2014-cü ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunları » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

2014-cü ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunları

2014-cü ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun M Ə R U Z Ə S İ

14 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Ölkə rəhbəri cənab Prezident giriş nitqində 2013-cü ilin sosial-iqtisadi inkişafının nəticələrini geniş təhlil etmişdir. Qeyd etmişdir ki, əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik.
2014-cü ilin 3 ayının   sosial-iqtisadi   inkişafının yekunları
Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar nəticəsində iqtisadiyyat yüksək templə inkişaf etmişdir. Dünyanın əksər ölkələrində ümumi daxili məhsul 1-1,5 faiz artdığı halda ölkəmizdə ümumi daxili məhsul 6 faiz, o cümlədən kənd təsərrüfatında 5 faiz artmışdır. Ümumilikdə qeyri-neft sektoru 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatı neft-qaz amilindən asılılığını azaldır və dayanıqlı inkişaf artıq reallığa çevrilir.
Makroiqtisadi göstəricilər də müsbətdir. İnflyasiya cəmi 2,4 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 8 faiz artmışdır. Əhalinin pul gəliri inflyasiyanı 3 dəfədən çox üstələyir. İnflyasiyanın aşağı səviyyədə saxlanması insanların rifah halının yaxşılaşmasına xidmət göstərir.
Ölkənin valyuta ehtiyatları artır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerdədir. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Onun 17,5 milyard dolları daxili sərmayədir.
Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır. Onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə düşmüşdür. Ölkənin xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən yaxşı göstəricilərdən biridir.
2014-cü ilin 3 ayının   sosial-iqtisadi   inkişafının yekunları
Azərbaycan öz daxili imkanlarına söykənərək iqtisadi və siyasi inkişafını təmin edir. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasəti və maliyyə vəziyyətidir. Ölkənin beynəlxalq nüfuzu getdikcə artır. Digər ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləri əsasında əlaqələrimiz genişlənir və tərəfdaş ölkələrin sayı artır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, iqtisadi, hərbi gücünü daha da artırır. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq. Əminik ki, yaxın vaxtda Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.
Respublika Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2014-cü ilin birinci rübündə rayonumuzda müvəffəqiyyətlə həyata keçirilmişdir. Rüb ərzində 25 milyon 560 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 255 min manat artmışdır. Sevindirici haldır ki, artım bütün sahələrdə, o cümlədən sənaye sahəsində 2,4 faiz, kənd təsərrüfatında 0,4 faiz, tikintidə 0,3 faiz, nəqliyyatda 1,4 faiz, rabitə sahəsində 7,6 faiz və ticarətdə 1,7 faiz təşkil etmişdir.
Hesabat rübündə rayon büdcəsinin gəlir hissəsi 4 milyon 439 min manata qarşı 4 milyon 691 min 840 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 105,7 faiz təşkil etmişdir. Yerli mənbələrdən daxil olmalar üzrə proqnoz artıqlaması ilə icra edilmişdir, 1 milyon 112 min 580 manata qarşı 1 milyon 360 min 840 manat (122 faiz) vəsait daxil olmuşdur.
Rüblük məxaric proqnozu 4 milyon 439 min manata qarşı 4 milyon 129 min 390 manat, 309,6 min manat kəsrlə icra edilmişdir.
Birinci rübdə əhaliyə 4 milyon 916 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 24 milyon 436 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıqdır.
2014-cü ilin 3 ayının   sosial-iqtisadi   inkişafının yekunları
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 35,6 manat artaraq 257 manata çatmışdır.
Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Milli Su təchizatı və Kanalizasiya Xidmətləri Üzrə İkinci Layihə çərçivəsində İsmayıllı şəhərinin su və kanalizasiya sisteminin tikintisi, rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin elektrik enerjisi təsərrüfatının, Zərifə Əliyeva adına parkın, Heydər Əliyev prospektinin, Nizami Səmədov, Babadağ küçələrinin, Heydər Əliyev Mədəniyyət Sarayının, İsmayıllı bələdiyyəsinin inzibati binasının dam örtüyünün və fasadının yenidən qurulması, Qalınçaq kənd orta məktəbi üçün 380 şagird yerlik, Şəbiyan ümumi orta və Külüllü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni binaların, İlkin-3 quşçuluq fabrikinin 4 sexinin, Keyvəndi kəndində 1400 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmişdir.
