• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Adına bənzəyən Aydın

Adına bənzəyən Aydın

Yazar Ismayilli
//
07 iyul 2014
//
//
Oxunub 1328
//
Adına bənzəyən Aydın

Ömrümüz boyu minlərlə insanla rastlaşır, tanış olur, ünsiyyət qurur, yaxınlaşır, ayrılırıq. Qısa, ancaq illər uzunu unudulmayan tanışlıqlar yaxud etibarsızlığı təsadüfən, dar ayaqda ortaya çıxan uzun, əbədi görünən dostluqlar. Bizim insanlığımızı var edən, saxlayan elə bu ünsiyyətlərdir: mürəkkəb, ziddiyyətli, qanadlandıran və ya qanadları qıran
Geriyə baxanda gözüm önündən keçən bu saysız insan simaları arasında ən əziz olanlardan biri Aydın Səlimzadədir. Təkcə dost olduğumuza görə demirəm bu sözü. Məncə, Aydın onunla dost, yaxın olmayan, sadəcə, kənardan-kənara tanışlıqları olan çox adamın hafizəsində məhz parlaq, unudulmaz bir obraz kimi qalıb. Aydın bir topa işıq kimiydi. Harda olsa, oranı işıqlandırırdı. Səmimiyyət, aydınlıq, xeyirxahlıq saça-saça yaşayırdı. Ən ağır günlərində də üzünün nuru əskilməzdi. Allah ona insanları sevmək, onların qayğısını çəkmək, yaxşılıq etmək üçün yaratmışdı.
Gözəl insanlıqla istedadlı alim, araşdırıcı bir simada birləşmişdi.
Aydın sosiologiya ilə məşğul idi. Köhnə SSRİ məkanında uzun müddət yasaqlanmış sosiologiya, bir elm olaraq, yeni-yeni dirçəlməkdəydi.
Cəmiyyətdə baş verən proseslərə güzgü tutan, reallıqları inkaredilməz şəkildə ortaya çıxaran bu elm Aydını daha çox Azərbaycanşünaslıq baxımından, bir vətəndaş kimi maraqlandırırdı. Araşdırmalarının nəticələri barədə danışmağı, fikirlərini bölüşməyi sevərdi. Cəmiyyətdəki hadisələrə Azərbaycanın gələcəyi baxımından, üzləşdiyimiz çətinliklərin həlli baxımından yanaşırdı.
İlk tanışlığımızdanca dostlaşmışdıq, necə deyərlər, uzun illərin dostları kimi yaxın olmuşduq. Oxuduğu yazılarımı, ölkədə gedən ictimai-siyasi hadisələri özünəməxsus şəkildə təhlil edir və dəyərləndirirdi. Tezliklə Aydın Səlimzadəylə münasibətlərim elm, ədəbiyyat sərhədlərini aşdı; o, yaxın silahdaşıma, məsləkdaşıma çevrildi.
Artıq 18 yaşına qədəm qoymuş Vətəndaş Həmrəyliyi Partiyasını yaratmaq niyyətimi bəyan edəndə də fikrimi ilkin dəstəkləyən və onun reallaşması yolunda mənə ən çox yardım edən insanlardan biri Aydın oldu. O, ömrünün son günlərinədək Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü idi.
Aydın prinsipial, əqidəli, tutduğu yolun, gördüyü işin əhəmiyyətini dəqiq bilən adam idi. Eyni zamanda, qısa vədəli uğurlar, zahirən şirnikləndirici görünsə də, millətə xeyir gətirməyəcək siyasi boşboğazlıqlardan uzaq idi. Milli hədəflərimizə yetişmək üçün uzun və çətin bir yol keçəcəyimizi və bu yolda reallıqları görüb, tədbirli hərəkət etmək, bu məqsədlə milli birliyimizi, vətəndaş həmrəyliyini qorumaq zərurətini yaxşı başa düşürdü.
O vaxt mənim Meydan Hərəkatında aparıcılığımı, xalq arasındakı şöhrətimi nəzərə alıb yaratdığım partiyaya qoşulanlar çox idi. Gələnlərin bir qismi də mənim və partiyanın sayəsində tezliklə iş-güc, vəzifə sahibi olacaqlarını düşünürdülər.
Halbuki biz iqtidar partiyası deyildik; hətta iqtidar partiyası olsaq da, kor-koranə yanımdadır, mənə sadiq insandır deyə, peşəkarlığını nəzərə almadan hər üzvümüz üçün onun istədiyi şəraiti yarada bilməzdim
Aydın Səlimzadəni bizdən uzaqlaşdırmaq üçün vədlər verən də vardı. Ancaq o, hər dəfə mən harda, kimin yanında olduğumu yaxşı bilirəm deyirdi.
Özü bunu mənə duyurmazdı, dünyasını dəyişəndən sonra neçə yerdən eşitdim bu etibarını və dostluğumuza verdiyi dəyərini
Aydın çox işıqlı, parlaq zəka sahibiydi, güclü məntiqi, geniş məlumata söykənən qiymət meyarları vardı. Ancaq ən başlıcası əsl vətəndaş idi. Doğulduğu ocaqdan başlayaraq, Vətənin hər guşəsi, hər insanı və mənəvi dəyəri ona əziz idi. İnsanları, ailəsini, dostlarını, millətini sevərək yaşayırdı.
Maksimalist idi. Sevgisində də, nifrətində də. Tutduğu işə bütün könlünü verərdi. Səmimiyyəti ilə hər cür qəzəb, hirs, soyuqluq düyünlərini çözməyi bacarırdı.
Əslində onun xarakterinin ən gözəçarpan, önəmli cəhəti də bu idi: Səmimyyət.
Aydın onu tanıyanların ürəyində həmişə diridir.
Adına bənzəyən Aydın
Sabir Rüstəmxanlı
şair

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!