Həndəsə elmində Maqsud Cavadov dühası » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Həndəsə elmində Maqsud Cavadov dühası


Həndəsə elmində Maqsud Cavadov dühası


Maqsud Əlisimran oğlu Cavadov. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
Həndəsə elmində Maqsud Cavadov dühası
Maqsud müəllimlə gah onun doğma yurdu Basqalda, gah da Bakıdakı əvvəllər Şirşov adını daşıyan küçədəki evlərində, bəzən də Filarmoniya bağında dəfələrlə görüşmüşdük. O zaman mənim qəzet və jurnallarda dərc etdirdiyim yazılarıma maraq göstərir və onlara öz münasibətini bildirirdi.
Axırıncı görüşümüz çox məhsuldar oldu. Maqsud müəllimin qohumu və gənclik sirdaşı, mənə rus dilindən dərs demiş Hacı müəllim Bakıya getdiyimdən xəbər tutub dəsmala bükülmüş nəyi-isə verdi və onu şəhərə çatan kimi Maqsud müəllimə çatdırmağı tapşırdı. Bağlamanı əlimə alanda onun qaynar olduğunu hiss etdim.
Buğda sütülüdür. Ütüb ovuşdurmuşam, dedi. Maqsud müəllimin xoşu gəlir.
Belə məhrəmanə qayğı, diqqət məni, doğrusu, çox mütəəssir etdi və bağlamanı Maqsud müəllimə çatdıranda hələ onun hərarəti soyumamışdı.
Maqsud müəllimin həyat yoldaşı Nazilə xanım elə öz qohumlarından idi. Hər ikisi lap gənclikdə Bakıya köçmələrinə baxmayaraq Basqal danışıq ləhcələrini mühafizə etmişdilər. Məxməri çay süfrəsində ailə üzvlərimdən hal-əhval tutdular. Utana-utana professordan öz həyat və fəaliyyəti barədə mənə məlumat verməsini xahiş etdim. Onun əvəzinə bir səlahiyyət sahibi kim, Nazilə xala şərtləşdi:
- Maqsud müəllim dincəlməlidir. Gələ bilsən iki gündən sonra bazar günüdür. Günorta vaxtı qeydlərini apararsan...
12 iyul 1968-ci ildə Maqsud Cavadovun zəngin həyat və fəaliyyətinin mündərəcəsi ilə tanış olmağım mənə sonralar çox lazım oldu...
Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının(hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914-1918-ci illərdə isə təhsilini Şəki Gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğma kəndinə qayıtmış və orada şərbaflıq (ipək toxuculuğu) ilə çalışmağa başlamışdır.
Maqsud Cavadov 1920-1924-cü illərdə nahiyə və kənd soveti müəssisələrində işləmişdir. O, hələ kənd sovetində katib işlədiyi vaxtdan yerli camaatın və ictimai təşkilatların hüsn-rəğbətini qazanmışdır. Bu səbəbdən də yerli təşkilatlar onu ali təhsil almaq üçün Bakıya ezam etmişlər.
1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1927-ci ildə bu institutun fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1927-ci ildə pedaqoji institut ilə Azərbaycan Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M.Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrası ilə bağlanmışdır. M.Cavadov universitetdə təhsilini davam etdirmiş və 1930-cu ildə universitetin də fizika-riyaziyyat fakültəsini bitirmişdir. Kafedrada işləyərkən M.Cavadov professor A.S.Kovankovun köməkçisi kimi məşğələlər aparmış və professorun iki fənn üzrə mühazirələrini Azərbaycan dilinə tərcümə etmişdir.
1930-cu ildə universitet müxtəlif institutlara ayrıldığından Maqsud Cavadov assistent vəzifəsində Neft İnstitutunun (indiki Neft Akademiyasının) ali riyaziyyat kafedrasında işləmişdir.
1934-cü ildə universitetin fəaliyyətinin bərpa olunduğu ilk günlərdən Maqsud Cavadov universitetə dəvət olunmuşdur. Qaynar elmi işə qoşulmuş alim 1938-ci ilin iyun ayının 15-də namizədlik dissertasiyasını müdafiə etməmişdən əvvəl ona dosentlik vəsiqəsi verilmişdir. Maqsud Cavadovun bundan sonrakı bütün elmi-pedaqoji və ictimai fəaliyyəti universitetlə bağlı olmuşdur. 1938-ci ildən Maqsud Cavadov həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Tədris işinin məharətli təşkilatçısı kimi M.Cavadov universitetdə təlim prosesinin yaxşılaşmasına kömək etmiş, qiymətli məsləhət və tədbirləri ilə tədris işlərinin qaydaya düşməsində yaxından iştirak etmişdir.