2014-cü ilin 3 ayının   sosial-iqtisadi   inkişafının yekunları
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisinə başlanılmış, Velosiped istehsalı zavodunun tikintisi üçün hazırlıq işləri görülmüşdür.
İclasda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək vacib bir məsələ kimi qarşıya qoyulmuşdur. Cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri olacaqdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramının icrası və Azərbaycanda istehsal olunan ərzaq məhsulları ilə tələbatın tam şəkildə təmin edilməsi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Birinci rübdə rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 min manat artmışdır. Rayonda 2013-cü ilin payızında əkilmiş 28449 hektar payızlıq taxıl bitkisi sahələrində normal bitiş alınmışdır. Hazırda aqrotexniki qaydalara uyğun olaraq sahələrə qulluq olunur.
Hesabat dövründə rayonda 1428 ha sahədə yazlıq bitkilər, o cümlədən 515 ha sahədə dənli-paxlalılar, 394 ha sahədə kartof, 300 ha sahədə yonca, 219 ha sahədə isə tərəvəz bitkiləri əkilmişdir. Yaz əkinləri davam etdirilir. İlkin nəticələr göstərir ki, bu il payızlıq və yazlıq bitkilərdə məhsuldarlıq daha yüksək olacaqdır.
İsmayıllı Aqroservis filialı tərəfindən 525 ton mineral gübrə gətirilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına satışı ilə əlaqədar müvafiq sənədləşdirmə aparılmışdır.
2014-cü ildə rayona Aqrolizinq ASC-nin xətti ilə on iki taxılbiçən kombaynın verilməsi nəzərdə tutulmuş, onlardan 3-ü İsmayıllı Aqroservis filialına gətirilmişdir.
Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 172 başa, xırda buynuzlu heyvanlar 178 min 254 başa çatdırılmış, 1302 ton ət, 8451 ton süd, 2 milyon 465 min ədəd yumurta istehsal olunmuşdur. Bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Üç ayda 793 baş qaramalda süni mayalama aparılmış, 582 baş sağlam buzov-balaq alınmışdır. Rayon Baytarlıq İdarəsi tərəfindən 3 ay ərzində baytarlıq-profilaktika və peyvəndləmə tədbirləri qrafikə uyğun icra olunmuşdur.
Rayonda Baytarlıq profilaktika tədbirlərinin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması ilə əlaqədar fevral ayında Rayon Baytarlıq İdarəsinin və Baytarlıq Diaqnostika Kabinetinin gördüyü işlər, eləcə də süni mayalama, damazlıq-seleksiya tədbirlərinin həyata keçirilməsi barədə şurada məsələ müzakirə olunmuş, nöqsanların aradan qaldırılması üçün konkret tədbirlərin icrasına başlanmışdır.
2013-cü ilin birinci rübündə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində ümumilikdə 18 hektar sahədə meşə bərpa tədbirləri aparılmış, 12 min ədəd ağac tingi əkilmişdir. Müəssisənin tinglik sahəsində yeni ağac tinglərinin yetişdirilməsi məqsədi müxtəlif ağacların toxumları səpilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat dövründə daşqın və selə qarşı çay məcralarının lil və çınqıldan təmizlənməsi məqsədilə 72,8 min kubmetr həcmində ekskavator işi, 139,8 min kubmetr həcmində buldozer işi görülmüşdür.
Hesabat dövründə rayonun bir sıra kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq və kredit almaq istəyən fermer və sahibkarlara lazımı bilgilər verilmişdir. 12 mart 2014-cü tarixində Təzəkənd kəndində Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə kredit yarmarkası keçirilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün biznes planların hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində treninq keçirilmiş, gəncləri maraqlandıran məsələlərə mütəxəssislər tərəfindən ətraflı cavab verilmişdir.
