• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nur saçan ömürlər

Nur saçan ömürlər

Yazar Ismayilli
//
28 mart 2014
//
//
Oxunub 1669
//
Nur saçan ömürlər

Aylıq iş planımızda bir maddə də var: Ailələrə səfər. Və bu səfərlər indiyədək yalnız problemli ailələrə olurdu. Müraciət və ya icmadan gələn məlumat əsasında qeydə düşən ünvana. Bu dəfə isə Nə müraciət var, nə məlumat,amma səfər var, özü də bir ailəyə yox, neçə-neçə ailəyə, bir ünvana yox, neçə-neçə ünvana.
Nur saçan ömürlər
Çox xoş bir məramla yola varid olmuşuq: uzunömürlü nənələrimizi və təqaüddə olan yaşlı xanımlarımızı evlərində ziyarət edib. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcəyik. Kiçik kollektivimiz böyük sevinc, fərəhlə bu gedişə hazırlaşdı, hər işdə bizimlə olan könüllümüz Lalə Kəbirova da məmnuniyyətlə bizə qoşuldu. Bu səfərin çox xoş bir səfər olacağı şəksiz idi: axı ağbirçəklərimizin adının, yaşının işığına gedirdik! Təsadüfdənmi, yoxsa qismətdənmi ilk getdiyimiz yerdə - Lahıc qəsəbəsində, ilk evdə Gülsabah nənədə bu işığı gördük: 100 yaşı olmasına baxmayaraq yumru sifətində bizi qarışıq bütün qadınların həsəd aparacağı qədər az qırış olan, al yanaqları təravətini saxlayan, üzündən, gözündən nur yağan Gülsabah nənədə. Danışığı, səsi də görünüşü kimi canayaxındır. Asta-asta şirin-şirin danışır. Deyir: Qəhrəman anayam, 10 övlad böyütmüşəm, məktəbdə, baxçada işləmişəm. Kişi də həmişə nazımı çəkib- balaca, toppuş əlini azca yuxarı qaldırıb ovcunu açır rəhmətlik məni əl içində saxlayıb, 50 ildən çox evli olmuşuq, bir dəfə məni söyməyib, döyməyib. Məni yüz yaşadan o kişi və balalarım olublar. Balalarım da ataları kimi ailəcanlıdırlar. Elə gün olmur ki, övladlarımdan, nəvələrimdən 4-5-i gəlib məni ziyarət etməsin. Gəlib məndən işıq alırlar. Gülsabah nənə bu sözü nə mənada deyir bilmirik, amma onun işıq müsbət enerji yaydığına biz görüb əmin olduğumuz kimi, əziz oxucu, Siz də əmin olun. Lahıcın ən uzunömürlüsü olan Gülsabah nənənin xeyir-duası və işıq payımızla az vaxtda Lahıc İƏB üzrə nümayəndə Fikrət Haqverdiyevlə birlikdə yüzün belini qatlamaq üzrə olan 99 yaşlı Səriyyə Sadıqovanı, Qarabağ şəhidi Rəhman Nəcəfovun anası, 16 övlad anası olan Səriyyə Nəcəfovanı və Lahıc məscidini ziyarət edirik. Qadınların adına yola çıxsaq da qəsəbənin girəcəyindəki skamyalarda yaz günəşinin istisinə isinə-isinə şirin söhbət edən ağsaqqalların yanından sakit, bir salamla ötə bilmirik. Lahıc xalça emalatxanasının baş mühasibi işləmiş Məcid Abbasovla ötənləri xeyli yada salırıq. Lahıc rəhbəriylə, ağsaqqalı, ağbirçəyi ilə birgə bizi gülərüzlə, qonaqpərvərliklə qarşıladığı kimi eləcə də yola salır. Dağlar gözəlindən başlayan xoş təəssüratımız nəinki həmin gün, eləcə də bir gün sonra rayon mərkəzindəki səfərlər boyu da bizi tərk etmir.
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər
Nur saçan ömürlər

