• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yalan ayaq tutar, amma yeriməz deyib atalar

Yalan ayaq tutar, amma yeriməz deyib atalar

Yazar Ismayilli
//
16 aprel 2014
//
//
Oxunub 1867
//
Yalan ayaq tutar, amma yeriməz deyib atalar

Hörmətli oxucular, ataların bu hikmətinə əsaslanıb, İsmayıllı xəbərləri qəzeti redaksiyası olaraq sizinlə həmsöhbət olmaq istədik. Niyə bəzi insanlar haqq yolundan azıblar? Nə üçün şərə, böhtana, günah işlərin daşıyıcısı olan şeytana uyublar? Münasibətlərdə riyakarlığa, işdə saxtakarlığa, haqq yolundan azmağa, iftira, böhtan yazmağa, ayaq altı qazımağa, düz işləri pozmağa, qapı pusmağa, üzə durmağa bəzilərini vadar edən nədir, kimdir, hansı qüvvələrdir? Yaxşılığa yamanlıqla cavab vermək nə zamandan iliyimizə işləməyə başlayıb? Mirzə Ələkbər Sabir yazırdı: Neyləməli, göz görür, əqlim kəsir, mən günəşi göydə dana bilmirəm. Əzabkeş, haqqa tapındığı üçün mərhumiyyətlərə düçar olan şair həyatı bahasına ədalətsizliyə qarşı çıxırdı. Bəs Sabirin bugünkü tiplərini şər-xəta edən, haqqın üzərinə yalanlar toplusu, böhtanlar toru ilə hücuma yönələn, yönəldən kimlərdir?
Yaxın keçmişimizdə sənətkarlar yurdu kimi tanınan İsmayıllımızda dəmirçinin oğlu dəmirçi, misgərinki misgər, bənnanınkı bənna, papaqçının oğlu da papaqçı olardı. Bir qədər sonra müəllimin övladı müəllimliyə, həkimin uşağı tibb sahəsinə meyl etdi. Utandırıcı haldır ki, bu gün həqiqətdən üz döndərib, hədyan, böhtan yazanlar öz uşaqlarını da bu işə cəlb edirlər.
Bu məqamda Səməd Vurğunun Vaqif pyesindən bir misra yada düşür: Günəşdən gizlənən yarasalardır.
Bir ildən çoxdur ki, möhtərəm cənab Prezidentin məlum sərəncamı ilə rayonun səmasını almış buludlar seyrəlib. Torpaq talanına son qoyulub, əhaliyə tikmək-qurmaq üçün şərait yaradılıb. Münasibətlərdə şəffaflıq, təmizlik höküm sürür. Kimsə kiminsə cibinə göz dikmir, əlinə baxmır. Hər hansı bir işə, vəzifəyə kimisə götürdükdə maddiyat yox, o şəxsin elmi, tərbiyəsi, əxlaqi səviyyəsi, dövlətə, dövlətçiliyə bağlılığı, ixtisas biliyi əsas götürülür. Yolsuzluq, təsərrüfatsızlıq, tikinti-abadlıq işlərindəki gerilik, insanlar arasındakı təfriqə, gözügötürməzlik, mənəvi aşınma və bir çox arzuolunmaz hallar aradan çıxır.
Rəhbər işçilərin qeyri-təvəzökarlığı, yaşam tərzinin nümayişi, qışlaq ərazilərindən başlamış yaylaqlara qədər torpaqları özəlləşdirməsi, hətta ümummilli liderimizin xeyir-duası ilə kolxoz quruluşu saxlanmış İvanovkada hektarlarla torpaq zəbt etməsi, 5 məhləni alıb bir imarət ucaltması kimi hallara son qoyulub. Etiraf edək ki, biz redaksiya işçiləri də daxil olmaqla məsul işçilərin hamısı o vaxtlar susub. Yazıçılıqda mahir olanların da ağzı qurd ağzı kimi müəyyən məbləğlə bağlanıb.
