• Ana səhifə |
Subscribe by RSS or RUS

Namərd ölümə bax

Yazar Ismayilli
//
07 iyul 2014
//
//
Oxunub 5294
//
Namərd ölümə bax

Bizim məzarımız aqillərin könüllərindədir.

***
Həyatı sən aldıqdan sonra ölmək də şirindir.
Cəlaləddin Rumi

İnsan dünyada çox şeyi planlaşdıra bilər: təkcə ömürdən savayı. Məsələ isə az və ya çox yaşamaqda deyil. Çünki bülbül qara qarğadan dəfələrlə az yaşamasına baxmayaraq, oxuduğu nəğmələr ürəkləri ehtizaza gətirir, insanları yaşamağa, yaratmağa səsləyir. Özündən sonra həmişəyaşar mahnılar ərməğan edib gedir: qısa, mənalı insan ömrü kimi. Gecələr aydın səmanı seyr edərkən işıqlı bir ulduzun da axdığının çox şahidi olmuşuq. Ulularımızın söylədiklərini biz də təkrarlamışıq: Bir insan da həyatdan köçdü.

Bəli, ölüm labüddür. Bu, həyatın ən amansız qanunudur. Əvvəl-axır bu zəhərli badəni hamı içməlidir. Ömür isə insana bir dəfə verilir və onun da bir hüdudu var. Eləsi var ki, çox uzun ömür yaşayır, varlığından heç kəsə faydası olmur. İzsiz-soraqsız da köçür dünyadan. Bu, insanın təkcə özü üçün yaşanan, fərdi ömrüdür. Tanrının bəxş etdiyi ömür payını dünyaya, insanlara məhəbbətlə, sevgi ilə yaşayan xoşbəxt hünər sahibləri də az deyil. Həm də həyat onlar üçün sadəcə ötən illər deyil, ustad şairimiz B.Vahabzadənin filosofcasına mənalandırdığı ömürdür:
Ömür bizə verilmir-
Ancaq yaşamaq üçün.
Ömür bizə verilir-
Dünyanın da dərdini,
Qəmini çiynimizdə
Çəkmək, daşımaq üçün.
Ömür qəlbin, zəkanın
Min eşqi, min əməli,
Ömür, ömürdən sonra
Yaşamağın təməli.

Həyatın hər anını mənalı yaşayan belə insanlar yaddaşlara, ürəklərə köçüb əbədi məskən salır, tanıyanlar üçün nurlu bir xatirəyə dönürlər. Batan günəşin, çaxan şimşəyin şəfəqi üzlərdə, dağ şəlaləsinin şaqraq səsi qulaqlarda qaldığı kimi onlar da düşüncələrdə əbədi məskən salırlar.
Bəyaz bir iyul gecəsində dünyaya göz açan, ilıq, işıqlı bir yaz günündə həyata əlvida deyən Aydın Səlimzadə də belə bir ömür sahibi oldu.
O, vaxtsız əcəl üçün doğulmamışdı. Gülərüzlü, nikbin təbiətli, ürəyiyumşaq, nəzakətli, insanlarla səmimi ünsiyyət qurmağı bacaran, vətənpərvər, təbiət vurğunu, dost-tanışlarının faydalı işlərinə
yaramaq eşqi ilə yanan, yüksək estetik zövqə malik, intellectual insan, həyat, gözəllik vurğunu olub hər şeydə bir məna axtaran, romantik duyğularla yüklənmiş həssas duyumlu bir ürəyin sahibi idi Aydın. Dünyaya xoştbəxtlik bəxş etmək istəyi ilə yaşayır, el-oba, xalq qeyrəti çəkə-çəkə yanır, nur çırağına dönürdü. Elə hey uzun ömürlülük haqqında yazır, özü də bu gənc yaşında ahıllaşır, kamilləşir, müdrikləşirdi.
Niyə bu qədər tələsirdi Aydın? Bəlkə, ürəyinə nə isə dammışdı.Yox! O, bədbinlikdən çox-çox uzaq idi. Sadəcə, Tanrının ona verdiyi ömrü insanlara bəxş etmək arzusu onun xilqətində, təbiətində idi. Bir daha həyata gəlsəydi də belə edərdi, ömrünün hər anını yaddaşlara köçürmək üçün çalışıb-vuruşardı. Oçerklərindən birində yazırdı:... Gördüyüm qəbir daşlarındakı yazı məni dəhşətə gətirir. 1953-cü ildə anadan olub. Özü də yayda. Təmiz yaşıdıq ki...
Yadıma görəcəyim işləri salıram, ata ocağına, valideynlərimə, yaxşı adamlara, balalarıma olan borcumu fikirləşirəm və qeyri-ixtiyari olaraq iki əlimi yuxarı qaldırıram... Bəli, Aydın yaşadığı mənalı illərə görə Tanrıya şükür edir, həyati borclarına görə möhlət istəyirdi.

