• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dərdimə, qəmimə ortaq olan dost

Dərdimə, qəmimə ortaq olan dost

Yazar Ismayilli
//
07 iyul 2014
//
//
Oxunub 1353
//
Dərdimə, qəmimə ortaq olan dost

Xalqımızın ən gözəl mənəvi dəyərlərindən biri də vətənpərvərlik hissidir. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır, - deyən babalarımız necə də haqlıdırlar. Hər bir azərbaycanlı doğma torpağının hər bir qarışına məhəbbət bəsləyir, onun uğrunda canını qurban verməyə hazırdır. Bunu şəhid balalarımız bir daha sübut etdilər.
İş elə gətirib ki, bizim də taleyimizə vətənimizin bir parcası olan doğma yurd-yuvamızdan, ata-babalarımızın uyuduqları torpaqdan məhrum olmaq kimi faciə düşüb. Bu qaçqınlığın ilk illərində İsmayıllı torpağında məskunlaşdıq. Qayğıkeş insanların səmimi münasibəti, sanki, yaralarımıza məlhəm qoydu, yaşamaq, yaratmaq ümidimizi artırdı.
İsmayıllıda dostluq münasibətində olduğum adamlardan biri də Əhməd idi.
Biz tez-tez Əhmədgildə olur, maraqlı söhbətlər edir, dərd-qəmimizi dağıtmağa calışırdıq.
Dərdimə, qəmimə ortaq olan dost
Belə günlərdən birində Əhmədgildə bir ziyalı məclisinə düşdüm. Hər şeyi unudub vətənin dərdlərindən danışırdılar. Onlardan biri daha çox secilir, fikirlərini məntiqli şəkildə ifadə edirdi. Əhməd onu təqdim edərkən: Qardaşım Aydındır, Akademiyada işləyir, - dedi. İlk baxışdan üzündən səmimiyyət yağan bu oğlana qanım qaynadı. Elə bil, necə illərin dostu, yoldaşı təsiri bağışladı mənə. Artıq beş dəqiqədən sonra o, bütün həyatımı, müvəffəqiyyətlərimi bircə-bircə sadaladı mənə. Ömrü boyu görmədiyi insan haqqında elə danışdı ki, ondakı hafizəyə heyran qaldım. Dedi ki, Qarabağ bülbülləri səhnəyə çıxanda mən özümü büsbütün unudurdum. Gördüyün işlər təkcə mədəniyyətimizə deyil, Azərbaycan xalqına, ümumiyyətlə, bütün insanlığa gözəl töhfədir.
Doğrusu, işimlə bağlı çox təriflər eşitmişdim. Ancaq indi Aydının sözləri isə nisgilli ürəyimə başqa təsir bağışladı. Sanki, dərdlərimin bir qismini unutdum, yenidən qəlbimə yaşamaq, yaratmaq həvəsi doldu. Özümü yenicə doğulmuş, yenicə fəaliyyətə başlamış adam kimi hiss etdim.
Bundan sonra görüşlərimiz tez-tez oldu. Cox tezliklə xasiyyətindəki sadəlik, alicənablıq, təvazökarlıq və s. müsbət cəhətlər məni onunla yaxınlaşdırdı, aramızda çox isti və səmimi münasibətlər yarandı. Gözəl xüsusiyyətləri, çox geniş dünyagörüşü, güclü mütailəyə malik olması həmsöhbətlərini onu maraqla
dinləməyə vadar edirdi. Aydın müəllimi sevdirən digər bir cəhət də onun xeyirxahlığı idi. Və mən onunla hər görüşdən yeni ruh, yeni qüvvə alırdım.
Yadımda qalan bir xatirə isə məni hələ də kövrəldir. Deyirdi ki, Murad, sizin ağır dərdiniz vaxtilə Bəxtiyar Vahabzadənin yazdığı Vətəndən-vətənə şeirinə necə də uyğun gəlir:
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim
Vətəni görməyə amanım yox mənim.

Bu necə vətəndir?
Görmədim üzünü

Bu qəmim, bu dərdim, dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram,
Füzuli həsrətlə qürbətdənVətənə baxırdı,
Mən isə...
Vətəndən Vətənə baxıram.
İnsan qəlbinin ən dərinliklərində olan kədəri Aydın yaxşı başa düşürdü. Hamıya bacardı-bacarmadı, kömək etməyə çalışırdı. Lakin bizim dərdimizə əlac etmək təkcə onun işi deyildi. O isə bu dərdi çəkə bilmirdi. Bu dərd onun qəddini bizim qədər, hətta bizdən də çox əyirdi. Bu zaman qəlbimdən bir sevinc dalğası keçirdi: İlahi, bizim necə vətənpərvər oğullarımız var?!
Çox təəssüf ki, sevincimiz uzun sürmədi. Dərdimizin üstünə bir dərd də əlavə olundu. Səmimi bir istəklə sevdiyim insanın ölüm xəbəri məni sarsıtdı. Özümə yer tapa bilmirdim.
Ölümündən bir neçə ay sonra anım günü keçirildi. Qəlbimin bütün sevgisi ilə həmin məclisin musiqi tərtibatının hazırlanmasında iştirak etdim. Doğmaları, tanışları, dostları ilə birgə sevimli Aydının bütöv obrazını yaratmağa çalışdıq. Bununla onun ruhu qarşısında kiçik borcumuzu yerinə yetirdik. Böyük borcumuz isə dünyasını vaxtsız dəyişən Aydın müəllimin unudulmaz xatirəsini, onun xeyirxah əməllərini, maraqlı söhbətlərini ürəyimizdə əbədi yaşatmaq və nəsildən-nəslə ötürməkdir.

Dərdimə, qəmimə ortaq olan dost
Murad Rzayev
Qarabağ bülbüllərinin yaradıcısı və bədii rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!