Nizami Gəncəvi, R.Mahmudov, M.Orucov, Ü.Hacıbəyov, C.Məmmədov, M.F.Axundov küçələrinə, yeni tikilən yaşayış binalarına və inzibati binalara, məktəblərə, mədəniyyət sarayına, uşaq kitabxanasına, köhnə süd zavodunun yerində inşasına başlanmış bazara, məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə, çəkilişinə başlanmış Göytəpə-Qalınçaq-Ruşan yoluna, əsaslı təmir olunmuş, müasirləşdirilmiş inzibati binalara açıq sözlə, işıqlı düşüncə ilə baxa bilsək, bəsirət gözünə, vicdana müraciət edə bilsək, təbii ki, qələmlər düzlüyə yönələr. Redaksiyamızda çalışanların yaşı imkan verir ki, desin! Çox yazanları çox böhtançıları, demaqoqları, özü haqsız ola-ola hamını haqsız bilənləri görmüşük və Allah tərəfindən bəlaya gəlməsini də müşahidə etmişik.
Bu gün iş-gücünü atıb hərzəvü-hədyana, şərə-böhtana, yalana-iftiraya qurşananlar, yaxşılara, yaxşıya, yaxşılığa kor olanlar, şeytana qulluq edənlər və kimlər, kimlər də bunları görüb müşahidə ediblər. Bəs niyə nəticə çıxartmayıblar?
Xəstəyə müalicə üçün, evsizə ev tikmək üçün, imkansıza həyatını davam etdirməkdə kömək göstərilirsə, unudulanlar, yaddan bilərəkdən çıxarılanlar xatırlanırsa, fəal həyata çağırılırsa, insanlara mərhəmət göstərilirsə, buna sevinmək lazımdır, yoxsa qələmə sarılıb simasızlığını, şeytan xislətini kağıza köçürmək? Şeytan xislətlilər qruplaşırlar da, yaxşılara ləkə yaxmaq yolunda guya qüvvəyə də çevrilirlər. Belələri düşünmək qabiliyyətindən məhrum olduqları üçün qanuna, haqqa, ədalətə, insanlara dövlət siyasətinə qarşı çıxdıqlarının fərqinə varmırlar. Yenə burada dahi şairin sözləri yada düşür:
Bir böyük boşboğazlıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz.
******
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürsək, ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik.
Çox istərdik ki, zülmətə, böhtana, haqsızlığa, ədalətsizliyə köklənənlər gec də olsa, bu misraları öz xatirlərinə, övladları, ailələri xatirinə nəzərdən keçirsinlər, nəticə çıxarsınlar, əllərinə qələm alanda ünvanları səhv salmasınlar. Hər kəsin yaxşısını, pisini özünə yönəltsinlər. Demirik ki, ağızlarına su alıb dursunlar. Lakin həqiqəti yazsınlar, düz yoldan sapmasınlar, marağı təmin olunanda tərif deyib, sonra yalana, böhtana keçməsinlər. Deyiləsi, yazmalı, ibrət götürüləsi çox şeylər var, hamısı barədə yazmaqla biz də yeri səhv düşənlərin səviyyəsinə düşmüş olarıq. Yazmamaq da mümkün deyil. Burada vaxtilə deyilmiş bir ifadə yada düşür: - Həyasız adam da ölüm kimi şeydir. Qabağından qaçdıqca səni üstələyir. Hər kəsin əməlinə görə vaxtında tədbir görülməlidir. Gecikmə fəsadlara səbəb olur. Deyirlər: Allah əmri, təsir eləməyəndə yan dəmiri Bunlar o deməkdir ki, heç kim başlı-başına buraxılmamalıdır. Hər kəs qanun və dövlət qarşısında məsuliyyət daşıdığını dərindən dərk etməlidir. Kiməsə qanundankənar güzəştli mövqe olmamalıdır. Çıraq-otelin sahibinə və işçilərinin əməllərinə göz yummağın, onların hərəkətlərinə sədd çəkilməməsinin nəticələri 2013-cü ilin yanvar hadisələrində özünü göstərdi. Kiməsə ixtiyar verilməməlidir ki, kiməsə ləkə yaxsın, kiminsə cəsarəti olmamalıdır ki, özünü başqalarından üstün tutsun.