M.Cavadov 1930-cu illərin sonundan başlayaraq həndəsə sahəsində elmi-tədqiqat işləri aparmışdır. Professor R.K.Raşevskinin elmi rəhbərliyi altında 1940-ci ildə Honometrik sistemlər tədqiqat işini başa çatdırmış və həmin mövzuda Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. Bu işi ilə alim isbat etmişdir ki, ixtiyari finsler metrikasını kafi qədər geniş sinifdən olan iki parametrli xətlər ailəsində bucaq metrikası kimi nümayiş etdirmək olar. O, müstəvidə iki elə ailələrin mümkün olduğunu göstərir ki, bu ailələr üçün həm məsafə, həm də bucaq metrikası Qauss metrikasıdır. M.Cavadov bu işini MDU-da müdafiə etdikdən sonra 1946-cı ildə çap etdirmişdir.
1940-ci ildə tanınmış alim metrik-ikililik probleminə aid bir iş də icra etmişdir. O, Ekvlid müstəvisində elə ikiparametrli xətlər ailəsi tapmışdır ki, burada həm məsafə, həm də bucaq metrikası vardır.
1957-ci ildə Kazan Dövlət Universitetində M.Cavadov Cəbrlər üzərində qurulan həndəsələr mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1959-cu il iyul ayının 18-də ona doktorluq diplomu verilmişdir. Onun bu sahədə elmi məsləhətçisi B.A.Rozenfeld olmuşdur.
Böyük rus alimi N.J.Zobaçevskinin 1826-cı ildəki tarixi kəşfindən sonra məlum oldu ki, yeganə mümkün həndəsə Ekvlid həndəsəsi deyil, başqa həndəsələr də vardır. Belə həndəsənin bir nümunəsini N.J.Zobaçevskinin özü vermişdir. Elmdə bu həndəsəyə qeyri-ekvlid Zobaçevski həndəsəsi və ya hiperbolik deyilir.
Zobaçevskidən sonra onun kəşfi müxtəlif alimlər tərəfindən inkişaf etdirilir, yeni həndəsələr meydana gəlir və bu yeni həndəsələr bir çox məsələlərdə özlərinin səmərəli tətbiqlərini tapır. Zaboçevskinin işlərini müvəffəqiyyətlə davam etdirən məşhur rus alimi A.R.Kotelnikov öz elmi işlərində müxtəlif tipli kompleks ədədlər üzərində həndəsələr qurur. Belə bir həndəsədə nöqtənin koordinatları bir cüt həqiqi ədəd yox, kompleks və ya dual (yaxud ikiqat) ədəddir. A.R.Kotelnikov nəinki belə həndəsələr sistemini verdi, hətta onların məlum həndəsələrdə qiymətli tətbiqlərini də göstərdi.
Sonralar bu ideyanı Ştudi Zelinger, Rozenfeld və sair kimi davamçıları da olmuşdur. Maqsud Cavadov doktorluq dissertasiyasında Kotelnikov ideyasının daha geniş və daha ümumi hallarını vermişdir. Görkəmli alimimiz elə affin proektiv və qeyri-ekvlid fəzalar qurur ki, bunlar da nöqtənin koordinatları hiperkompleks ədədlər, yaxud m tərtibli həqiqi və ya kompleks (yaxud ikiqat) matrislər olur. M.Cavadov öz işində belə müxtəlif həndəsələr sistemi qurur və bunların həqiqi həndəsələrdə qiymətli tətbiqini verir. Bütün bunlarla böyük alimimizin elmi yaradıcılığı sayəsində respublikamızda həndəsə elmi inkişaf edərək müasir səviyyəyə yüksəlmişdir.
Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə görkəmli alim 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi seçilmişdir.
M.Cavadov Azərbaycan dilində tədris ədəbiyyatı yaratmaq sahəsində də böyük işlər görmüşdür. Onun yazdığı on kitabdan ali məktəb tələbələrimiz dərs vəsaiti kimi istifadə edirlər. Məsələn, Xətti və kvadratik formalar(1941), Qruplar nəzəriyyəsi elementləri(1942), Vektorlar hesabı(1957) və s. respublikamızda ali və orta məktəblər üçün nəşr edilən onlarca orijinal kitabın və həm də tərcümə edilən kitabların çapa hazırlanmasında M.Cavadovun yaxından köməyi olmuşdur. Riyazi ədəbiyyatın, riyazi terminologiyanın yaranmasında və inkişafında onun böyük xidməti vardır.
Maqsud Cavadov respublikanın ictimai-siyasi işlərində də fəal çalışmışdır. Görkəmli alim Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Şərəf nişanı ordeni ilə təltif olunmuşdur.
M.Cavadov 1972-ci il may ayının 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Professor Maqsud Cavadov Azərbaycanın görkəmli riyaziyyatçısı və astronomu Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyatı tarixində ikinci həndəsəçi kimi məşhurlaşmışdır. Onun həndəsə sahəsində apardığı 21 elmi-tədqiqat əsəri bunu cəsarətlə deməyə əsas verir.

Miryavər Hüseynov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter