilin ötən dövrü ərzində xeyli gənc kadr dövlət idarələrində, özəl sahədə işə götürülmüşdür. Rayonda mövcud problemlərin həllində gənclərin iştirakı əsas götürülür. Onların məşğulluğunun təmin edilməsi üçün müxtəlif istehsal müəssisələrinin yaradılmasına çox ciddi ehtiyac duyulur.
Hesabat dövrü ərzində Rayon Gənclər İdman İdarəsi rayon gəncləri üçün silsilə tədbirlər, istedadlı gənclərin aşkara çıxarılması və potensialının inkişafı məqsədilə müxtəlif xarakterli müsabiqələr, yarışlar, idman tədbirləri və s. keçirmişdir. Demək yerinə düşər ki, bütün rayonu əhatə etməklə ali təhsilli gənclərin siyahısı dəqiqləşdirilmiş, onların ixtisasları üzrə yerləşdirilməsi proqnozlaşdırılmışdır. Gənclərimizin dövlət qulluğuna, bank, maliyyə sığorta sisteminə daha çox cəlb olunurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün normal şərait yaradılır.
Zona, respublika və beynəlxalq yarışlarda qalib gələn idmançılarla bir qayda olaraq görüşlər keçirilir, onların müvəffəqiyyəti təqdir olunur, mükafatlandırılır.
Hesabat dövrü ərzində Olimpiya İdman Kompleksində ardıcıl olaraq respublika və rayon əhəmiyyətli idman tədbirləri keçirilmişdir. Hazırda şahmat üzrə 16 yaşadək gənclərin Respublika olimpiada yarışları İsmayıllı Olimpiya İdman kompleksində keçirilir.
Xəmsə milli intellektual oyununda zona üzrə komandamız II, Gənc xilasedici və yanğın söndürən yarışı üzrə Respublika birinciliyində rayonun komandası II, həndbol üzrə yeniyetmələr arasında zona birinciliyində I, Bakıda keçirilən şahmat məsələlərinin həlli üzrə onuncu beynəlxalq yarışda Ramil Cavadov birinci, cüdo üzrə Azərbaycan çempionatında Günel Həsənli birinci, Portuqaliyada 180 ölkədən 4 minə yaxın idmançısının iştirak etdiyi karate üzrə dünya çempionatında Vüsal Abdullazadə II yer tutmuş, rayonumuza idman şərəfi gətirmişlər.
Rayonda idmanın kütləviliyinin artırılması, uşaq və yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi ilə əlaqədar cənab Prezidentin tapşırığına uyğun klub və bölmələr yaradılmışdır. Azərbaycan dinamik, sürətli inkişaf yolundadır. İsmayıllı rayonu da bu inkişafa öz töhfəsini verməlidir. Ölkə prezidenti cənab İlham Əliyev iclasda qarşıya bütün sahələr üzrə proqram xarakterli konkret vəzifələr qoymuşdur. Rayonumuzda görüləsi işlər hələ də çoxdur. Bu işlərin görülməsi, qarşımıza qoyulan bütün vəzifələrin uğurlu həlli üçün Sizə müvəffəqiyyətlər arzulayıram.
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter