• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Unutduğumuz Aydın Səlimzadə

Unutduğumuz Aydın Səlimzadə

Yazar Ismayilli
//
15 iyul 2014
//
//
Oxunub 1344
//
Unutduğumuz Aydın Səlimzadə

Əslində unutmamışıq, tez-tez xatırlayırıq, haqqında söhbət edirik, yazılar da yazırıq, amma bu o da demək deyil ki, biz Aydını unutmamışıq. Biz Aydını çoxdan unutmuşuq. Niyə? Bir qədər sonra.
Aydın çox şirin idi. Bircə dəfə söhbət eləyən Aydını sevərdi. Adı kimi aydın idi. Ürəyindəki dilindəydi. Heç bir gizlini olmazdı. İstedadlı şair idi, həm də alim idi. Və bunlar bir-birlərinə mane olurdu. Elmin dalınca gedəndə şeir yaddan çıxırdı, şeirin dalınca gedəndə elm. Gərək ki, Bəxtiyar Vahabzadənin sözüdür ki, şair Bəxtiyar alim Bəxtiyarı ayağının altında qoyar. Tanrı ömür vermədi ki, Aydın həm alim kimi, həm də şair kimi tam açılsın. Qismət bu idi.
Unutduğumuz Aydın Səlimzadə
Birini qoyum o birisinə gedim. Mənim odlu-alovlu, qarabağlılar demiş, qızqaytaran vaxtlarımıydı. "Ulduz" jurnalında, "Ədəbiyyat" qəzetində, "Azərbaycan gəncləri" qəzetində hekayələrim, povestlərim dərc olunurdu. Təkcə adını çəkdiyim bu üç mətbu orqanda bir hekayənin çıxması bəs idi ki, ən azı bir milyondan çox adam o hekayəni oxusun, adın bir üç yüz mininin yadında qalsın, şəklin də bir yüz min adamın hafizəsində.
Mən ortaboylu, qaraqaş, qaragöz, çılğın, Aydın Səlimzadə də uzun, bir qədər sarışın, sakit, təmkinli, qarabağlılar demiş, anqurta oxşayır, yəni təmiz fərqli adamlarıq.
Şəhərdə gedirdim, Aydın çıxdı qabağıma, yanında da qəşəng bir qız. Görüşdük, bir an çaşdı. Sonra qıza dedi:
- Tanış ol, istedadlı şairdi. Adı da Aydın Səlimzadədi. Dostumdu, İsmayıllıdandı.
Mən də təəccüblə baxdım, day bir söz demədim, amma bir andan sonra başa düşdüm ki, görünür belə məsləhətdi. Nə isə.
Günortadan sonra Aydın gəldi redaksiyaya. Dedim, ə lotu, başa düşmədim səni, nə Aydın Səlimzadə?
Dedi:
- Qardaş, mən ölüm, səs eləmə. İki aydı o qıznan Aqil Abbas adıyla gəzirəm. Sənin hekayələrini oxuyub xoşuna gəlmişdi, mən də dedim Aqil Abbas mənəm.
Dedim:
- Ə lotu, bəs o qız mənim şəklimə baxmayıb jurnalda?
- Eh, dedim jurnalda şəkil səhv gedib.
Sonra dostlar arasında bu söhbət zarafata çevrilmişdi. Dostlar Aydın Səlimzadəni görəndə deyirdilər:
- Ə Aqil Abbas, nə təhərsən?
Aydının ən çox sevdiyi və Aydını da ən çox sevən Mehman Cavadoğluydu. Həmyerliydilər. Aydın imkanlı adam deyildi. Mehman Cavadoğlu həm imkanlı ailədən idi, həm də imkanlı bir qəzetdə imkanlı bir şöbə müdiri idi. Və həmişə Aydına bir qardaş kimi arxa durardı, kömək eləyərdi. Məclislərimiz Aydınsız olmazdı.
Aydın "Elm" qəzetinin baş redaktoru idi. O vaxt Zori Balayan "Ocaq" kitabını yazıb millətimizi təhqir edəndə təbii ki, bizim mətbuat ona cavab vermək qüdrətində deyildi. Çünki mətbuat əlimizdə deyildi, hökumətin əlindəydi, hökumət də bizdən deyildi.
İsa Qəmbər Zori Balayana tutarlı bir cavab yazmışdı, üzünü çoxaldıb dostlar bir-birinə paylayırdı. Həmin vaxt Aydın Səlimzadə bütün gələcəyini risqə qoyub o məqaləni yaydı. İndi bunu adi qarşılaya bilərlər, amma həmin dövr üçün bu, böyük bir qəhrəmanlıq idi.
Necə ki, sonra Nəcəf Nəcəfov "Molodyoj Azerbaycana" qəzetini Sovet hökumətinin asıb-kəsən vaxtında millətin qəzetinə çevirdi.
Nəşriyyatın dəhlizlərində digər qəzetlərin baş redaktorları Nəcəfi bağırlarına basırdılar ki:
- Kişi oğlu kişisən.
Və sonra da etiraf eləyirdilər ki, bizdə o ... yoxdu.
Sonra Aydın elmi işiylə əlaqədar bir müddət Moskvada yaşadı, ailəsini də götürüb aparmışdı.
88-ci il idi. Moskvaya ezamiyyətə gedirdim. Mehman Cavadoğlu məni yola salanda dedi:
- Kişi deyilsən Aydın Səlimzadəni tapıb qulluğunda durmasan.
İşimi görüb qurtarandan sonra Aydına zəng elədim. Aydın gəldi, Moskvada İslam adında bir xalam oğlu yaşayır, o da yanımdaydı. Ağdamlıların bir restoranı vardı, adətən orda çörək yeyirdik. Mindik maşına ki, gedək çörək yeməyə.
