• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şərəf doğuran görüş

Şərəf doğuran görüş

Yazar Ismayilli
//
14 may 2014
//
//
Oxunub 1547
//
Şərəf doğuran görüş

Bu yaxınlarda Heydər Əliyev Mərkəzində , Heydər Əliyev irsinin araşdırılması və öyrənilməsi qrupunun tərkibinin yeniləşdirilməsi və fəaliyyətinin bərpasına baxıldı. Yeni tədqiqat qrupu yaradıldı. İsmayıllıya mübarək səfərləri zamanı ümummilli lider Heydər Əliyevlə görüşmüş, həmin görüşlərin iştirakçısı olmuş insanların söhbətlərinin videolentə alınması və film formasına salınması qərara alındı. Bu tədqiqat qrupunun könüllü üzvlərindən biri də mən oldum.
Qrupun hər üzvünə bir tapşırıq verildi. Mənə Mübariz Orucov küçəsində yaşayan Pərişan nənə ilə görüşmək tapşırıldı.
Şərəf doğuran görüş
Aprelin 30-u idi. Təyin olunmuş görüşə tələsirdim. Müsahibimlə həmsöhbət olmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva da mənimlə getməyə qərar verdi. Qapıda bizi Pərişan xanımın nəvəsi qarşıladı. Salam-kəlamdan sonra müsahibim əvvəl özü haqda məlumat verdi. Sonra ulu öndər Heydər Əliyevlə tarixi görüşündən danışdı:
-Mən Mahmudova Pərişan Məhəmməd qızı 1933-cü il dekabr ayının 13-də anadan olmuşam. Uşaqlıq illərim qanlı-qadalı müharibə illərinə təsadüf etdi. Alman faşistləri üzərində qələbədən sonra gənclik illərimə yorulmadan işləmək, ev-eşik, güzəran qurmaq, ailə sahibi olmaq düşdü. İsmayıllıda doğulmuşam. Elə burada da boya-başa çatmışam.
Həyat öz axarı ilə davam edirdi. Sanki birdən taleyin üzü döndü, sakit həyatımda təlatümlər baş verdi. Həyat yoldaşım rəhmətə getdi. Çətinliklər içində, həyatda tək qaldım. Yaşlı qayınanama, tək oğluma qayğı göstərmək məndən böyüklük atalıq, analıq tələb edirdi. Oğlum Dnepropetrovskda ali məktəbdə oxuyurdu.
1981-ci ilin noyabrın 30-da İsmayıllıda zəlzələ baş verdi. Yaşadığımız evin divarları dağıldı. Sığınmaq üçün bir bucaq belə qalmamışdı. Dekabrın 5-i soyuq qış səhəri idi. Qayınanamla ev əşyalarından nəyinsə salamat əldə olunacağı məqsədi ilə zəlzələnin dağıntılarını təmizləyirdik. Birdən həyətimizin qapısı açıldı. Boylu-buxunlu bir kişi, yanında vəzifə sahibləri olduğu bilinən xeyli adam həyətə daxil oldu. Rayonumuzun o vaxtkı rəhbərlərini - Qəşəm Aslanovu, Ramazan Ədilovu tanıdım.
Qayınanam hamıdan öndə duran şəxsin Heydər Əliyev olduğunu bilib kövrəldi:
- Bu nə müsibətdir başımıza gəldi?! Evim dağılıb, heç kimim yoxdu ki, mənə köməklik eləsin. Oğlum bu yaxınlarda rəhmətə gedib, nəvəm tələbədir.
Heydər Əliyev əlini qayınanamın - Qaraxanım bibinin çiyninə qoyub dedi:
- Mən də sənin oğlun. Nə köməklik lazımdısa, edəcəyik, nəvən də oxuyub qurtaracaq.
Sonra Qəşəm Aslanovla xeyli söhbət etdi, ona bir sıra tapşırıqlar verdi.
P.Mahmudova:
- Bu ani görüşdən sonra sanki bütün dünyanı mənə bağışlamışdılar. Böyük səxavət sahibi kimi:
- Həyətimizdə çoxlu toyuq-cücə var, oturun, Sizin üçün bir-iki çolpa kəsim, süfrə açım.
Heydər Əliyev dedi:
-Çox sağ ol, bacı! Biz burdan çıxıb Lahıc yolunun tikintisinə baxmağa gedirik. Gələn dəfə İsmayıllıya gəlsəm, sizdə çay içəcəm.
Hörmətli qonaqlar qapıdan çıxanda mən qeyri-ixtiyari dedim:
- Ey İsmayıllı camaatı, qorxmayın, ağlamayın! Arxamızda dağ kimi insan dayanıb!
Bu vaxt Heydər Əliyev güldü və :
- Sağ ol, bacım! - dedi.
Onlar gedəndən dərhal sonra gətirib həyətin bir tərəfində müvəqqəti sığınacaq qurdular. Üstündən bir neçə gün keçmiş həyətə daş, qum boşaltdılar...
- Ay bala, bilirsən, özümü çox xoşbəxt hiss edirəm, elə bir dahi şəxsiyyətlə görüşmək, ünsiyyətdə olmaq mənim üçün, ailəm üçün şərəflidir. Allah ona rəhmət eləsin, yeri cənnətlik olsun. Böyük insan idi, Azərbaycan xalqının dayağı idi. Oğlu, hörmətli prezidentimiz İlham Əliyev də onun yolunu davam etdirir. Yurdumuz gündən-günə gözəlləşir, inkişaf edir. İndi Azərbaycanı bütün dünya tanıyır.
Bəli, bu həqiqətdir. Sadə, dünya görmüş bir ağbirçəyin böyük şəxsiyyət haqqında minnətdarlıqla söylədiyi həqiqət.
Heydər Əliyev böyüklüyün, müdrikliyin, ucalığın, humanizmin, öz xalqına, vətəninə, onun sadə vətəndaşlarına olan məhəbbətin bariz nümunəsidir.
Pərişan xanımı dinlədikdən sonra Heydər Əliyev ucalığından, onun atalıq qayğısını görmüş ağbirçəklə xatirə şəkli çəkməkdən belə şərəf duyduq.
Gülnarə Mirzəliyeva,
RİH ictimai-siyasi şöbəsinin baş məsləhətçisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!