2014-cü ilin 3 ayının   sosial-iqtisadi   inkişafının yekunları
Birinci rübdə rayonun idarə və təşkilatları könüllü olaraq iməciliklər təşkil etmiş, ağac əkini və yeni yaşıllıqların salınmasında fəal iştirak etmişlər. İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında yaradılmış yaşıllıq zolaqlarında təmir-bərpa işləri aparılmış, qurumuş ağaclar yeniləri ilə əvəz olunmuşdir. İsmayıllı-Qaraməryəm yolu ətrafında İsmayıllı şəhərinin çıxış hissəsində yeni yaşıllıq zolağı salınmış, burada 210 ədəd ağac əkilmiş, ətrafı dəmir torla mühafizə edilmişdir.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən aparılan monitorinq və reydlər nəticəsində ətraf mühitə atılan tullantılara, qanunsuz olaraq meşələri qıranlara və qanunsuz ov edənlərə qarşı müəyyən mübarizə tədbirləri görülmüşdür. Eyni zamanda etiraf etmək lazımdır ki, hələ də bu sahədə nöqsanlar çoxdur və şöbə tərəfindən mübarizə tədbirləri gücləndirilməlidir.
Mart ayında rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilmişdir. Ayın 7-də, 8-də və 14-dən 21-nə dək hər gün şəhərin müxtəlif ərazilərində, eləcə də, 14-19 mart tarixlərində 25 kənddə keçirilmiş yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilmişdir.
Sənaye məhsulları istehsalı sahəsində müəyyən artım əldə olunsa da əvvəlki illərdə müvafiq baza yaradılmadığına görə yaranmış durğunluq birinci rübdə də davam etmişdir. Hazırda rayonda sənayenin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilir. İş adamı Cümşud Hacıyev tərəfindən illik istehsal gücü 3 min ton olan əhəng sexinin fəaliyyəti bərpa olunmuş, kərpic sexinin fəaliyyətə başlaması üçün hazırlıq işləri görülmüşdür. Kürdmaşı kəndində Şərab-1 zavodunun tam istehsal gücü ilə işləməsi üçün tədbirlər həyata keçirilir. Velosiped istehsalı zavodunun tikintisi üçün hazırlıq işləri görülür. Yeni müəssisələrin istifadəyə verilməsi ilə sənaye məhsulları istehsalında yaranmış durğunluğa son qoyulacaqdir. Cənab Prezident 2014-cü ili Sənaye ili elan etmişdir. Rayonumuzda da Sənaye ilində sənayenin inkişafı ilə bağlı konkret tədbirlər görüləcəkdir.
İsmayıllı Qaz İstismar sahəsi 12741 abonentə xidmət göstərir ki, bunun da 12647-si əhali abonentləridir. Rayon ərazisində 56 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 462 abonent üçün yeni məişət qaz sayğacı quraşdırılmışdır. Birinci rübdə abonentlərə 12 milyon 665 min kubmetr qaz satılmışdır. Abonentlərə satılan qazın dəyəri 83 faiz ödənilmişdir. Yığımın 100 faizə çatdırılması üçün İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən işdə dönüş yaradılmalıdır. Rayonda 108 yaşayış məntəqəsindən cəmi 32-si təbii qaz yanacağı ilə təmin olunur. Qazlaşmayan yaşayış məntəqələrimiz hələ də çoxdur. Kənd yaşayış məntəqələrinin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilməlidir. Cənab Prezidentin iclasda qeyd etdiyi kimi, yaxın illərdə ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmaq üçün təsirli tədbirlər görülməlidir. Bu tədbirlər rayonumuzda da özünü göstərməlidir.
Rüb ərzində Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılmışdır. Belə ki, şəhər ərazisində 10 kilo/voltluq hava xətlərində 74 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 307 ədəd yeni dəmir-beton dayaq quraşdırılmış, 10,5 km. SİP kabel xətti çəkilmiş, abonentlər üçün 646 ədəd Smart-kart tipli sayğac quraşdırılmışdır. Kəndlərdə 10 kilo/voltluq hava xətlərində 37 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 48 ədəd dayaq dəyişdirilmiş, xətlərdə 2 ədəd transformator yarımstansiyalarında 8 ədəd ayırıcı quraşdırılmışdır.