Aydın Səlimzadə dedi:
- Ə, bu dolma yeməkdən doymadın? Bakıda ağdamlı azdı ki, gəlib Moskvada axtarırsan? Gəl səni aparım Sedelə. Dünyanın böyük yazıçılarını gör, şairlərini gör.
SDL - Ədəbiyyatçıların Mərkəzi Evi deməkdir. Getdik. Heç demə bura Yazıçılar İttifaqının üzvü olmayanları təklikdə buraxmırlar. Mən də həmin vaxt SSRİ Yazıçılar İttifaqının üzvüydüm. Bir vəsiqəsi vardı, adamın başına vursaydın yarılardı. Aydın mənim vəsiqəmi aldı şəstlə qapıçıya göstərdi və girdik Yazıçılar Evinə. İlk dəfə Oljas Süleymenovu canlı olaraq orda gördüm və Aydın məni onunla şəxsən tanış elədi. Sonra keçdik restorana. Təbii ki, Oljas bizimlə getmədi, öz əhatəsi vardı. Baxdım ki, restoranın divarları, hətta tavanı müxtəlif rəngli qələmlərlə imzalarla doludu. Soruşdum ki, Aydın, bu nədi? Dedi, burda icazə verirlər, gələn şair və yazıçılar avtoqraf qoysun divarlarına. Aydın qırmızı bir flomastr gətirtdi, bir boş yer tapdıq, mən də lotu-lotu bir avtoqraf qoydum restoranın divarlarına. Xalaoğlu istədi o da avtoqrafını qoysun, Aydın qoymadı. Dedi:
- Sən avtoqrafını ağdamlıların restoranına qoyarsan.
Təsadüfən qonşu stolda ermənilər oturmuşdu. Xalaoğlu bir az içəndən sonra başladı onlara sataşmağa. Aydın da tərbiyəli adam, dilxor olub. İncəvara, xalaoğlu onlara nə qədər söz atsa da ermənilər cavab vermədi. Gördüm Aydın bərk dilxordu, yarımçıq qalxıb restorandan çıxdıq. Aydın dedi:
- Ə, İslam, sənin yerin elə ağdamlıların restoranıdı, gəl gedək ora.
Aydın məni apardı qaldığı evə. Həmin gecə buraxmadı, qaldım Aydıngildə. İkiotaqlı bir ev idi, heç çarpayı da yox idi, açma çarpayılarda yatırdılar.
Aydının xanımı gözəl bir süfrə açdı. Gözəl bir çığırtma bişirdi. Sedeldəki də boş şey idi, elə ağdamlıların restoranındakı da.
Aydın dedi:
- Elə bilirsən çığırtmanı bircə qarabağlılar yaxşı bişirir?
Gecə yerdə yer saldıq, əslində heç səhərəcən yatmadıq, bir az da içmiş adam. Səhərəcən ədəbiyyatdan, sənətdən, Bakıdakı dostlardan, xüsusilə də Mehman Cavadoğludan danışdıq.
Sabah axşam uçmalıydım. Xalaoğlu, Aydın, mən gəldik aeroporta. Aeroportun restoranında çörək yeyirdik. Zarafatla dedim ki, əslində zarafatımda bir həqiqət də vardı, mən təyyarədən qorxuram:
- Aydın, ürəyimə damıb ki, bu təyyarə partlayacaq. Bileti qaytaraq, növbəti təyyarəyə bilet alaq.
Aydın:
- Ə, nə gic-gic danışırsan.
Bu vaxt xalaoğlu mənə dəstək verdi.
- Sən öl, düz deyirsən, bu təyyarə partlayacaq. Bileti qaytar, səhər səni maşınla aparım düz Ağdama. Özüm də çoxdandı Ağdama getmirəm.
Qış, qar-qiyamət. Aydın nə illah elədi, bileti qaytardıq. Getdik xalaoğlugilə. Xalaoğlu xanımına tapşırdı ki, səhərə yol azuqəsi düzəltsin. Sonra getdik yenə ağdamlıların restoranına. Gecə Aydını aparıb qoyduq evlərinə.
Səhər saat 6-da çıxdıq. Gördüm Aydın durub qapıda. Əlində də bir torba. Dedim, ə, bu nədi?
- Dedim həm gəlim səni yola salım, həm də peraşkiylə kotletdi.
Xalaoğlu da yaxşı maşın sürəndi ey. Düz 18 saatdan sonra Ağdamdaydıq. Bilirdim Aydının ürəyi qalıb bizim yanımızda. Evimizə getməmiş girdim poçta, Aydına telefon açdım.
- Qardaş, Ağdamdan danışıram.
Aydın:
- Səndə ağıl deyilən şey yoxdu.
Bəli, Aydınla bağlı bəlkə yüz dənə xatirəm var. Amma Aydını unutmuşam və unutmuşuq. Bəlkə də heç Aydın bizi bağışlamır. Aydın öləndən sonra mən o qapını açmamışam. Onun o gül balalarını bağrıma basmamışam. Unutmaq nə təhər olur? Amma mən də neyləyim ki, nəslimin yarısı çöllərdədi, evsiz-eşiksiz, yataqxana künclərində. Açılası qapı birdi, ikidi, beşdi, on beşdi... Bağıra basılası dost balaları birdi, beşdi, on beşdi... Amma bütün bunlar Aydını unutmağa mənə haqq vermir.
Çalışaram günahımı yuyum.
Bağışlama, Aydın bizi. Biz səni unutmuşuq, qardaş. Gərək Mehmandan soruşum, o da səni unudub, yoxsa yox?!
(İxtisarla)

Unutduğumuz Aydın Səlimzadə
Aqil Abbas
Yazıçı, millət vəkili

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!