Son günlərinə qədər yaradıcılıq eşqi ilə alışıb-yanırdı. Bəzi mütəxəsislərin albanların mədəniyyət və dil varisi hesab etdikləri Hacıhətəmli və Mollaisaqlı kəndləri camaatının dilinin müqayisəli tədqiqi ilə məşğul olur, doktorluq dissertasiyasını, XXI əsrin dahisi kitabını tamamlamaq istəyirdi. Hələ neçə-neçə həyata keçməmiş ideyanı ürəyində gəzdirirdi o.
Fəqət... yaşamalı, yaratmalı illərinin hələ qabaqda olduğu Aydına ömür vəfa etmədi, taleyin qara hökmü imkan vermədi. Çox erkən həyatı tərk etdi. Ömrü kimi, arzuları da yarımçıq qaldı. Bu ağır itki yaxın və uzaq neçə-neçə qəlbi nisgilli qoydu.
Ancaq nə etməli ki, bu, bir tale qismətidir. Yaranan bir gün köç etməlidir. Bu qisməti dəyişdirməyə heç kimin gücü çatmasa da, onu qəlbimizdə yaşatmağa mənəvi haqqımız var. Çünki ... təsəlli üçün bir əlçim buludun bir neçə damcı yağışı, bir əsim küləyin bir hovur sərinliyi, qışın qar-boranında bircə tikə maviliyin buludların qarışığından boylanması da bəs eləyir (Aydın).
Müdriklər də insanın iki dəfə-bir gerçək həyatını, bir də ölümündən sonra özü haqqında xatirəsi ilə
yaşadığını deyirlər. Bu iki həyatını mənalı yaşamaq tək-tək insan övladına nəsib olur, sonralar xatirəyə
çevrilir, yaddaşlarda iz salır.

Aydın da belə insanlar cərgəsindədir. Sanki, tanrıya yaxın olduğuna görə onun dərgahına tələsdi Aydın. Axı müqəddəs Peyğəmbərimizin kəlamlarından birində deyildiyi kimi: Allah pak və elmli olduğundan pak və elmliləri sevir. O, dünən var idi, bu gün də var, sabah da olacaqdır. Bir şair dostunun yazdığı kimi, ümidsiz dünyanin ümidi, nur olub ürəkdən ürəyə keçən Aydının mənalı ömrü, şəffaflığı insanlıq adının zirvəsində məğrur-məğrur dalğalanacaq, işıqlı sabahlara yol açacaqdır.

Bu, təbiidir. Dünyaya gözəllik bəxş edən zümzüməli dağ irmaqları bolsulu çaylar əmələ gətirdiyi kimi, belə dəyərli ömürlər də birləşib bütövlükdə bəşəriyyətin əzəmətli insanlıq simfoniyasını yaradır. Bu, yaradılışın əsas qayəsidir. Əks tədqirdə nə bəşəriyyətin tacı insan olardı, nə də insanlıq.

Allahyar Muradov
Hər ürəkdə bir Aydın kitabının həmmüəllifi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!