Rüb ərzində istehlakçılara13 milyon 59 min kilovat/saat elektrik enerjisi verilmiş, 737,2 min manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 95,4 faizini təşkil edir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıqdır.
Qeyd etmək lazımdır ki, enerji təsərrüfatında mövcud nöqsanlar ləng aradan qaldırılır. Əksər kəndlərdə enerji təsərrüfatı köhnə olduğuna görə qəzalar nəticəsində enerji ilə təchizatda tez-tez fasilələr yaranır və əhalinin haqlı narazılığına səbəb olur.
İsmayıllı Sukanal idarəsi 3212 abonentə xidmət göstərir. Birinci rübdə təşkilat tərəfindən su xətlərində cari təmir işləri aparılmışdır. Şəhərdaxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. Rüb ərzində abonentlərə 46,2 min manat dəyərində xidmət göstərilmış, xidmətə görə 42,3 min manat və ya 91,6 faiz ödəniş olmuşdur.
Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun tikintisi işləri davam etdirilmişdir. Rüb ərzində tutumu 1500 ton olan su anbarında tikinti işləri görülmüşdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmişdir. Rüb ərzində 230 ailənin 1044 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. Hazırda 725 ailənin 3378 nəfər üzvünə ünvanlı sosial yardım ödənilir. Adambaşına düşən orta aylıq məbləğ 24 manat 35 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 113 manat 42 qəpik təşkil edir. Ünvanlı sosial yardım almaq hüququ olanlara yardım təyin edilməsi davam etdirilir.
Son məlumata əsasən rayonda 3715 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. Rüb ərzində sosial müavinətlərin ödənilməsinə 714,9 min manat ödəniş aparılmışdır. Mərkəzin Sosial-məişət xidməti sektoru rayon ərazisində 224 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir. Bütün bunlarla yanaşı əhali tərəfindən ünvanlı sosial yardımın təyin olunması ilə əlaqədar daxil olan müraciətlərin sayı çoxdur. Mart ayında ünvanlı sosial yardım və müavinətlərin ödənilməsi vəziyyəti barədə Rayon İcra hakimiyyəti yanında Şura iclasında məsələ müzakirə olunmuşdur. Görülən işlərlə yanaşı işdə yol verilən nöqsan və çatışmazlıqlar da qeyd edilmiş, yerlərdə Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən maarifləndirmə tədbirlərinin artırılmasına daha çox diqqət yetirilməsi tövsiyə olunmuşdur.
DSMF tərəfindən birinci rübdə əmək pensiyalarının ödənilməsinə 6 milyon 387 min manat, digər müavinətlərin ödənilməsinə isə 101,9 min manat vəsait xərclənmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmiş, rübün sonuna qalıq qalmamışdır. Sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının yığılması vəziyyəti qənaətbəxş olmuş, proqnoz tapşırığa 928,2 min manata qarşı 1029,8 min manat və ya 110,8 faiz əməl olunmuşdur. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artmışdır.
Rayon Məşğulluq Mərkəzi tərəfindən Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz vətəndaşların işlə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür. Birinci rübdə Mərkəzdə 78 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmışdır. Hesabat dövründə onlardan 45 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 9 nəfəri qadındır. 01 aprel 2014-cü il tarixə 383 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Onların da bir çoxu ali və orta-ixtisas təhsilli mütəxəssislərdir. Bu rəqəmlər bir daha onu göstərir ki, rayonda işaxtaran və işsiz vətəndaşlar hələ də çoxdur və Rayon Məşğulluq Mərkəzi fəaliyyətini daha da yaxşılaşdırmalıdır. Bunun üçün Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir.