Diyallıda biz bilən rayonun ən yaşlı qadını olan Züleyxa Hüseynova ilə görüşümüz gözlənilməz olduğundan nənənin öz-özünə dediklərini biz də eşidəsi oluruq:bu gavura pul nə lazımdı, verib gülləyə düşəcək canımıza. Televiziyada xəbərlərə baxan nənə yaman əsəbiləşmişdi, oğlu əsəbiliyin səbəbini açıqladı: Amerika ermənilərə yardım ayırıb, anam ondan hirslənib. Əsri arxada qoyan Züleyxa nənə hərəkəti çox sevir, evdə oturmaqla arası yoxdur, yaxşı eşidir, görür. Maraqlı söhbətlər edir, ancaq dönüb dolaşıb yenə erməni məsələsinin üstünə gəlir. Diyallıda getdiyimiz növbəti evdə də yenə ilk olaraq gavurlardan danışılır. Pəri nənənin yaşını soruşuruq, gəlini Südabə xanım Ana ermənilər gələndə - 1918-ci il nəzərdə tutulur- qundaqdaymış deyir. Ardını Pəri nənə özü danışır:Erməni kəndə girəndə camaat qaçır meşəyə. Mən də qundaqda çağa olmuşam onda. Ağlamışam, Sədrəddin kişi məni anamın qucağından zorla alıb atıb qayadan aşağı ki, uşağın səsinə erməni yerimizi bilib gələr. Anam dözmür, deyir, ölsəm də uşağımı burada atıb getmərəm. Dərəyə düşüb məni götürür. Xatirə çox, söhbət maraqlı, vaxt isə Böyüklərimizin hərəsi bir tarixdir, dinləyən, yazan, tarixə qatan gərək.
İsmayıllı rayon Maarif Şöbəsinin ilk müdiri olmuş Qasımbala Qasımovun qızı, 50 ildən çox mama işləmiş Sənubər Həsənovanı təbrik etməyi də özümüzə borc bilirik. Sənubər xanım orta məktəbi qızıl medalla bitirmiş ilk qızlarımızdan olub.
Talıstan, Kəlfərəc, Mollaisaqlı kəndlərində yaşayan uzunömürlülərimizi də imkan daxilində yad edirik. Nəhayət, bayrama bir gün qalmış rayon mərkəzində yaşayan uzunömürlülərimizi, iş qadınlarımızı ziyarət edirik. Zemfira Mirzəyeva, Siyahsoltan Məmmədova, Qureyiş Umudova, Minayə Nəbiyeva, Əsli Süleymanova, Şirmayı Mirzəliyeva, Qənifə Həsənova və Ağca Səlimova ilə görüş qəlbimizdə daha dərin iz buraxır. 51 il həkim işləmiş Zemfira xanımın, 56 il İsmayıllı balarına dərs demiş Əsli müəllimənin, Qənifə müəllimənin, keçmiş iş yoldaşlarının şəhər 2 nömrəli məktəbin kollektivinin onu unutmadığını minnətdarlıqla deyən Qureyiş müəllimənin, 52 il cərrahiyyə şöbəsində tibb bacısı işləmiş Şirmayı xanımın xatirələrini dinləmək, nəsihətlərini eşitmək çox xoş oldu.
Beləcə, 2 ayda 25 səfər edən kollektivimiz bu dəfə 2 gündə 25 səfər etdi. Bunlar sıravi səfərlər, gedişlər deyildi, bunlar müqəddəs səfərlər idi, əli öpüləsi böyüklərimizi, ağbirçəklərimizi, rayonumuzun inkişafında zəhmət payı olan iş qadınlarımızı yada salmaq, onların nümunəvi ailə və iş təcrübələrini öyrənmək, təbliğ etmək savab və gərəklidir. Avropaya inteqrasiya adı altında milli dəyərlərimizdən uzaqlaşdığımız, münaqişələrin, boşanmaların artdığı bir vaxtda bizim böyük sözünə, ağsaqqal, ağbirçək öyüdünə, Gülsabah nənə demiş, onların işığına, nuruna daha çox ehtiyacımız var.
Beləcə, bu ilki qadınlar bayramımız böyüklərin əhatəsində, onların qarşılıqlı təbrikləri və xeyir duaları ilə çox fərqli, xatirələrdə yaşayacaq, xoş hisslərlə anılacaq bayarm kimi bayram oldu.
P.S. Bu səfərlərin reallaşmasında Mərkəzimizə yaxından kömək edən İsmayıllı şəhər İƏB üzrə nümayəndəsi Məhərrəm Əhmədova və rayon polis şöbəsinin əməkdaşı Vahid Məhərrəmova təşəkkürümüzü bildiririk.
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!