• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İşıqlı bir xatirə

İşıqlı bir xatirə

Yazar Ismayilli
//
15 iyul 2014
//
//
Oxunub 1131
//
İşıqlı bir xatirə

Bilmirəm, yerdən idi,
Göydən idi, Aydan idi;
Üzü gülər, alnı açıq,
Kölnü tamam aydın idi.
Ünsiyyət körpüsü idi dostlar üçün,
Bu ülfət Allah verən paydan idi.
Qəlbimdə xatirəsi
İşıqlandı kimdi belə -
Gündən idi, Aydan idi -
Xatirəsi aydın olan
Səlimzadə Aydın idi.

Səlimzadə Aydın imzası mənim üçün çox doğma və əzizdir. Bu imza, demək olar, gözümün qarşısında çalışqan, istedadlı bir qələmdən süzülüb gəlib, çap olunub, tanınıb, yayılıb və məhşurlaşıb, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü şair Aydın, Söyüdlər nə vaxt yolulur maraqlı etnoqrafik povestinin müəllifi nasir Aydın, jurnalist, publisist, tarix elimləri namizədi tarixçi - etnoqraf Aydın. Bunların hamısı Aydın Səlimzadə qələminin imzaladığı maraqlı şeir və yazılarının genişliyi və müxtəlifliyindən xəbər verir.
Bəs bizim ədəbi ünsiyyətimiz nə vaxt başlayıb?
Azərbaycan yazıçıları ensiklopedik məlumat kitabında Aydına aid hissədə belə bir cümlə var. Bu dövrdə (1970-ci illər) Zəhmətkeş rayon qəzeti redaksiyasının nəzdində yaradılmış Dağ çiçəkləri ədəbi
məclisində fəal iştirak etmişdir. Bu fəallıq lap elə indi də mənim gözümün qarşısındadır. İsmayıllıda çıxan qəzetin nəzdində fəaliyyət göstərən, adı çəkilən bu ədəbi məclisə mən rəhbərlik edirdim. Demək olar ki, kənd, qəsəbə və bütün rayon qələmçiləri bu məclisdə həvəslə iştirak edirdilər. Ayda iki dəfə şənbə günlərində yığılan bu məclisdə müxtəlif şeirlər, hekayələr, bədii yazılar oxunub müzakirə edilirdi. Gənclər, yaşlılar, məktəblilər öz yazılarını məclisə təqdim edirdilər. Bəyənilən şeir və yazılar qəzetin səhifələrində çap olunurdu, yayılırdı, özünə oxucu tapırdı. Doğrudan da, məclisimizin ən fəal üzvlərindən biri Aydın idi. Aydın, demək olar, bütün ədəbi janrlarda qələm işlədirdi. Mən ona sevinirdim ki, Aydının şeirləri az bir vaxtda Azərbaycan, Ulduz jurnallarında, Ədəbiyyat və İncəsənət, Azərbaycan gəncləri qəzetlərində xeyli yer tuta bilmişdi.
Əslində, mən Aydının həyat yolu, yaradıcılığı haqqında genış söhbət açmaq niyyətində deyiləm. Çap olunmuş şeirləri, kitabları bu barədə öz sözünü deyir.
Aydın el-obasına, torpağına, yurdyuvasına bağlı yorulmaz qələm sahibi idi, onun etnoqrafik- tarixi yazıları da elə bu məhəbbətdən doğurdu. Tariximizin az işlənmiş sahəsində çox cəsarət və həvəslə işləyən Aydın elmitarixi araşdırmalarını ən böyük kitabolan torpağı, yurdu, maddimədəniyyət abidələrimizi öyrənmək üzərində aparırdı. Çox sevinirdim ki, bu sahədə çox güclü, cavan bir tarixçimiz yetişir. Təəssüflər olsun ki, ömür vəfa etmədi.
Aydının Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsində elmi əməkdaş olduğu, Elm və həyat jurnalının baş redaktoru işlədiyi ömrünün qaynar çağlarını yada salıram. Özünün çox qayğılara ehtiyac duyduğu hallarda belə, Aydın dost və yoldaşlarına kömək etmək, dayaq durmaq, onların hayına yetmək qayğısı ilə yaşayırdı. Doğrudan da, o, dostlar arasında bir ünsiyyət körpüsü idi. Ona görə onun qələmi də xeyirə və xeyirxahlığa işləyirdi. O vaxt torpağımızın, xalqımızın ağır vaxtlarında ziyalılarımız, xüsusi ilə, qələm sahiblərimiz, ədəbi nəsil sıxıntılardan, əzablardan, bir çox çətinliklərdən xali deyildilər.
İşıqlı bir xatirə
Musa Yaqub
şair

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!