Birinci rübdə rayonda 138 yeni iş yeri yaradılmışıdır. İdarə və təşkilatlarla boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidir. Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən müəyyən işlər görülmüşdür. Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 315 min kv. metr sahəsi olan küçə və meydanlara, 24,3 ha yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. Rüb ərzində Kombinat tərəfindən tutumu 1,1 kubmetr olan 39 ədəd metal zibil qutusu alınaraq şəhərin müxtəlif ərazilərinə qoyulmuşdur. Şəhər daxilində olan bütün ağacların gövdələri əhənglə ağardılmış, şəhərin təmizliyi ilə əlaqədar vaxtaşırı iməciliklər təşkil olunmuşdur.
Rüb ərzində 117 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 16.4 min manat çoxdur. Əhaliyə göstərilən pullu xidmət də artmışdır.
Mənzil istismar sahəsinin xidmətində 1262 ailə yaşayan 978 mənzil vardır. Birinci rübdə sakinlərə göstərilən mənzil-kommunal xidmətin səviyyəsi qənaətbəxş olmuşdur. Fevral və mart aylarında Həsən bəy Zərdabi küçəsində yerləşən ikimərtəbəli 16 mənzilli və Heydər Əliyev prospektində yerləşən 12 mənzilli yaşayış binalarının dam örtüyündə təmir işləri həyata keçirilmişdir.
Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 4500 manat dotasiya verilmişdir.
Yazın gəlməsi ilə əlaqədar olaraq şəhərin təmiz saxlanması üçün hər iki təşkilat işdə əsaslı dönüş yaratmalı, öhdələrinə düşən vəzifəni vaxtında icra etməlidirlər.
İsmayıllı Poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Rüblük tarif gəlirləri proqnozu 37,3 min manata qarşı 51,9 min manat və ya 139,2 faiz yerinə yetirilmişdir. Hesabat dövründə əhaliyə 44,3 min manat poçt xidmətləri göstərilmişdir ki, bu da nəzərdə tutulduğundan 12,4 min manat çoxdur.
Hazırda İvanovka, Qalagah, Ruşan və Qalınçaq kəndlərində yeni poçt binalarının tikintisinə başlanılmışdır. İsmayıllı Telekommunikasiya Qovşağı I rübdə 197,7 min manat gəlir əldə etmiş, 59 mənzilə yeni telefon çəkmiş, 32 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. İndiki halda Qovşaq üzrə 1969 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 579, kəndlərdə isə 1390 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. I rübdə 2 ədəd 96 portluq ADSL aparatı alınaraq Xanagah və Aşıqbayramlı kəndlərində quraşdırılmışdır. Quşencə, Təzəkənd, Lahıc, Ağbulaq, Cülyan və Qalagah kəndlərində internet istifadəçilərinin montaj tutumu 144 ədəd artırılmışdır.
Mart ayında genişzolaqlı internetin ötürülməsi üçün Xanagah elektron ATS-də yeni RADVİN avadanlığı quraşdırılmışdır. Rüb ərzində Diyallı, Kürdmaşı, Qalınçaq, İvanovka və Qalagah kəndlərində daxili xətt şəbəkələri təmir olunmuşdur.
Optik kabellər üçün 150 ədəd nəzarət nişanları basdırılmış, rayon ərazisində ümumiyyətlə, 17 ədəd paylayıcı şkaf təmir olunmuşdur.
Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə 2564 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 900 nəfər çoxdur. Lakin internetdən istifadənin kəmiyyət və keyfiyyət göstəriciləri müasir tələblər səviyyəsinə çatmalıdır. Bu məqsədlə Telekommunikasiya Qovşağı tərəfindən hələ də çox iş görülməlidir.
10 saylı Yol İstismar Sahəsi tərəfindən 2014-cü ilin I rübündə 362,6 min manatlıq təmir işləri görülmüşdür. Təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılmışdır. Qış mövsümündə nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün lazım olan tədbirlər görülmüşdür. I rübdə Qoşakənd və Cülyan avtomobil yoluna çınqıl döşənmışdir. Görülmüş işlərlə yanaşı qeyd etmək istərdim ki, yerli əhəmiyyətli yollarda vəziyyət heç də qənaətbəxş deyildir. Yol istismar idarəsinin rəhbərliyi kənd yollarının təmirinə diqqəti artırmalıdır.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. İsmayıllı-Avtonəqliyyat ATSC tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu 10 km. artırılaraq 30 kilometrə çatdırılmışdır.