Bütün zamanlar üçün müasir olan Mirzə Ələkbər Sabirin sözləri hər abzasda köməyimizə çatır. İş görmək əvəzinə daş olub iş görənin ayağından sallanmağı özünə peşə edənlər heç zaman yaxşı ata, səmimi qonşu, qürurlu vətəndaş ola bilməzlər. Xoş əməl belələrindən uzaqdır. Belələrinin yalnız formasında insana məxsus nəsə var.
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərməndlərik, nərlərik.
İş olan yerdə söz əzbərlərik.
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə
Kişi övladlarına verdiyi yüksək tərbiyə ilə, dostuna sədaqəti, qonşulara səmimiyyəti, insanlara mehribanlığı, ehtiyaclı adamlara mərhəməti ilə öyünə bilər. Gündə on ünvana heç bir fakta söykənməyən məktub və teleqram göndərməklə yox. Hər kəs onu da dərindən dərk etməlidir ki, bütün bu bəd əməllər Allah yanında günah əməllər sırasındadır. Müqəddəs Qurani-Kərimin əl-Bəqərə surəsinin 18-ci ayəsinə diqqət yetirək: Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər. Dönmədikləri üçün də günahları artar və Allah qarşısında bir müsəlman kimi cavab vermələri müşkülə çevrilər. Həmin surənin 81-ci ayəsində deyildiyi kimi: Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Özünü İslama mənsub hesab edən hər bir kəs bu barədə vaxt ikən düşünməlidir.
Haqqa tapınan müsəlmanlar, Allah hər şeyi görən və biləndir, bağışlayandır. Onun nazil etdiyi Qurani-Kərimin ayələrinə istinad edək. Onda hamımız uca tanrının bizə bəxş etdiyi həyatdan xeyir taparıq. Heç olmazsa düşüncələrimizdə, münasibətlərimizdə nümunə gətirdiyimiz ayələrin tələblərinə riayət edək: Əl-Bəqərə surəsi, ayə 208. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə(İslama) gəlin! Şeytanın yolu ilə getməyin. Çünki o sizin açıq aşkar düşməninizdir. Ayə 209. Əgər bu qədər aşkar dəlil (ayələr)gəldikdən sonra siz yenə də doğru yoldan azarsanızsa, o zaman bilin ki, Allah da qüvvət sahibi, hikmət sahibidir.
Ali-İmran surəsinin 10-cu ayəsini oxuyub dərk edən müsəlman heç zaman pisliyə, hiyləgərliyə, haqsızlığa yönəlməz. Həmin ayədə deyilir: Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında(axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar
Öz soydaşının haqqını tapdayan, onun pisliyini istəyən, müvəffəqiyyətindən darılan, tərbiyəli övladlarının paxıllığını çəkən, insana ləkə yaxan, haqqı nahaqqa satan adamlar ən-Nisa surəsinin 52-ci ayəsini oxusalar (Həmin ayədə deyilir: Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən) bəlkə günahkar olduqlarını dərk edə bilərlər. Allahın tövbə qapısı həmişə açıqdır.
Qeyd etdiyimiz surənin 118-ci ayəsinə diqqətlə, məsuliyyətlə, Allah qarşısındakı borcumuzu dərindən dərk etməklə yanaşaq, ey şikayəti, ərizəni peşəyə çevirən şəxslər: Allah ona (şeytana) lənət etdi ( rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Bax burada kimliyinizi aydın görə bilərsiniz. Siz o bir qismə daxil olmusunuz. Vaxt var ikən oradan çıxın. Şeytanın ələ aldıqlarından olmayın.
Sonda Musa Yaqubun şeirindən bir-iki misranı diqqətə çatdırmaq istərdik:
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa,
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
Tanrı hökmündən kənara çıxa bilmərik. Biz bir-birimiz üçün Allah tərəfindən yaradılmışıq. Durulmalıyıq, saflaşmalıyıq. Onsuz da yalanlarınızı həqiqət kimi qəbul edən olmayacaq. Şər-böhtanın yeriməsi üçün mühit çoxdan ömrünü başa vurub.
Xeyirxah əməllər yolunda Allah hər birinizə yar olsun!
İsmayıllı xəbərləri redaksiyası

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!