• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Örnək olaraq qayıtdın

Örnək olaraq qayıtdın

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 1471
//
Örnək olaraq qayıtdın

Qarabağ savaşının qəhrəmanı, şəhid Cəlal Rüstəmovun şərəfinə ucaldılmış bulaq-abidə önündə düşüncələr.
Sən bu məhəllədə doğuldun. Ayaqyalın, başıaçıq tozlu-torpaqlı kənd küçələrində öz qarğı atınla çox şütüdün. Atan-bir elin müdrik ağsaqqalı, qəlbi şeir sovqatlı, zahirən də, daxilən də daim təmkinli Əbülhəkim müəllimin nümunəsi, öyüd-nəsihəti ilə, mərd bir Azərbaycan qadını Səriyyə ananın qayğısı, nəvazişi ilə böyüdün. Arabir qoca nənələrin həsrət dolu sözlərini də eşitdin: Ah, ay bala, sizə nə var e... müharibə görməmisiniz. Və nəhayət, Fransa müqavimət hərəkatının fəal iştirakçısı, Xarqo ləqəbli Ə.Cəbrayılovun döyüş dostu əmin Əliabbas müəllimin xatirələri ilə boy atdın.

Örnək olaraq qayıtdın Örnək olaraq qayıtdın
Hər gün bax beləcə bir arpa dənəsi boyda böyüdün. Kişi kimi böyümək arzusunda idin. Həyatının ilk ağır itkisi ilə üzləşdin: atanı itirdin. Onda hiss etdin ki, evin böyük oğlu kimi atanı da əvəz etməli, anana dayaq durmalısan. İllər ötdü. Orta məktəbi bitirdin. Texnikuma girdin. Neft işləri üzrə mütəxəssis oldun. Gözəl, qeyrətli bir el qızı ilə adaxlandın, toy çaldırdın, muradına çatdın. Səriyyə ana o günü - Baloğlan Əşrəfovun toy apardığı günü quş olub göyə uçmaq istədi, toy mağarından çıxmadı. İşinlə əlaqədar uzaq Tobolsk şəhərinə getdin. Taleyindən razı idin: oğlun Elçin dünyaya gəlmişdi. Fəqət: Sən saydığını say, gör fələk nə sayır, - deyiblər.
Mənfur düşmənin insanlığa sığmayan əməlləri ürəyini ağrıdırdı. Yerə-göyə sığmırdın : Hələ Moskva tele-kanallarının yumşaldıcı xəbərlərini dinləmişdin.
Və günlərin bir günü sevinclə Vətənə döndün. İkinci övladın-qızın dünyaya gəlmişdi. Binə Hava Limanından şəhərə gəlişində hamının üzündə bir kədər əhval-ruhiyyəsi gördün. Taksi sürücüsündən eşitdiyin xəbərlər damarlarında qanı dondurdu: ermənilər Xocalıya misilsiz divan tutmuşlar. Birbaşa xəstəxanalara getdin. Birinimi, ikisinmi ziyarət etdin?! Nələr gördün, nələr eşitdin! Qızların, qadınların başlarına gələn faciələri necə həzm etmək olardı?!
Səriyyə ana: 20 günlük körpəni qoyub hara gedirsən, ay bala?-deyə fəryad edəndə sən: Ay ana, özün də bu sözləri eşitsəydin, mütləq ora gedərdin. Bəs mən və mənim kimilər getməsə, ana-bacılarımızın qeyrətini kim çəkəcək?! Onların yerində mənim də ailəm ola bilərdi! Bu, əsil kişi harayı idi: tarixən qız-qadın qeyrətini oğullar qoruyub.
Bu sözləri xatırlayanda bir anlıq keçmişə boylandım. Kitabi-Dədə Qorqud igidləri yadıma düşdü: Dara düşənlər: Qazan bəy mənə yetsin. Degil, gəlməz olsan, məmləkət pozulub xarab olur, qızım, gəlinini əsir gedir -deyirlər. Necə də üst-üstə düşən hadisələr, bir-birini tamamlayan qəhrəmanlıq səhifələri!
Səni heç kim saxlaya bilmədi. Birbaşa ön cəbhəyə getdin. Döyüşdən-döyüşə atıldın. Təkcə döyüşməklə işini bitmiş hesab etmədin: hər bir döyüşçüyə mənəvi dayaq oldun. Onları qələbəyə ruhlandırdın. İştirak etdiyin hər bir döyüşdən qələbə ilə qayıtdın. Sənin qəhrəmanlığın düşməni dəhşətə gətirdi. Başına milyonlar təyin olundu. Bu, sənin mətinliyini daha da artırdı. Ağdərə əməliyyatları qalibiyyətlə başa çatdı. Respublika televiziyasında çıxış etdin. Özünü Qarabağa qurban verdiyini söylədin. Bu arzun da yerinə yetdi. Torpaq uğrunda ölən varsa, Vətəndir fikrinə uyğun olaraq ona qurban getdin. Ana gəlmədiyini görüb ürək sözlərini yana-yana ağı ilə söylədi:
Aman-aman oldu gəl,
Halım yaman oldu gəl.
Bir də səni görəydim,
Axır zaman oldu gəl.
Fəqət nə kədərli ana haraylaması sevinclə əvəz olundu, nə el sonası həyat yoldaşının, ata sözünü hələ başa düşməyən balalarının yolda qalan gözləri güldü. Ananın ağıları isə bitib-tükənmədi:
Mən aşıq qoşa dağlar,
Çatıb baş-başa dağlar.
Sizdə oğul itirdim,
Dönəsiz daşa dağlar.
Ana bu dərdə necə dözərdi. Mərhum şairimiz Əli Kərim bu hadisələrdən sonra öz şeirini belə dəyişərdi:
Ana oğul böyütdü, gur çatmaqaş, gensinə,
Ana oğul itirdi: Oğul deyirəm sənə.
Düz iyirmi il idi ki, ana, yolunu gözləyirdi. Qapını daim açıq qoyurdu. Sənin içəri girəcəyin gün həsrəti ilə qapıya boylanırdı. Xınalı qoç kəsəcəydi. Bir tikə də yemiyəcəkdi. Ayaqyalın paylayacaqdı həmin qurbanın ətini. Belə əhd eləmişdi anan. Əlsiz, ayaqsız da qayıtsaydın belə edəcəkdi.
Nəhayət, ana həsrətinə son qoyuldu.
Vaxtilə döyüş dostlarından birinə deyirdin ki, müharibə qurtarar, gedərik, Elçini (oğlunu) də götürüb rayon küçələrində qürurla gəzərik. İndi sənin qürurlanmağına dəyər. Sən bir elin cəsur oğlu kimi qayıtdın. Sən qəhrəmanlığın bu gün də əfsanə olmadığını sübut edərək qayıtdın. Əbədilik qayıtdın. Bütöv bir Vətənin oğlu kimi qayıtdın. Cismən yox, mənən qayıtdın. Hər gün gül-çiçəyə qərq olan bulaq-abidə şəklində qayıtdın. Həmişə eyni yaşda qalacaq şəkildə, hər gün yanından keçərək gedən balaca kişilərə örnək olaraq qayıtdın.
Bu anda çex xalqının qəhrəman oğlu Yulius Fuçikin aşağıdakı sözlərini xatırladım: Qoy gələcəyin oxucuları bilsinlər ki, müharibədə adsız qəhrəman olmayıb. Onların hər birinin şəxsiyyəti, özünəməxsus siması, arzuları, ümidləri olub. O qəhrəmanların hər birinin Vətən naminə fədakarlığı adı tarixə düşmüşlərin fədakarlığından az deyildir.
Qoy ruhun rahat olsun. Haqq işimiz qalib gələcək, torpaqlarımız azad olacaq, övladların, nəvələrin orada məğrurluq hissi ilə gəzəcəklər. Bəlkə də azad olunmuş torpaqlarda qələbə bayrağını qaldıranlar sənin övladların olacaq!
Biz bu gün böyük-böyük abidələr siqlətində olan bu məkandan boylanarkən ürəyimiz qürurla döyünür.
Vətənpərvərlik duyğularımıza rəvac verən bu abidə nəsillərin varisliyini özündə birləşdirir. Biz buna görə Ananın neçə illik həsrətinə son qoyan, insanların mənəvi rahatlığının təminatçısı, əsl ziyalı adını şərəflə daşıyan RİH başçısı Mirdaməd Sadıqova sanki üzünün nuru tökülmüş kimi, işığa qərq olan bir küçəyə adı verilən Rəşid Mahmudov ruhuna və onların kiçik bir xələfi - Cavanşir torpağının bugünkü qəhrəmanı sənə - Cəlal Rüstəmova və nəhayət, bütün şəhidlərimizin adına layiq gözəl töhfə - bu yaraşıqlı məkanı yaradanlara, maliyyə ödənişini edənlərə minnətdarıq.
Həm də bu minnətdarlığın fövqündə olan arzularımız var. Qoy insanlara fəlakət gətirən müharibə bir daha təkrar olunmasın. Qoy bir də ağbirçək analarımızın oğul həsrətli gözləri yollara dikilməsin. Qoy analar daş heykəllərə dönən oğul boyunu oxşamasınlar. Dədə Qorqud alqışı onlara yar olsun:
Mərd cavanlar öyrənsinlər.
Vətəni candan sevsinlər.
Keşiyində dayansınlar
Dava-qırğın görməsinlər.
Rəna Mirzəliyəva
İsmayıllı şəhəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!