Lahıc qəsəbə sakinlərinin xahişini nəzərə alaraq İsmayıllı-Lahıc marşrutuna əlavə avtobusun fəaliyyəti təşkil olunmuşdur. Əhaliyə taksi avtomobilləri ilə xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün məqsədyönlü iş aparılır. Müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır.
Hazırda rayonda 11 bank və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar tərəfindən 3 ay ərzində 9 milyon 163 min manat kredit verilmişdir. Kreditin faizi yüksəkdir, orta hesabla illik 26-28 faiz təşkil edir. Təəssüf doğuran haldır ki, kreditin cəmi 2,9 milyon manatı kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin inkişafı üçün, qalan kredit isə əsasən istehlak məqsədi ilə götürülmüşdür. Etiraf etmək lazımdır ki, əhalinin aztəminatlı təbəqəsinin bu məqsəd üçün götürdüyü kredit son nəticədə onların maddi durumunun daha da pisləşməsinə səbəb olur.
Zəngin maarifçilik ənənələrinə malik olan təhsilimiz 2014-cü ilin I rübündə aparılan islahatlar, həyata keçirilən elmi-pedaqoji tədbirlər sayəsində daha da inkişaf etmişdir. Məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. 2014-cü il rayonda İnnovativ təlim texnologiyaları ili elan olunmuş, bu sahənin inkişafına təkan verilmişdir. Hazırda ümumtəhsil məktəblərində 683 ədəd kompyuter, 65 ədəd proyektor, 19 ədəd elektron lövhə vardır. 11 məktəbdə lokal şəbəkə, 25 məktəbdə sürətli internet fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsi müasir təlim texnologiyalarının tətbiqi ilə bağlı çoxsaylı tədbirlər, konfrans və seminarlar keçirmiş, qabaqcıl təcrübənin öyrənilib yayılmasını diqqətdə saxlamışdır. Rayon müəllimləri və şagirdləri çoxsaylı beynəlxalq və respublika səviyyəli layihələrdə iştirak etmiş, uğurlar qazanmışlar.
Bütün bunlarla yanaşı təhsil sahəsində həlli vacib problemlər hələ də çoxdur. Bir sıra məktəblərdə ixtisaslı kadrlar çatışmır, bu səbəbdən də təhsilin keyfiyyəti çox aşağıdır. 2013-2014-cü dərs ili rayon İcra Hakimiyyəti başçısı tərəfindən Təhsil ili elan edilməsinə baxmayaraq, əvvəlki illərdən fərqli daha yüksək təhsil nəticələrinə nail olmaq istiqamətində çox az iş görülmüşdür.
Rayon Mərkəzi Xəstəxanası tərəfindən ilin 3 ayı ərzində əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Hesabat dövrü ərzində 244 nəfər uşaq doğulmuş, ana və uşaq ölümü qeydə alınmamışdır. Rayonda difteriya, polimelit, tetanus, qara yara kimi yoluxucu xəstəliklər baş verməmiş, vaxtında profilaktiki tədbirlər aparılmışdır.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq 17 fevral 2014-cü il tarixdən rayonda əhalinin tibbi müayinədən keçirilməsi kompaniyası uğurla davam etdirilir. Mart ayının 31-nə kimi 39992 nəfər müayinədən keçirilmiş, onlardan 799 nəfəri ambulator, 54 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 91 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılmış tibbi müayinəyə göndərilmişdir.
2014-cü ilin 3 ayı ərzində rayonda 30 nəfər ilkin onkoloji xəstə, 10 nəfər vərəm xəstəsi və 45 nəfər şəkərli diabet xəstəsi qeydiyyata götürülmüşdür .
Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsində 2014-cü ilin üç ayı ərzində 106 nəfər xəstədə cərrahi əməliyyat aparılmış, nəticələr uğurlu olmuşdur.
