• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Heç kəs unudulmur

Heç kəs unudulmur

Yazar Ismayilli
//
13 dekabr 2013
//
//
Oxunub 1516
//
Heç kəs unudulmur

Dünyanın cənnət guşələrindən olan Azərbaycan tarix boyu çox böyük bəlalarla üzləşmişdir. Lakin, həmişə xalqımızın qəhrəman oğulları düşmənə qarşı ləyaqətlə mübarizə aparmışlar. Cavanşir, Babək, Həzi Aslanov, Mehdi Hüseynzadə və digər qəhrəman oğullarımız öz adlarını tarixdə əbədiləşdirmişlər.
XX əsrin sonlarında Azərbaycan yeni bir bəla ilə üzləşdi. Bu, Qarabağ müharibəsi idi. Uzun illər Azərbaycanın çörəyi ilə böyümüş xain qonşularımız Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etməyə başladılır. Bu çıxışlar Qarabağ müharibəsinə səbəb oldu.


Müharibə başlanan kimi, Azərbaycanın igid oğulları düşmənlə mübarizəyə atıldılar. Rayonumuzdan da yüzlərlə igid oğlumuz torpaqlarımız uğrunda vuruşmaq üçün cəbhəyə yola düşdü.
Bizim Yeniyol kəndindən də xeyli gənc hərbi xidmətə getdi. Onlardan biri də Abbasov Surac Ziyad oğlu idi.
Surac hərbi xidmətdə olduğu müddətdə Qubadlı, Zəngilan və Füzuli rayonları ərazisində qəhrəmancasına vuruşdu. Düşmənə itki verdi. İgidliyinə görə mükafatlandırıldı.
1994-cü ilin yanvar ayında Füzuli rayonunun Quruçay ərazisindəki döyüşlərdə qəhrəmancasına həlak oldu. Onun ölümü Yeniyol kəndinin camaatını dərindən sarsıtdı. O, kəndimizin ilk şəhidi idi. Hamı öz doğma balasını itirmiş kimi ah-nalə edirdi. Həmin vaxt həmyerlimiz Cəbrayıl Yeniyollu S.Abbasova şeir həsr etdi.
Aldıq sorağını dildən, ağızdan,
Dedilər şir kimi vuruşur Surac.
Allah sevdiyini aldı apardı,
Şəhidlər çələngi oldu sənə tac.
Surac Abbasov Yeniyolda kənd qəbiristanlığında dəfn edildi. Məktəbə onun adı verildi. Suracın və sonradan şəhid olanların məzarları gənclərimizin, məktəb şagirdlərimizin and yerinə çevrildi.
Hər il məktəbimizin şagirdləri şəhidlərin məzarlarını ziyarət edir, qəbirlərini gül-çiçəyə qərq edirlər.
Məktəbin şagirdləri Şəhidlərin məzarı and yerimizdir, Heç kəs unudulmur, heç kəs yaddan çıxmır, Onlar vətən uğrunda vuruşmuşlar və başqa mövzularda inşalar yazarkən respublikamızın igid, şəhid oğulları ilə yanaşı kəndimizin şəhidlərini də xatırlayırlar.
Noyabrın 19-da S.Abbasov adına Yeniyol kənd tam orta məktəbində tədbir keçirildi. Tədbir, Şəhid Surac Abbasovun anım günü adlanırdı. Tədbirdə müəllim və şagirdlərlə yanaşı, valideynlər, qonaqlar da iştirak edirdi.
Tədbirdə çıxış edən İsmayıllı Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Kamil Dadaşov, şəhidlərin unudulmadığını, daim qəlblərdə yaşayacaqlarını dedi.
Tədbirdə həmçinin məktəb direktoru V.Həmidov, birinci qrup Qarabağ müharibəsi əlili Y.Nemətov, Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Mirzəyeva da çıxış etdilər.
Sonra məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda şəhidlərin ruhların dualar oxundu, tez bir zamanda işğal altında olan torpaqlarımızın azad olunması arzulandı.
Biz inanırıq ki, bu arzu prezidentimiz İlham Əliyevin səyi və düzgün qurulan siyasəti nəticəsində tezliklə reallaşacaq.
Səlahəddin Mirzəyev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!