• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Unudulmaz günlər, həzin xatirələr

Unudulmaz günlər, həzin xatirələr

Yazar Ismayilli
//
14 may 2014
//
//
Oxunub 1384
//
Unudulmaz günlər, həzin xatirələr

Ümummilli lider, böyük insan, dahi rəhbər, millət atası Heydər Əliyevlə olan görüşləri xatırlamaq kədərimi artırsa da, qəlbimə bir həzinlik, həyatıma bir rahatlıq gətirir. O gülümsər sima bu gün də həyatıma mehribanlıq bəxş edir. O qətiyyətli baxışlar bu gün də mənim fəaliyyət yolumu davamlı edir, dövlətə, dövlətçiliyə daha möhkəm tellərlə bağlayır.
1981-ci il 23 iyul respublikamızın rəhbəri İsmayıllıya fədakar əməkçilərlə görüşə gəlir. Kürdmaşıda Üzümçülər evində hazırlıq işlərini görmək mənə həvalə edilib. Hər şey hazırdır. Müntəzirik Heydər Əliyevin yolunda.
Qayğıkeşimiz, əzizimiz, millətin dayağı olan ulu öndər Xəlillidən sonra Kürdmaşıya gəldi. Hələ ömrümdə belə sevinc seli görməmişdim. O zamankı sovxozun Kürdmaşı kəndinin əməkçiləri ümummilli lideri sürəkli alqışlarla qarşıladılar. Sadəliyi və insani böyüklüyü ilə hər zaman seçilən Heydər Əliyev hamı ilə görüşdü, çıxışlara diqqətlə qulaq asdı, üzümçülərlə şəkil çəkdirdi.
Unudulmaz günlər, həzin xatirələr
Girdiman çayının üstündən salınan körpüdə işləyən fəhlələrlə, mühəndis-texniki işçilərlə keçirilən görüşdən çox yazılıb. Mən başqa məsələyə diqqət yetirmək istəyirəm. Rayon komsomol komitəsinin katibi kimi, ali qonağı salamlamaq üçün məktəbliləri körpüyə mən aparmışdım. Söylənilən şeirlər ümummilli liderin xoşuna gəldi. Uşaqlardan gülləri alan Heydər Əliyev onları mehribanlıqla bağrına basdı. O, dünyada heç bir qüvvə qarşısında əyilməzdi, yalnız uşaqları əzizləmək üçün əyilərdi.
Xalqın ümidgahı olan Heydər Əliyevin zəlzələ zamanı İsmayıllıya səfəri bütün rayon əhalisini qorxudan xilas etdi, hamını yenidən qırılmaz tellərlə öz doğma yurduna, elinə-obasına bağladı. Göstərilən köməklik istiqamətlərindən biri də tələbə inşaat dəstələrinin rayona göndərilməsi idi. O zamankı Xalq Təsərrüfatı İnstitutunun və İnşaat Mühəndisləri İnstitutunun tələbələri yeni tikintilərdə işlədilər. Tələbələrə qayğı gösrərmək, onların işini, məişətini təşkil etmək, rayon gəncləri ilə görüşlərini keçirmək mənə tapşırılmışdı. Fəxr edirdim ki, mən də rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsində iştirak edirəm.
Zəlzələnin baş verməsindən 100 gün sonra Azərbaycan komsomolunun qurultayı keçirilirdi. Mənə də çıxış üçün söz verdilər. Nitqimə bu sözlərlə başladım: Yüz gündən artıq zəlzələnin vahiməsi altında yaşayan İsmayıllı gənclərindən qurultaya atəşin salam! Hamı alqışladı.
Mən rəyasət heyətində ümummilli liderin arxa tərəfində oturmuşdum. O, fasilədə və səhəri gün qurultay başlayanda bizimlə çox səmimi görüşdü. Mənə çatanda dedi: Daha zəlzələ sizi qorxutmur ki?
O zaman mən də Ümumittifaq komsomolunun qurultayına nümayəndə seçildim. Çıxışım, oradakı təkliflər öz təsirini göstərmişdi.
Moskvaya yola düşməzdən əvvəl Gülüstan sarayında böyük ziyafət verildi. Ümummilli lider Heydər Əliyev hamımızı təbrik etdi, ata qayğısı ilə yaxşı yol arzuladı.
Ümummilli liderimizi tədbirlərdə yaxından, uzaqdan çox görmüşəm. Onu görmək, duymaq, dinləmək hər bir azərbaycanlı üçün səadət, xoşbəxtlik idi. Sevinirəm, şadam, özüm, ailəm, övladlarım üçün şərəf bilirəm ki, mən də o unudulmaz günləri yaşamışam.
Sevil Əhmədova,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!