Rayonda səhiyyə sahəsində bir sıra problemlər də mövcuddur. 10 həkim vəzifəsi vakantdır. Bir sıra kəndlərdə həkim və ya tibb məntəqəsi yoxdur. RMX-da bəzi ixtisaslar üzrə həkim kadrlarına ehtiyac duyulur.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni-maarif müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür.
Mədəni-maarif müəssisələrdə 340 nəfər işçi çalışır. Onlardan 75 nəfəri ali, 167 nəfəri orta ixtisas, 98 nəfəri isə orta təhsillidir.
2014-cü ilin 3 ayı ərzində Rayon Mədəniyyət və Turizm Şöbəsi mədəni-kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsi sahəsində müəyyən işlər görmüşdür. 3 ay ərzində 54 tədbir keçirilmiş, Bakı şəhərində keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgi və müsabiqələrdə rayonun yüksək səviyyədə iştirakı təmin olunmuşdur.
Dövlət tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların və digər tədbirlərin təşkili və keçirilməsində rayon Mədəniyyət və Turizm şöbəsi yaxından iştirak edir. Azsaylı xalqların, etnik qrupların milli-mədəni irsi daim diqqətdə saxlanmış, folklor qruplarının çıxışları təşkil edilmişdir. Rayonda turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər hələ də qənaətbəxş deyildir. Mədəniyyət müəssisələrinin əksəriyyəti uyğunlaşmış binalarda yerləşir. 33 klubdan 3-ü, 49 kitabxanadan yalnız 2-si xüsusi layihə əsasında tikilmişdir. Mədəniyyət müəssisələrinin, xüsusilə kitabxanaların maddi-texniki bazası çox aşağıdır. Bu sahə üzrə ixtisaslı kadrlara ehtiyac var.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. Hesabat dövründə rayonun 15 yaşayış məntəqəsində görüş-qəbullar keçirilmişdir. Rayonda görülən işlər haqqında internet saytlarında və sosial şəbəkələrdə daha çox məlumatlar yerləşdirilmişdir.
Rayon İcra Hakimiyyətində əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılmışdır. Problemlərin daha çevik öyrənilməsi və tədbir görülməsi məqsədilə rayon İcra hakimiyyətinin qaynar xətti fəaliyyət göstərir.
Dinlərə, müxtəlif milli və etnik qruplara münasibətdə İsmayıllıda əsl mənada tolerantlıq hökm sürür. Milli və dini zəmində heç bir qanuna zidd hal baş verməmişdir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmiş, milli və dini zəmində hər hansı konflikt, qarşıdurma və ya ziddiyyət baş verməmişdir.
Cari ilin üç ayı ərzində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər həyata keçirilmiş, dövlət və dini bayramlar yüksək səviyyədə qeyd olunmuşdur. İdeoloji işin gücləndirilməsini təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilmiş, tədbirlərin çoxu əsasən bu Mərkəzdə keçirilmişdir. İsmayıllı xəbərləri qəzeti rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırmış, keçirilən tədbirlərlə bağlı məlumatlar respublika mətbuatında, müxtəlif telekanallarda işıqlandırılmış, rayon İcra Hakimiyyətinin saytında yerləşdirilmişdir.
Rayonda Dövlət-gənclər siyasəti sahəsində bir sıra işlər görülmüş, idman sahəsində müəyyən uğurlar qazanılmışdır. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində mühüm addımlar atılmış, xeyli gənc kadr rayonun dövlət müəssisələrində, digər sahələrdə işə cəlb olunmuşlar. Rayonda yaranmış problemlərin həllində gənclərin iştirakı əsas götürülmüşdür.
Qeyd etdiyimiz kimi, Azərbaycan dinamik, sürətli inkişaf yolundadır. İsmayıllı rayonu da bu inkişafa öz töhfəsini verməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev iclasda bütün sahələr üzrə proqram xarakterli konkret vəzifələr qoymuşdur. Rayonumuzda görüləsi işlər hələ də çoxdur. Bu işlərin görülməsi, qarşımıza qoyulan bütün vəzifələrin uğurlu həlli üçün Sizə müvəffəqiyyətlər arzulayıram.
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter